Kəbə təhlükəsizdirmi ?

Dinə qarşı dinsizlər tərəfindən səsləndirilən iddialardan biri budur ki, “Quranda Kəbənin təhlükəsiz yer olduğu deyilir. Lakin tarixdən də məlumdur ki, Kəbə sel kimi təbii fəlakətlərə məruz qalıb, elə isə Quranda səhv var.”

İddiaya cavab:

Həmin ayə Ali İmran surəsinin 97-ci ayəsidir. Bu ayədə belə deyilir:

ف۪يهِ اٰيَاتٌ بَيِّنَاتٌ مَقَامُ اِبْرٰه۪يمَۚ وَمَنْ دَخَلَهُ كَانَ اٰمِنًاۜ وَلِلّٰهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ اِلَيْهِ سَب۪يلًاۜ وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَم۪ينَ

“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır).”

Göründüyü kimi bu ayədə əmin-amanlıqdan, təhlükəsizlikdən bəhs edilir, ancaq nə cür bir təhlükəsizlik olduğu bildirilməyib. Belə olduqda bu ayədə əmin-amanlıq (təhlükəsizlik) üçün istifadə olunan sözün digər ayələrdə hansı məna bildirdiyinə baxmaq lazımdır. Əgər yoxdursa lüğət mənasına baxılmalıdır.

Bu ayədə istifadə olunan söz ”aminen”dir. Bu söz Quranda 6 dəfə keçir. Buradakı təhlükəsizlik üçün istifadə olunan ”aminen” sözü ilə nəyin nəzərdə tutulduğunu anlamaq üçün aşağıdakı ayələrə baxaq.

Fussilət Surəsi 40: ”Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə TƏHLÜKƏSİZLİK (əmin-amanlıq) içində gələn kimsə?…”

Bu ayədən təhlükəsizlik sözünün hansı mənada istifadə edildiyini çox rahat şəkildə görmək olar. Burada bəhs olunan fiziki bir təhlükəsizlik (əmin-amanlıq) deyil, axirət əmin-amanlığıdır. Kəbəyə gedən Allah rızası üçün gedər və Allah yolunda olan biri təhlükəsizlikdədir. Ölüm və ya hər hansı bir fiziki zərər bu insana heç bir zərər verə bilməz.

Başqa bir ayəyə baxaq: Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) ƏMİN-AMANLIQ (təhlükəsizlik) yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!( İbrahim Surəsi 35.)

Bu ayədə isə təhlükəsizlik (əmin-amanlıq) ifadəsi ilə doğru yolda olma nəzərdə tutulur. Hz. İbrahim Kəbə və ətrafını axirətini qurtarmış olan (təhlükəsizlikdə olan) insanların yurdu olmasını istəyir.

Digər tərəfdən klassik Ərəb dilində bu sözün ”qorxudan qorunma” və ”şərdən qorunma” kimi mənaları var. Gördüyünüz kimi bu söz bir neçə məna bildirir. Bu mənalardan yalnız birinə baxaraq Quranda səhv var demək çox böyük yanlışlıq olar.

Nədən İslam? adlı şəxsin şəkli.

ATEİZM yoxsa DİN ???

Burada üzərində düşünülməsi vacib olan bəzi vacib məqamları qeyd edəcəm və həmin məqamlarda ateizm ilə dinin ictimai-sosial həyatla əlaqədar olan bəzi təlimlərini müqayisə edəcəm, daha dəqiq desək öz prinsiplərinə sadiq qalan ateizmdən doğan təsəvvürlər ilə dindən qaynaqlanan təsəvvürlər arasında bir tutuşdurma edəcəm.

HƏYATIN MƏNASI

Günümüzün ən uca səsli ateistlərinin açdıqları müharibənin qurbanlarından biri də “niyə?” sualıdır. Kainatın, ümumiyyətlə həyatın nə məqsədlə mövcud olduğunu soruşmağı doğru görməyən ateistlər ümumiyyətlə “məqsədlə” bağlı sualları sevmirlər. Krauss ilə Lennox arasındakı radio-şoudakı müzakirənin ilk toqquşma nöqtələrindən biri bu idi. Ateistlərə görə mövcudiyyətin bir məqsədi yoxdur, bizim varlığımızın hər hansı bir mənası yoxdur. Həyat mənasızdır, sadəcə quru fiziki proseslərin əks olunduğu bir səhnədir, heç səhnə də deyildir, sadəcə olaraq təsadüfən ortaya çıxmış müşahidəçilər tərəfindən izlənilən bir mənzərədir.

Din isə “məqsəd” sualına çox böyük əhəmiyyət verir. Dinə görə kainatın, beləliklə də həyatın xüsusi bir mənası vardır. Həyat mənasız deyildir. Mövcudiyyət yaradılışla başlayır və yaradılışın məqsədi vardır. Həmin məqsəd Yaradıcı Allahın muradıdır.
Nəticə budur ki, ateizm həyatı mənadan məhrum etdiyi halda din həyata məna qatır, ona görə də azca dindarlığı olan insan həyatında məna axtarır. Həqiqi ateistlər isə həyatlarında məna axtarmırlar və ümumiyyətlə məna axtarmağı boş vaxt itkisi hesab edirlər.

BƏŞƏRİN DƏYƏRİ

Ateist dünya görüşünə görə insan övladı, eləcə də digər canlılar məqsədsiz, şüursuz fiziki proseslər nəticəsində ortaya çıxmış yan məhsullardır. Sanki laboratoriyada baş vermiş bir partlayış nəticəsində əmələ gəlmiş köpüklü süngər kimidir. Bu təsəvvürə əsasən heç bir insanın fiziki varlıq olaraq xüsusi bir dəyəri yoxdur, hamam böcəyi ilə insan arasındakı dəyər fərqi onların ölçülərindən qaynaqlanan kimyəvi elementlərin miqdarındakı fərqdir. Həyat baxımından bir insanı xilas etmək üçün hamam böcəyini öldürmək doğru deyildir, eləcə də bir hamam böcəyini xilas etmək üçün insanı öldürməkdə ciddi bir problem olmamalıdır. Hər ikisi də canlıdır, hər ikisi də eyni prosesin nəticəsində ortaya çıxmış yan məhsuldur. Üstəlik kainat o qədər böyükdür ki, bizim o böyüklüyün içində əhəmiyyətimiz heç zərrəyə belə dəymir. Carl Sagan’ın dili ilə desək

”biz, insanların sayından çox qalaktikası olan kainatın hansısa unudulmuş bir küncünə dürtülmüş bir qalaktikada mənasız ulduzların arasında itmiş bir planetdə yaşayırıq.”

Ateistin dünyaya baxışı budur. Bəşər övladının mövcudiyyətinin xüsusi bir dəyəri yoxdur.

Din isə bəşər övladına xüsusi bir rol tanıyır. İnsan Tanrının muradı ilə Yer üzündə xəlifə edilib, bütün canlılardan üstün yaradılıb. Onun bir missiyası vardır və çox dəyərli varlıqdır. Din bir şeyin dəyərinin onun ölçülərinə görə ölçülməyəcəyini deyir. Bir şey böyük olduğu üçün daha dəyərli olmaz, ona görə də insanların nəhəng kainatın içində zərrədən də kiçik olmaqları onların dəyərsizliyini göstərməz. Kainatın böyüklüyü insanın Yaradıcısının böyüklüyünə işarədir. İnsan şüuru ilə, yaddaşı ilə, emosiyaları ilə, qəhrəmanlıqları ilə, sevgisi, mərdliyi, comərdliyi ilə nəhəng cansız planetlərdən və ulduzlardan dəyərlidir.

Bir ateist dünya görüşünə görə Yer üzünü dağıdacaq bir silahın düyməsi əlimdə olarsa onu basmaqla kainatda ciddi bir itkiyə səbəb olmayacam. Özüm də daxil olmaqla kainatdan xüsusi bir dəyəri olmayan və yoxluqları heç hiss olunmayan varlıqları mövcudiyyətdən silmiş olacam. Dini dünya görüşünə görə isə belə bir addım kainatı onun ən dəyərli parçasından məhrum etməkdir, kainatı praktiki olaraq mənasız hala gətirməkdir.

İNTİHAR VƏ ÖLÜM PROBLEMİ

Ateist dünya görüşündə həyatda qoyduğun məqsədlərə nail ola bilməmisənsə, nə iş karyerası, nə də gözəl bir ailə qura bilməmisənsə, tamamilə uğursuzluqla üzləşmisənsə o zaman intihar etməyində heç bir problem yoxdur, bəlkə də şərtlərindən asılı olaraq insanın verəcəyi ən doğru qərar hesab olunmalıdır. Cəmiyyətə fayda verə bilmirsənsə nə üçün yük olmalısan, ondansa yaxşısı özünü öldürməyindir. Eyni şəkildə heç kimsəsi olmayan, insanların vergisi hesabı ilə xəstə yatağında yatan xəstələrə nə üçün pul xərcləməliyik ki?! Ateist dünya görüşünə görə ən doğru addım həmin qocanı iztirabından qurtarmaq, beləliklə də cəmiyyəti yükündən azad etməkdir. Ona görə də qarnında daşıdığı uşağı dawn sindromlu olduğunu bildiyi halda abort etməyən anası Richard Dawkins “mənəviyyatsızlıqda” ittiham edir. Ümumiyyətlə onun kimi ateistin nəyin moral, nəyin qeyri-moral olduğunu söyləməsi özü ironiyadır. Amma onun verdiyi cavab tamamilə quru hesab üzərində qurulmuş bir cavabdır, ateist dünya görüşünün məhsuludur.
Dinin baxışı isə tamamilə fərqlidir. İntihara münasibət çox neqativdir. İnsanların uğursuzluq üzündən özlərini öldürməsi bağışlanılmaz hal kimi dəyərləndirilir. Cəmiyyətə yük olan şikəstləri, xəstələri öldürməyi də qınayır, çünki onların insan kimi ölçülməz, biçilməz dəyərə sahib olduqlarını deyir.

Ona görə də Aleksandr Soljeniçin gözəl vurğulayır:

“Əgər bizim xalqın 60 milyon insanını udmuş dağıdıcı İnqilabın ən əsas səbəbini qısa şəkildə ifadə etməyimi məndən istəsələr bundan daha dəqiq ifadə edə bilmərəm: “İnsanlar Allahı unudublar, buna görə də bunların hamısı baş verdi…”

MƏNƏVİ MÜHAKİMƏ

Ateist dünya görüşünə görə mənəviyyat tamamilə subyektivdir, hər bir fərddən kənarda onun üçün mənəvi olaraq nəyin doğru, nəyin xəta olduğunu diktə edəcək bir həqiqət yoxdur, bir mənəvi avtoritet yoxdur. Ona görə də bu gün çirkin qarşıladığımız bir çox əməllər ateist dünya görüşündə tamamilə normal qarşılanması gərəkən əməllərdir. Misal üçün bacı ilə qardaşın, ana ilə oğulun, ata ilə qızın cinsəl əlaqələrini ateist dünya görüşünə görə qadağan etməyin bir əsası yoxdur. İki nəfər bir-birini sevirsə ateistlərə görə bunu qadağan edəcək bir səbəb olmamalıdır. İnsanla heyvan bir-birini sevirsə bir-biriləri ilə cinsi əlaqəyə girə bilərlər, svinqer həyatı sürmək, fahişəlik etmək tamamilə normal hallar ola bilər və bunları mənəvi olaraq mühakimə etmək haqqı heç kimdə yoxdur.

“Əxlaqlı” və “Əxlaqsız”

Dinin buna baxışı isə məlumdur və din insanlar arasındakı münasibəti “əxlaqsız” və “əxlaqlı” olaraq iki hissəyə ayırır. Ona görə də dindar cəmiyyətlərdə bu münasibətlərə məhdudiyyətlər qoyulur. Ateizmin güclü olduğu cəmiyyətlərdə isə bu münasibətlərdə sərbəstliklər vardır. Misal üçün İsveçin Norrköping şəhərində ölkənin ən böyük svinqer klubu fəaliyyət göstərir və bu klubu işlədənlərin məqsədi bu cür cinsəl münasibətləri cəmiyyətdə normallaşdırmaqdır. İronik hal isə budur ki, klubun adını “Adəm və Həvva” qoyublar.

Ateizmin bu baxımdan gətirdiyi nəticələr cəmiyyətlər üçün çox təhlükəlidir. Mənəvi böhran insanlardan insanlığı alaraq onları heyvan dərəcəsinə qədər gətirib çıxarır. İnsanı heyvandan ayıran bəzi xüsusiyyətlər yox edilir; həya, qeyrət anlayışları tamamilə mənasız, əksinə zərərli anlayışlara çevrilirlər. İngilis mütəfəkkir, filosof və siyasi aktivist John Locke (1632-1704) liberalizmin atası kimi tanınır, o, cəmiyyətdə plüralizmin, ictimai tolerantlığın tərəfdarı kimi çıxış edirdi. Bütün fikirlərə qarşı dözümlülük göstərməyə çağırırdı, yalnız bir fikri bundan istisna edirdi: ateizmi. Çünki ona görə ateizm cəmiyyəti bir-biri ilə bağlayıb sıx saxlayan parçanı məhv edir və mənəvi dəyərləri yox edir. Belə bir cəmiyyət fəlakətlərlə üzləşməyə məhkumdur.

Mənbə: yazı https://beyyine.net/ saytından götürülmüşdür.

“Nəhəng kainatdakı kiçik insanlara din göndərmək Yaradanın nəyinə gərəkdir?” iddiasına cavab

Dinə qarşı ateist və dinsizlərin ən çox səsləndirdikləri iddialardan biri də budur ki, kainatımız həddən artıq böyükdür və bu nəhəng kainatda bizim Günəş sistemi, hətta içində yaşadığımız Yer planeti və insanoğlu fiziki ölçülərinə görə çox-çox kiçikdir. Hətta insanoğlu kainatın fiziki ölçüləri ilə müqayisədə bəlkə zərrədən də kiçik və önəmsizdir. Yəni bu iddianın təməlində duran əsas fikir ondan ibarətdir ki, ucsuz-bucaqsız kainatda milyardlarla irili-xırdalı ulduz və planetlər mövcud olduğu halda kiçicik bir Yer planetində yaşayan zərrə boyda insanlara din, kitab və peyğəmbər göndərərək onlara ilahi hökmlər qoymaq, yaşam qaydaları öyrətmək uca Yaradanın nəyinə gərəkdir?

CAVAB: Fəlsəfədə bir şeyin böyüklüyü ilə onun önəmi arasında heç bir məntiqi əlaqə qurulmur. Əslində hamımız bunun fərqindəyik ki, bir şeyi önəmli və ya önəmsiz edən onun böyüklüyü və ya kiçikliyi yox, ətraf mühütə verdiyi töhfədir. Necə ki, bir magnit parçası özündən 10 qat böyük olan metal parçasına təsir edə bildiyi üçün həmin metal parçasından daha dəyərlidir . Kiçikliyin önəmsizlik olmadığının hamı fərqindədir, eynən balaca bir almaz daşının nəhəng bir qaya parçasından önəmli olmağı kimi.
Başqa misal daha verək :
Səhradakı bir toz dənəsini önəmsiz edən onun kiçikliyi yox, səhraya ciddi anlamda təsir edə bilməməsidir. Əgər həmin toz dənəsinin kütlə çəkim qüvvəsi güclü olsaydı və magnit kimi səhradaki bütün tozları özünə çəkib parçalanmamaq üzrə bir arada tuta bilsəydi, həmin toz dənəsi səhranın özündən belə daha önəmli olardı.

Və ya qara dəlikləri ələ alaq. Qara dəliklərin kökündə bir qənd parçası böyüklüyündə, yəni çox kiçik bir maddə durur, amma həmin maddə sonsuz cazibə gücünə sahibdir və ətrafındakı hər şeyi özünə çəkərək molekullara parçalayır, fiziki ölçüsünə görə dəfələrlə kiçik bu qənd parçasını Yer planetinin üzərinə atsaydılar, Yer planetini udub keçəcəyini bilirdinizmi ?

Bəli, fiziki ölçü baxımından müqayisədə insan kainatda həqiqətən də zərrədən də kiçikdir. Lakin qeyd etdiyimiz kimi fiziki kiçiklik heç də insanı əhəmiyyətsiz etməz. İnsan kainatda mövcud olan digər bir çox məxluqatdan, canlı və cansızlardan daha üstün və dəyərlidir. Çünki öz fiziki ölçüsünün kiçikliyindən asılı olmayaraq insanoğlu böyük bir potensiala sahibdir və bunun əsasında insanın əqli qabiliyyəti və iradəsi durur. Əgər söhbət ateistlərin dediyi kimi sırf fiziki ölçüdən gedirsə, onda xırda bir brilliyant daşı özündən qat-qat nəhəng bir qaya parçasından daha artıq dəyərlidir. Kiçik insanın nəhəng kainatdakı dəyəri də bax belədir. Önəmli olan fiziki ölçü deyil.

Nəhəng kainatda kiçik insana dəyər qazandıran meyar onun fiziki ölçüsü yox, fiziki ölçüdən qat-qat daha vacib olan ağıl, dərrakə və iradə sahibi olmasıdır. İnsanoğlu öz iradə və zehni qabiliyyətlərindən istifadə edərək ulduzları, qalaktikaları, bütövlükdə kainatı, kosmik prosesləri araşdırır, insanı əhatə edən təbiəti, digər canlı və cansız bütün təbii ünsürləri öyrənir. İnsan sahib olduğu zehni potensial sayəsində okeanın dərinliklərinə enir, fəzaya kosmik gəmilər göndərir, milyonlarla fərqli elmi ixtiralara imza atır və s.

İndi özümüzə sual verək:
– Məgər isanoğlunun etdikləri bu fəaliyyətləri, elmi ixtiraları nəhəng bir ulduz edə bilərmi? Xeyr.
– Ən nəhəng bir planet və ya hər hansı başqa səma cismi insanın malik olduğu bu cür qeyri-adi düşünmə potensialına sahibdirmi? Xeyr.

Çünki ulduzlar yaxud planetlər insandan qat-qat nəhəng olsalar da, şüur, düşüncə, iradə sahibi deyillər. Düşünmək, təfəkkür edə bilmək, qərar vermək, plan cızmaq, araşdırmaq və öyrənmək məxluqat içində yalnız insanoğluna verilmiş böyük bir üstünlükdür.
Məsələn, “Sizin üçün Enşteyn və ya Nyuton kimi dahi alimlər daha önəmlidir yoxsa 7000 metr hündürlüyə malik nəhəng qaya parçası?” desək, ağlı başında olan hər kəs Enşteyn və Nyuton cavabını verər, çünkü bu iki alim şüurlu və elmli varlıqlardır. Həmin nəhəng qaya parçaları özlərinin nə olduğunu belə bilmədiyi halda Nyuton və Enştetn kimi alimlər öz balaca beynləriylə kainatı və miyonlarla işıq ili uzaqlıqdakı qalaktikaları araşdıran, aya və digər planetlərə peyklər göndərən və milyonlarla qalaktikalardan ibarət olan kainatın ortaya çıxması haqqında elmi nəzəriyyələr ortaya atan varlıqlardır, ancaq yenə də onlar nəhəng bir qaya parçasından ölçücə çox kiçikdirlər.
Və ya bir anaya gedib uşağının kosmik ölçüdə bir toz zərrəsi qədər kiçik olduğu üçün dəyərsiz olduğunu deməyə çalışın, həmin Ana sizin dəli olduğunuzu fikirləşəcək, çünkü o ana üçün uşağının kiçik bir təbəssümü dünyadan daha dəyərli və əzizdir.

Deməli, şüur sahibi olan insan fiziki cəhətdən özündən qat-qat nəhəng olan şüursuz ulduzlardan, planetlərdən, qalaktikalardan çox-çox daha dəyərli və üstün varlıqdır. Nəhəng ulduzlardan fərqli olaraq insan həm də azad iradə sahibidir, nəyi necə edəcəyinə özü qərar verir.
Məhz, buna görə də Allah Təala (c.c) öz yaratdıqları içində ən çox insana dəyər verir və Qurani-Kərimdə buyurur:
(17 – İSRÂ) الإسراء / 70- Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.

Nəticə olaraq deyə bilərik ki, ateist və dinsizlərin ortaya atdıqları iddia çox səhvdir. Ateistlərə görə insan kainatda fiziki olaraq çox kiçik olduğu üçün bəlkə də əhəmiyyətsiz varlıq kimi görünə bilər. Lakin əgər söhbət fiziki ölçüdən gedirsə, fiziki ölçüsünə görə bir balinanın beyni insan beynindən dəfələrlə böyükdür. Məgər bu o deməkdir ki, balina beyni insan beynindən daha dəyərlidir? Yoxsa balinalar insandan daha ağıllıdır?
Demək ki, fiziki ölçünün böyüklüyü əsas deyil və insanın kainatdakı fiziki ölçüsünün kiçikliyi onun dəyərini əsla azaltmaz. Məhz, buna görə də “Allah niyə bu boyda nəhəng kainatda milyardlarla nəhəng qalaktikaların içindən zərrə qədər kiçik bir planeti seçib orda yaşayan insana kitab, din göndərdi?” demək son dərəcə absurd səslənir. Ona görə ki, fiziki ölçü bir dəyər vahidi və ya kefiyyət meyarı deyil. Nəhəng kainatda kiçik canlı olmaq insanın kainatdakı dəyərini və əhəmiyyətini azaltmır. Bu baxımdan Allah Təalanın insanlara din, kitab, peyğəmbər, ilahi hökmlər göndərməsi heç də təəccüblü deyil.

Uşaqlara dini öyrətməklə bağlı ateist iddiaya cavab

IMG_6099

Yaxınlarda internetdə belə bir sorğu ilə qarşılaşdım: “Sizcə uşaqlara din öyrədilməlidirmi, yoxsa onlar yetkinlik yaşına çatdığında özləri seçim etməlidirlər?” Şübhəsiz ki, kommentlərdə bəzi ağıllılar: “Əlbəttə özləri seçim etməlidirlər, o nə əskilərdir bağlayırsız uşaqlara”, “Uşağa dini inancı sırımaq olmaz, qoy böyüsün o zaman istəyərsə Papua nyu-qvineyanın dinini seçsin” və ya buna oxşar kommentlər yazırlar.

Belə insanlara çox sadə bir cavab vermək olar: “Sən ümumiyyətlə uşağına tərbiyə verirsən? Nəyin doğru nəyin pis olduğunu başa salırsan? Misal üçün aldatmağın, xəyanətin, insanların haqlarının tapdalamağın, insan öldürməyin, biraz böyüyəndə isə homoseksuallığın və evlilikdən öncəki cinsi münasibətlərin pis bir şey olduğunu (təəssüflər olsun ki, son iki misal axır zamanlar vətənimizdə belə normallaşmağa başlayıb) deyirsən? Doğruluğun, insanlara yardımın və mərhəmətin yaxşı bir şey olduğunu öyrədirsən? və ya uşağını boş buraxırsan, bəlkə böyüyəndə əslində insanları qətl etməyin yaxşı bir şey olduğu qənaətinə gəlsin və öz seçiminə görə əməl etsin?”
Şübhəsiz ki, ağıl sahibi bu məsələyə müsbət cavab verməz, əksinə uşağına nəyin doğru, nəyin isə yanlış olduğunu öyrətdiyini deyər. Əgər “nəyə görə öyrədirsən” sualını versək iki cavab ehtimalı var: ya bu əməllərin özü özlüyündə doğru və ya yanlış olduğuna görə belə edir, və ya gələcəkdə bu əməlləri icra etdikdə cəza görə biləcəyindən dolayı uşağını qorumaq üçün belə edir (məsələn adam öldürərsə həyatının qalan hissəsini həbsxanada keçirə bilər).

Bu cavabı aldıqdan sonra biz deyəcəyik ki, biz də uşaqlarımıza İslam dinini sırf bu səbəblərdən dolayı öyrədirik. İlk növbədə biz inanırıq ki, Allah ibadətə layiq olan yeganə həqiqi ilahdır, bütün təzimlər və ibadət növləri sadəcə Ona aid olmalıdır. Necə ki, siz adam öldürməyi doğru bir şey saymırsız, biz də Allahdan başqasına ibadət etməyi doğru saymırıq, hətta deyirik ki, adam öldürmək bir insanın haqqına girməkdir, Allahdan qeyrisinə ibadət etmək isə o insanın Yaradanın haqqına girməsidir və Yaradanın haqqı insan haqqından daha böyükdür. Sırf buna görə də biz uşaqlarımıza doğru olanı (Allaha ibadət) öyrədir, doğru olmayandan isə (digər ilahlara ibadət) çəkindiririk. Burda qəribə nə var ki?
Dİgər baxış nöqtəsindən baxdığımızda isə, biz inanırıq ki, İslam dinində olmayan kafirlərin cəzası əbədi cəhənnəmdir. Siz uşağınız türmələrdə çürüməsin deyə ona insan qətlinin pis olduğunu öyrətdiyiniz kimi, biz də uşaqlarımız əbədi cəhənnəm sakinləri olmamaları üçün onlara dinlərini öyrədirik.
Əslində cavab bu qədər bəsitdir. Lakin bir çox insan bunu anlamır. Səbəbi isə bizə sırıdılan inanclardır. Homoseksualların hüquqları bizə danılmaz insan haqları kimi sunulur, lakin Yaradıcının haqqının o qədər hörməti yoxdur. Din seçmək, dindən dinə keçmək sadəcə maşın dəyişdirmək kimi bir zövq məsələsinə çevrilib. Demək istəyirlər ki, siz uşağınıza almanı deyil də armudu sevməyi öyrətmədiyiniz kimi, bu dini deyil digər dini seçməlisən deməməlisiniz. Əslində isə bu, sadəcə qərbin bizi inandırmaq istədiyi bir yalandır: din önəmli deyil, ikinci dərəcəli bir şeydir.

Allahsız həyatın mənası yoxdur

Amerikalı anropoloq, filosof, təbiət elmləri barəsində kitab yazarı Loren Eiseley (1907-1977) “The Saturday Review” jurnalının 1974-cü il, 23 fevral buraxılışında maraqlı bir məqalə dərc edib. “Kosmik Yetim” adlanan bu məqalədə Loren Eiseley insaniyyət üçün önəmli olan bir halı çox bədii şəkildə oxucularına çatdırır.

“Mən, bir kəsin “mən kiməm?”, “mən nə üçün buradayam?”, “mənim varlığımın mahiyyəti nədir?”, “böyümək nə deməkdir?”, “dünya nədir?”, “nə qədər burada yaşayacam?”, “görəsən sonra mənə nə olacaq” suallarını verməyə başladığı o qeyri-müəyyən, lakin önəmli yaşda bir gənc olduqda kiçik yoldaşımla çay üzərindən keçən körpünün üstündə tez-tez gəzərdim. Körpünün hissələri arasından təxminən on beş metr aşağıdakı parıltılı su səthini görmək olurdu. O halda valideynlərimizin haqqında xəbərdarlıq etdikləri təhlükəli bir işi görürdük. O qara körpünün üstündə tutulsaydın heç də yaxşı olmazdı. Orada çox faciəvi bir şey, ölüm adlanan bir şey baş verə bilərdi.”

Loren bu sözləri ilə məqaləsinə başlayır. İki nöqtəyə diqqət çəkir; İnsanların daim axtarışda olmasına və ölümdən çəkinməsinə. Məqalənin adı da maraqlıdır: “Kosmik Yetim”. Bunu atası ilə uşaqlıqda etdiyi söhbətindən xatırlayırdı. Atasına insanların bura necə gəldiyini soruşduqda atası ona insanları yetim olaraq vəsf etmişdi: “Bir vaxtlar kasıb bir yetim var idi ki, ona necə yaşamağı, özünü necə aparmağı öyrədən heç kim yox idi. Bəzən ona heyvanlar, bəzən də fövqəl-təbii varlıqlar kömək etdilər. Lakin hər şeydən öncə bir şey aşkar idi; Yer kürəsinin digər sakinlərindən fərqli olaraq ona birilərinin kömək etməsi lazım idi. O öz yerini bilmirdi, onu tapması lazım idi. Bəzən təkəbbürlü idi, ona görə də təvazökarlığı öyrənməli idi, bəzən qorxaq idi, ona kimsə cəsurluğu öyrətməli idi…” Lorenin atası insanın necə yetim olduğunu ona izah edirdi. Loren daha sonra bu düşüncələrini böyükdükdən sonra da davam etdirdi. Ona görə biz sadəcə təbiətdə yetim varlıqlar deyilik, ümumiyyətlə kosmosda yetim olan varlıqlarıq. İnsan kainatda yeganə varlıqdır ki, “mən kiməm?”, “mən burada nə edirəm?”, “mənim sonum nə olacaq” suallarını verib durur. İntibah dövründən, yəni dinlərin cəmiyyətlərdən sıxışdırılıb çıxarılmağa başlandığı zamandan bəri insanlar bu suallara Allah məfhumunu unudaraq cavab tapmağa çalışırlar. Allahı bu suallarla bağlamaq istəməyənlər axtardıqları və tapdıqlarını güman etdikləri cavablar ilə sevinmədilər, əksinə aldıqları cavablar çox üzücü və faciəvi idi. “Sən, ey insan, təbii proseslərin təsadüfü törətdiyi kənar bir məhsulsan, maddə, vaxt və təsadüfün cəmindən əmələ gəlmiş bir məhsulsan. Sənin mövcud olmağının heç bir məqsədi/mahiyyəti yoxdur. Sənin bütün inancın/imanın ölüdür.”

Müasir avropalı insan Allahdan “qurtulduqdan” sonra ona təzyiq edən, onu əsarətə salan hər bir şeydən qurtulduğunu güman edirdi. Əksinə “ilah” məfhumunu öldürməklə özünü də öldürdüyünü dərk etdi, çünki əgər Allah yoxdursa o zaman insanın həyatı mənasız olur.

Əgər Allah mövcud deyilsə o zaman insan və bütün kainat ölümə məhkumdur. İnsan da digər bioloji varlıqlar kimi mütləq ölməlidir. Ölümsüzlük, əbədilik ümüdü yoxdur, insanın həyatı onu sadəcə və sadəcə qəbirə götürür. İnsanın həyatı qaranlıq zülmətdə ani çıxan bir qığılcım kimidir, anidən parıldayır, işıq saçır və həmişəlik solub gedir. Ona görə də hər bir fərd “mövcud olmamaq təhlükəsi” ilə üzbəüz gəlir. Bu gün var olduğumu, yaşadığımı bildiyim halda nə zamansa var olmayacağımı, yaşamayacağımı bilirəm.

Uşaq zamanında pak kimliyimiz ölüm reallığını qəbul etmir, çünki fitrətimizə ziddir, fitrətimiz əbədiyyat tələb edir. Lakin allahsız insanlar böyüdükcə bu “reallıqla” barışırlar. Ölüb yox olmağı qəbul edirlər, özlərini buna alışdırırlar. Lakin təhrif olunmamış uşaq saflığı bunu qəbul edə bilmir. Fransız filosofu Jean-Paul Sartre bununla bağlı deyir ki, “ədəbiyyatı itirdikdən sonra sənin üçün bir neçə saat ilə bir neçə il arasında fərq qalmır.”

Yox olmaq təhlükəsi sadəcə hər bir fərdi ayrıca təhdid etmir. Bütün bəşəriyyət bu qaçınılmaz sonluğa doğru gedir. Müasir elmin vardığı ən son nəticəyə görə kainat genişlənir və genişləndikcə soyuqlaşır və enerjisi səpələnir, yayılır. Sonunda bütün ulduzlar yanıb qurtaracaq və sönəcəklər, bəşəriyyət məhv olub gedəcək. Bəşəriyyət üçün bir qurtuluş axtarmaq mənasızdır, çünki bəşəriyyətin ölümünə doğru inanılmaz sürətlə genişlənən bu nəhəng kainatı durdurmaq imkansızdır. O zaman sadəcə olaraq insanlar ayrı-ayrılıqda yox, bir varlıq olaraq yox olmaqla üz-üzə durublar.

Əgər Allah yoxdursa o zaman bu həyat tamamilə mənasızdır. Bu, ölümə məhkum olunmuş məhbuslar kimi edam olunmağı gözləməyə bənzəyir. O zaman bizim bu yaşadığımız həyatın önəmli bir dəyəri yoxdur, bir məqsədi yoxdur. “Önəmli olan özündən sonra ad buraxmaqdır”, “önəmli olan tarixə düşməkdir” şəklində təsəlli üçün istifadə olunan sözlər də əslində absurd görünür, çünki əgər bəşəriyyət məhv olacaqsa, heç bir canlı qalmayacaqsa o zaman tarix də olmayacaq. O zaman ümumiyyətlə nəyinsə kainatda var olmasının bir mənası qalmayacaq. Başqa sözlə kainatın və canlıların ümumiyyətlə əmələ gəlməsi ilə əmələ gəlməməsi arasında heç bir fərq qalmır.

Allahsız həyatın bir mənası yoxdur. Allahsız həyat absurddur!

Mənə Allahdan danış

ALLAHI NİYƏ GÖRMÜRƏM?

Allahı görmək istəyirsən? Heç çəkinmə! “Bəli, mən Allahı görmək istəyirəm!”- de. Sənin istəyini başa düşürəm. Sənə haqq verirəm. Çünki, mən də Allahı görmək istəyirəm.

Parlaq Günəşi göydən çıraq kimi asan Allahı mən də tanımaq istəyirəm.

Qaranlıq gecəni Ay və ulduzlarla aydınladıb bəzəyən Allahı kim görmək istəməz?!

Planetimiz Yerə bir bax! Nəhəng bir top kimi fəzada durur. Xeyr, xeyr, səhv dedim. Durmur, Günəşin ətrafında fırlanır. Həm də öz ətrafında dövr edir. Özü də çox sürətlə… Həqiqətən, mən də Yer planetini səma boşluğunda fırladan Allahı görmək istəyirəm.

Dünyanın üstünü mavi bir səma ilə örtən Allahı kim tanımaq istəməz?!

Nəhəng buludları mavi səmada gəmi kimi üzdürən, üstəlik, o iri buludlarla göllər, dənizlər qədər su saxlayan Allahı tanımaq, bilmək arzusu kimin ürəyindən keçməz?!

Buludlardan damcı-damcı yağış yağdıran, bir-birindən fərqli saysız-hesabsız qar dənələrini yaradan Allahı tanımaq və görmək istəyirsənsə, burada qəribə nə var?!

Ağaclara bir bax! Kökləri ilə palçıqlı suyu içir, amma bal kimi gilaslar, şipşirin almalar, ləziz armudlar, turşməzə limonlar, meyxoş narlar yetirir.

Bütün bunları yaradan Allahı görməyi kim arzu etməz?!

Sual verirsən ki, “ALLAHI NİYƏ GÖRMÜRƏM?!” Haqlısan. Onu görmək istəməkdə yerdən göyəcən haqqın var.

Səni başa düşürəm.

Mən də Allahı görmək istəyirəm. Onu daha çox tanımaq və daha çox sevmək istəyirəm.

Çiçəklərə bir bax! Laləyə, bənövşəyə, qərənfilə, qızılgülə bir bax.

Bir-birindən gözəl, rəngarəng, ətirli çiçəkləri yaradan Allahı tanımaq və görmək sənin haqqındır.

Az qala unutmuşdum!

Ağacların budaqlarında civildəyən sərçələrə bax! Leyləkləri düşün! Parkda dən tökdüyün göyərçinləri fikirləş.

Gözlərini yum və tanıdığın bütün quşları gözünün önündə canlandır. Gör nə gözəl qanad çırpırlar. Havada necə məharətlə süzürlər?!

Nə gözəl səsləri var!

Nə gözəl lələkləri var!

Nə gözəl yuva qururlar.

Balalarını necə şəfqətlə yemləyirlər!

Bu quşları yaradan, onlara sivri dimdiklər, mükəmməl qanadlar, iti caynaqlar və gözəl səs verən Allahı hər şeydən, hər kəsdən çox tanımaq istəyirəm. Sən də mənim kimi görmək istəyirsən və “Niyə görmürəm?”-deyə soruşursan.

Haqlısan, çox haqlısan. İkimiz də haqlıyıq.

Sən balaca bir hüceyrə idin. Sonra bu hüceyrə ana bətnində bölünərək çoxaldı. Böyüdü, böyüdü və beləcə, sən dünyaya gəldin. Səncə, bu möcüzə deyilmi?

Əllərin, barmaqların, üzün, gözlərin, ağzın, dilin, qulaqların, saçların və qaşların bu bircə hüceyrədən əmələ gəldi.

Zahirən sadə görünən bu işlər, əslində, o qədər qarışıq, o qədər mürəkkəbdir ki?!

Ürəyin, ağciyərlərin, böyrəklərin, beynin və digər orqanların öz yerinə qoyuldu və işləməyə başladı. İndi sən Allahı tanımaq istəyirsən və: “MƏNİ VƏ KAİNATI YARADAN ALLAHI NİYƏ GÖRMÜRƏM?”-deyirsən.

Haqlısan, çox haqlısan.

Sənə izah etməyə çalışacağım, amma əvvəlcə sənə bir şeyi xatırlatmalıyam. Səbirli ol və məni axıracan dinlə.

Çünki, bu sualın cavabı elə də asan deyil.

Unutma ki, çətin sualların cavabı da uzun olur.

HƏR ŞEYİN SƏRHƏDİ VAR

Hər şeyin bir sərhədi vardır. Məsələn, sən ən çox neçə kiloqram yük qaldıra bilərsən? Deyək ki, iyirmi, iyirmi beş və ya otuz… Amma yüz kiloluq yükü heç vaxt qaldıra bilməzsən. İki yüz kiloluq yükü isə heç vaxt… Çünki, qollarındakı və bədənindəki əzələlərin ancaq müəyyən qədər yük qaldırmağa gücü çatır. Ondan artığını qaldıra bilməzsən. Qaldırmaq istəsən, ya əl-ayağın sınar, ya da yükün altında qalıb əzilərsən.

Qulaqlarına da bir sərhəd qoyulmuşdur. Sinifdəki müəllimin səsini eşidirsən. Ancaq qonşu otaqda vurmanı izah edən müəllimənin səsini eşitmirsən.

Səsin də bir sərhədi var. Var gücünü toplayıb qışqır, kənddə yaşayan nənən səsini eşitməz. Danışmaq istəyirsənsə, ya zəng etməlisən, ya da kəndə getməlisən. Yaxud da nənən sizə gəlməlidir.

Ayaqlarına baxaq!

Sürətin nə qədərdir?

Bəbirə çata bilərsən?

Ayaqlarının sürətinə də hədd qoyulmuşdur.

İstər sürətli qaç, istər yavaş addımla, fərqi yoxdur, əvvəl-axır yorulub dayanacaqsan.

Bir dəfəyə neçə stəkan su içə bilərsən? İki və ya üç…
Çünki, mədənin də bir tutumu var.

İndi sualıma cavab ver: “ÜÇ VUR BEŞ, NEÇƏ EDİR?”

Yaxşı, yaxşı gülmə! Bilirəm, asan sualdır.
Yaxşı onda bu suala cavab ver:

2134594 × 777 =?

NƏ OLDU?!

Kalkulyator olmasa, çətin hesablayarsan. Eybi yoxdur. AXI AĞILIN DA BİR SƏRHƏDİ VAR.

Bəzi şeyləri asan anlayırsan.

Bəzi suallara o saat cavab verirsən.

Bəzi məsələləri o dəqiqə başa düşmürsən. Hər suala dərhal cavab verə bilmirsən.

Bəzi şeyləri heç vaxt özün öyrənə bilməzsən.

Bilənlərdən soruşmalısan mütləq. Bəzi şeyləri isə ömür boyu dərk etməyəcəksən. Dediyim kimi, ağılın da bir sərhədi var.

Düz tapdın, növbə çatdı gözlərinə.

Səncə, onların da sərhədi var?

Hər istədiyini görə bilərsən?

Əslində, gözlərin gördükləri ilə görmədiklərini müqayisə etsək, deyərsən ki, insan məgər kor imiş.

Qəribə baxma, həqiqətən, elədir!

Elmi hesablamalara görə, yaşadığımız kainatın radiusu təxminən 15 milyard işıq ilinə bərabərdir.

Gördüyün kimi, kainat çox böyükdür. Ancaq onun böyüklüyünü qavramaq olduqca çətin məsələdir.

Radiusu 15 milyard işıq ili olan kainatımızın 70%-ini gözlə görə bilmirik. Ona görə də alimlər bu 70%-ə “qara enerji” adını veriblər.

Yerdə qalan 30 %-in 25%-i “qara maddə”dir. Biz insanlar bu “qara maddə”ni də görə bilmirik.

Yerdə qaldı 5%.

Hal-hazırda insanın gördükləri bu 5%-in içindədir.

“Nə yaxşı” deməyə tələsmə!

Çünki insan 5%-ə daxil olan cisimlərin də hamısını görmür. Biz 5%-in yalnız kiçik bir hissəsini görürük.

Qeyd etdiyimiz kimi, insan gördükləri ilə görmədiklərini müqayisə etsə, özünü kor sanar.

Qısası, gözümüzün gördükləri kainatla müqayisədə yerdə gəzən qarışqanın bir ayaq izindən kiçikdir.

Madam ki, yaşadığımız kainatı belə düz-əməlli görə bilmirik. O HALDA BƏS BU KAİNATI YARADAN VƏ YARATDIĞI HEÇ BİR MƏXLUQA BƏNZƏMƏYƏN ALLAHI NECƏ GÖRƏ BİLƏRİK? SƏNCƏ, BU, MÜMKÜNDÜR?

Davamı növbəti yazımızda…

Mənəvi dəyərlər arqumenti haqqında ateist iddiaya cavab

Ateistlər tərəfindən mənəvi dəyərlərin əsası kimi daha çox istifadə edilən alternativ isə təkamül nəzəriyyəsidir. Bu prinsipə görə, təbii seleksiya nəticəsində insanlarda insan cinsinin qorunması və genlərinin gələcək nəsillərə ötürülməsi üçün ən əlverişli davranış şəkilləri onların mənəvi dəyərlərinə çevrilib. Qısacası, Stalin ilə Tereza Ana arasındakı fərq sadəcə və sadəcə genlərin və xromosomların tərtibidir. Amma biz sırf genlərinə görə Stalini pis adam adlandıra bilərik mi? Bu prinspin bir neçə ciddi zəifliyi var:

1. İlk növbədə təkamül nəzəriyyəsinin mənəvi dəyərləri formalaşdırması intuisiyaya ziddir. Bəli, deyə bilərlər ki, mənəvi dəyərlərin bir hissəsi, misal üçün insest, canlılar arasında mənfi nəticələrə gətirdiyi üçün təkamül nəticəsində tabu olub. Lakin mənəvi dəyərlərin bir hissəsi belə deyil. Biz hamımız bilirik ki, ananın öz həyatını balası üçün fəda verməsi gözəl və intuitiv bir şeydir. Lakin təbii seleksiyanın qaydası heyvanların özlərini qoruması və həyatlarını davam etdirmələridir. Nəyə görə ana öz canından keçməlidir ki, başqa bir can yaşasın? Təbii seleksiyanın qaydası odur ki, canlı ilk növbədə özünü düşünməlidir. Dişi aslan yeməyə bir şey tapmayanda öz balaların yeyir. Əgər insan sadəcə inkişaf etmiş heyvandırsa, nəyə görə insan belə edə bilməz? Üstəlik Adolf Hitler yahudilərə qarşı soyqırım təşkil edəndə insan cinsinin daha da inkişaf etməsinə, güclülərin sağ qalıb öz genlərini gələcək nəsillərə ötürməsini əsas alırdı. Mayn Kampf kitabını oxuyan, Hitlerin necə də Darvinin nəzəriyyəsindən təsirləndiyini görə bilər.

2. Təkamülün obyektiv mənəvi dəyərlərin əsası olması üçün üzləşdiyi ən böyük problem isə, təkamülün daim dəyişikliyə uğramasıdır. Biz bilirik ki, təkamül nəzəriyyəsinə görə, canlılar dəyişən təbii şəraitlərə daim adaptasiya olaraq sağ qalmağa çalışırlar. Bu o deməkdir ki, teoritik olaraq, bizim bu gün obyektiv şər hesab etdiyimiz hər hansı bir şey, misal üçün zorakılıq, keçmişdə müəyyən şərtlər altında doğru bir şey ola bilərdi, və ya gələcəkdə nə zamansa doğru ola bilər. Həmçinin ola bilər ki, öz yaşamını təmin etmək üçün insan öz balasını öldürməli olsun. Bu prinsipə əsasən, o zaman biz bu əməlləri şər adlandıra bilmərik. Lakin biz dedik ki, obyektiv dəyərlər vaxt və məkandan asılı deyil. Hər bir insan bilir ki, nə zorakılıq nə də balaca uşaq öldürmək doğru bir şey ola bilməz. Beləliklə, təkamül obyektiv mənəvi dəyər və öhdəliklərin əsasını təşkil edə bilməz. Bu prinsipə əsasən biz heç bir zaman müəyyən qrup insanlarda mövcüd olan və bizim mənəviyatsızlıq hesab etdiyimiz əməlləri qınaya bilmərik. Misal üçün, pedofiliya ilə məşğul olan bir qrup insan bunu təbii seleksiyanın nəticəsi olaraq izah edə bilər.

3. Bu prinsipin qarşılaşdığı üçüncü problem təkamülün izahedici xarakter daşımasıdır. Təkamül nəzəriyyəsinə görə, insan müəyyən funksiyaları müəyyən səbəblərə görə əldə edib. Lakin mənəvi qanunlar izahedici xarakter daşımır, onlar əmiranə xarakter daşıyır. Bu yöndən, təkamül nəyə görə yəhudilərin soyqırımının bu vaxta qədər insan növü üçün mənfi rol oynayacağını izah edir, lakin gələcəkdə insan növü üçün nəyin xeyir olacağını izah edə bilmir. Ona görə də, bu prinsipə əsasən, biz Hitlerin yəhudiləri öldürməməlidir deyə bilmərik, çünki gələcəkdə bunun nə nəticə verəcəyindən bixəbərik.

Məsələnin ironik tərəfi isə odur ki, əgər ateizm doğru bir şeydirsə, və obyektiv mənəvi dəyərlərin mənbəsi təkamüldürsə, o zaman insanlar nəyə görə mənəvi həyat yaşamalıdırlar? Əgər müəyyən qədər gücü olan insan bu mənəvi dəyərlərə qarşı çıxar, və istədiyi həyatı yaşayarsa, bunu nəyə görə etməməlidir? Həyat qəbirdə bitəcəksə Stalin, Hitler, Pol Pot, Kim İr Sen və əlləri milyonlarca insanın qanına bulaşmış digər diktatorlar nəyə görə öz rifahı və sağ qalmasını təmin etmək üçün insan öldürə bilməzdi? Ateizm buna cavab verə bilməz. Qeyd etdiyimiz bütün insanların ateist olması da diqqətimizdən qaçmamalıdır.

Deyilə bilər ki, son tədqiqatlar heyvanlarda rudimentar mənəvi dəyərlərin mövcudluğunu göstərir. Aparılan sınaqda bir qrup şimpanze öz bananlarını qrup ilə bölüşdürmək istəməyən şimpanzeni yeməkdən məhrum edərək “cəzalandırır”. Şimpanzelərin bu cür davranışı onlarda mövcud olan rudimentar mənəvi dəyərlər ilə əlaqələndirilir.
Bu dəyərləndirmədə bir neçə problem var. İlk növbədə burada mənəvi dəyərlər sadəcə xarici davranış ilə sınırlandırılmışdır. Şimpanzelərin bu davranışı sadəcə və sadəcə bu halda daha yaxşı sağ qaldıqları ilə izah oluna bilər. Lakin bu heç cür bu şimpanzenin öz yeməyini bölüşdürməyə borclu olduğunu, etmədiyi təqdirdə isə mənəviyyatsız davrandığını bizə göstərmir.
Mənəvi dəyərlər sadəcə xarici davranışı deyil, əksinə niyyət və motivi də ehtiva edir. Misal üçün bilmədən yaşlı xanımı itələyən ilə bunu qəsdən edən arasında fərq var. Biz adətən birinci halda olanı günahlandırmasaq da, ikincisinin əməlini mənəviyatsızlıq hesab edirik. Üstəlik motiv də önəmlidir. Yaşlı xanımı qatarın altına düşməkdən xilas etmək üçün qəsdən itələyən insan mənəvi cəhətdən pis bir şey etməmişdir. Qeyd olunan hallarda xarici davranış eynidir, lakin niyyət və motivə görə əməl ya mənəvi cəhətdən doğru ya da səhv olur. Bəzən isə bir insan heç bir əməl etmədən də mənəviyyatsız ola bilir: insanlara qarşı şər düşünmüş, lakin bunu yerinə yetirməyə gücü çatmayan birisi buna misal ola bilər.

Bütün bunlar bizə göstərir ki, mənəviyyat sadəcə xarici davranışdan ibarət deyil, və sadəcə xarici davranışla izah oluna bilməz. Buna görə də şimpanzenin bu cür hərəkətini mənəviyatsızlıq adlandırmaq doğru deyil.

Mənəvi dəyərlər arqumenti – Allahın varlığı

Mənəvi dəyərlər arqumenti Yaradıcının obyektiv mənəvi dəyərlər və öhdəliklər üçün yeganə ontoloji əsas ola biləcəyini irəli sürərək Onun varlığını isbat etməyə çalışır. Bu arqument aşağıdakı kimi təqdim oluna bilər:

1. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
2. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur.
3. Beləliklə, Yaradıcı mövcuddur.

İlk öncədən obyektiv dəyərlər ilə nəyi qəsd etdiyimizi izah edək. Obyektiv mənəvi dəyərlər ilə biz zamandan və məkandan, insanların istəkləri və seçimlərindən asılı olmayan, daima doğru olan dəyərləri və öhdəlikləri qəsd edirik. Bu dəyərlərə zidd əməl etmək isə obyektiv şərdir. Misal üçün, İslamdan əvvəlki ərəb cəmiyyətində qız uşaqlarını dir-diri basdırmaq adət halını almışdı. Lakin biz hamımız bilirik ki, bu nə o zaman nə də bizim dövrümüzdə, nə də heç bir vaxt doğru bir şey ola bilməz. Hətta bu adət bütün dünyada yayılsa belə, yer üzündə yaşayan hər bir kəs bu əməlin doğru olduğunu desə belə, biz yenə də bunun doğru olmadığını anlayırıq. Bura həmçinin günahsız insanları öldürməyi, zorakılığı və pedofiliyanı əlavə edə bilərik. Mənəvi dəyərlər arqumentini istifadə edənlər deyirlər ki, əgər Yaradıcı mövcud deyilsə, o zaman sizin bu əməlləri həqiqətən də obyektiv olaraq şər əməl saymanızın heç bir əsası yoxdur. Siz ərəblərin öz uşaqlarını öldürməklərini səhv hesab edə bilərsiz. Lakin onlar belə hesab etmirdilər. Sizin fikrinizin onların fikrindən daha üstün olduğunu necə deyə bilərsiz? Bunu demək üçün bizə bu əməlləri mühakimə edəcək və insan subyektivliyindən üstün olacaq bir instansiya lazımdır. Teistlər bu instansiyanın Yaradıcı olduğunu deyirlər.

Yuxarıda qeyd olunan arqumentasiya xətti tamamilə məntiqlidir, beləliklə əgər ilk iki fərziyyə doğru olarsa, o zaman nəticə də doğrudur. İlk əvvəl ikinci fərziyyədən başlayaq.

1. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur
İnsanların əksəriyyəti obyektiv mənəvi dəyərlərin və öhdəliklərin mövcud olduğunu qəbul edirlər. Hətta ateistlərin əksəriyyəti bir növ mənəvi dəyərlərin mövcudluğunu inkar etmirlər. Lakin Jan Pol Sartr kimi məsələni dərindən düşünən bəzi səmimi ateistlər Yaradıcının mövcud olmadığı təqdirdə dəyərlərin də mövcüd olmayacağını etiraf ediblər. Az bir qism olsa da, bəzi ateistlər obyektiv mənəvi dəyər və öhdəlikləri inkar ediblər.
Biz buna etik subyektivizm deyə bilərik. Bu dünya görüşünə görə obyektiv mənəvi dəyərlər mövcud deyil, əksinə mənəvi dəyərlər insandan insana dəyişir. Sənin üçün doğru olan sənin üçün doğrudur, mənim üçün doğru olan mənim üçün doğrudur! Bu dünya görüşün çürük olması açıq aydındır. Bu dünya görüşünə sahib olan insan heç bir zaman qəsdən məsum adam öldürməyə və ya zorakılığa şər deyə bilməz. Maksimum edə biləcəyi: “bu mənə görə şərdir” deməsidir. Bu cür insanları açıq aydın misallar ilə ifşa etmək mümkündür. Balaca uşaqlara sadəcə əyləncə üçün işgəncə vermək doğru deyil, ağlı başında olan insan bunun mütləq bir şər olduğunu qəbul etməlidir. Lakin etik subyektivizm prinsipinə inanan bunu deyə bilməz. Bu əməldən xoşlanmaya bilər, lakin bunu edən birisinə şər etdiyini deyə və onun əməlinin qarşısını ala bilməz, çünki bunu edənin dünya görüşünə görə bu doğru bir əməldir! Bu sistemin ərəsəyə gətirəcəyi insanları təsəvvür edin. Bu insanlar zorakılığa uğrayan qadının yanından keçməli və heç bir şey etməməlidirlər! Həmçinin siz bu cür düşünən insana qarşı bir işgəncə tətbiq edib, heç bir etiraz etməməsini gözləməlisiniz.

Obyektiv mənəvi dəyərləri inkar edən birisinə nə deyə bilərik? Yuxarıda qeyd olunan açıq aşkar misallardan başqa bir şey deyə bilmərik. Obyektiv mənəvi dəyərləri inkar etmək bizim yaşadığımız və hisslərimiz ilə dərk etdiyimiz real dünyanı inkar etmək kimi bir şeydir. Sonunda bu dəyərləri inkar edən hansısa bir alim tərəfindən ixtira edilən robot olmadığını, sadəcə bu dünyada yaşadığını təsəvvür etməyə məcbur edilmədiyini necə isbat edə bilər? Matriks filminə baxanlar nə dediyimizi anlayar. Ateist Piter Keyv bunu anlayaraq deyir: “Günahsız birinin öldürülməsi şərdir inancımıza qarşı istənilən arqument gətirilsin. Biz daim bu arqumentin doğruluğundan daha çox günahsız birinin öldürülməsinin şər olduğuna inanacayıq. Uşaqlara sadəcə əyləncə üçün işğəncə vermək doğru deyil!” (Peter Cave, Humanism, Oxford: OneWorld, 2009, p.146).

2. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
Obyektiv mənəvi dəyərlərin bizə Yaradıcı tərəfindən verildiyini hardan bilə bilərik?
İlk növbədə, yuxarıda da ya qeyd edildiyi kimi, bu mənəvi dəyərlər insan şüurundan daha üstün, dəyişməz standartlara əsaslanmalıdır, çünki bunlar insan faktorundan asılı deyil, zaman və məkan ilə dəyişməz. Bunun üçün Yaradıcıdan daha yaxşı alternativ yoxdur.
Həmçinin mənəvi dəyərlər direktiv şəkil daşıyır. Misal üçün, biz bir fiziki obyekti yüksəklikdən atdığımız zaman bu obyekt yerə düşür və yerə düşməsinin səbəbi cazibə güvvəsidir. Bu əşya cazibə qanununa əsasən yerə düşür, yəni cazibə qanunu onun düşməsinin səbəbidir. Lakin biz deyə bilmərik ki, bu əşya yerə düşməyə borcludur. Burada fiziki qanun izahedici xarakter daşıyır. Lakin mənəvi qanun belə deyil, o mənim nəyi edib etməməyə borclu olduğumu əmr edir. Mən cazibə qanununa qarşı heç bir zaman çıxa bilmərəm, lakin mənəvi qanuna qarşı çıxıb doğru olanı etməyə bilərəm. Francis J. Beckwith və Greg Koukl deyirlər: “Bir əmr yalnız iki şüur arasında olduğu təqdirdə bir məna daşıyır: biri əmr verir, digəri isə bu əmri qəbul edir (Moral Relativism: Feet Firmly Planted in Mid-Air, Grand Rapids, Michigan: Baker, 1998, p.166.). Əgər obyektiv mənəvi qanunlar əmr olunmaq kimi bir xüsusiyyət daşıyırsa, o zaman biz bu əmri insan dərrakəsindən üstün və şüurlu Varlıqdan almalıyıq. Həmçinin, bu mənəvi dəyərlər zaman və məkan, insan tərcihləri və seçimlərindən asılı olmadığına görə, bu qanunlar İnsan şüurundan daha üstün, mükəmməl mənəvi şüurdan gəlməlidir. Mənəvi dəyərlər eyni zamanda xüsusi məqsəd daşıdığına görə, bu dəyərlərin İradə sahibi tərəfindən əmr olunması lazımdır. Son olaraq, mənəvi dəyərlər əmiranə xarakter daşıyır. Deməli bu qanunları əmr edən bizə bu qanunları qəbul etdirmə gücünə sahibdir, və beləliklə Qüdrət sahibidir. Qeyd etdiyimiz bütün bu xüsusiyyətlər teistlərin inandığı Yaradıcı məfhumunda mövcuddur.

Biz müəyyən bir mənəvi öhdəliyimizi yerinə yetirmədiyimiz təqdirdə mənəvi günah hissi keçiririk. Bəzi hallarda biz kimə qarşı günah hiss etdiyimizi açıq aydın bilirik. Lakin bəzi hallarda kimin qarşısında günah sahibi olduğumuzu bilməsək belə, günah hiss keçiririk. Diqqət yetirin: kimin, nəyin qarşısında deyil. Abstrakt, şüursuz varlıqlara qarşı günah hissi keçirmək heç cür ağıla sığmaz. Misal üçün yeniyetmə əsəbləşib telefonununu sındıranda, bu telefonu ona alan valideynlərinə qarşı günah hissə keçirə bilər, lakin telefonun özünə qarşı günah hissə keçirilməz.

Bütün bunlar obyektiv mənəvi dəyərlərin Yaradıcı tərəfindən gəldiyini açıq aydın izah edir. İki fərziyyənin doğru olduğu isbat edildiyi halda, nəticə məntiqi olaraq doğru qəbul edilməlidir.

Mənəvi dəyərlər arqumentinə qarşı tez-tez gətirilən iradlardan biri insanın mənəvi dəyərlərinin din ilə formalaşmadığı, əksinə dinlərin mövcudluğundan daha öncə də mövcud olması iddiasıdır. Bunu deyənlər sizə yaxşı işlər ilə məşğul olan bir çox ateisti də örnək olaraq göstərə bilərlər. Bu məsələnin ontoloji tərəfi ilə epistomoloji tərəfini qarışdırmaqdır. Biz demirik ki, Yaradıcıya inanmayan bir insan müəyyən mənəvi dəyərlərə sahib olaraq onlara əməl edə bilməz. Əksinə, ateistlərin belə bu dəyərləri bilməsi və bəzən onlara əməl etməsi yalnız bizim arqumenti gücləndirir. Lakin biz deyirik ki, Yaradıcı məfhumu olmadan, bu obyektiv mənəvi dəyərlər üçün ontoloji əsas mövcud olmur. Yəni, Yaradıcı olmadan mənəvi dəyərlərin heç bir qaynağı ola bilməz. Bu ikisi arasında fərqə diqqət yetirmək lazımdır.

Qarşılaşdığımız digər etiraz mənəvi dəyərlərin cəmiyyətin təsiri nəticəsində formalaşmasıdır. Yəni, bəzi ateistlərə görə nəyin doğru, nəyin doğru olmadığını təyin edən cəmiyyətdir. Çoxluq qaydası – mənəvi dəyərlər sadəcə qanuni olanlardır. Buna kanvensiolizm adını verirlər. Lakin bu prinsipin doğru olmadığı aşkardır. Bu prinsipə görə, əgər bir cəmiyyət yeni doğulmuş sarı saçlı uşaqları öldürməyə qərar verərsə, bunu cəmiyyətin rifahı üçün ən sağlam yol görərsə, o zaman bunda heç bir problem olmamalıdır, əksinə, sarı saç ilə doğulmaq özü mənəviyatsızlıq olacaq. Lakin bu prinsipin absurd olmasını göstərmək üçün belə qəribə hipotetik cəmiyyət haqda fikirləşmək lazım deyil. Keçən əsrin otuz-qırxıncı illərində Almaniyada hakim olan prinsip kanvensiolizm prinsipi idi. Heç bir səbəb olmadan yəhudiləri öldürmək qanuni bir şey idi. Həmçinin keçən yazıda qeyd etdiyimiz kimi, bu prinsipə əsasən İslamdan əvvəlki ərəblərin qız uşaqlarını diri-diri basdırmaqlarında bir problem olmamalıdır, çünki onların cəmiyyətində bu məqbul bir əməl idi.

Açıq aydındır ki, cəmiyyət heç bir zaman obyektiv mənəvi dəyərlər üçün əsas ola bilməz. Cəmiyyətlər dəyişir, beləliklə bu dəyərlər də dəyişikliyə uğraya bilər. Lakin biz qeyd etdik ki, obyektiv dəyərlər insanlardan, cəmiyyətdən, zaman və məkan məfhumlarından asılı deyil. Uşaqlara əyləncə üçün işgəncə vermək şərdir və şər olaraq qalacaq, bütün Kainat bunun doğru olduğuna dair konsensus halına gəlsə belə.

Küfrə gedən yol: TƏKƏBBÜR

Bir çox dindarların düşündüyünün əksinə olaraq insanı küfrə, Allahı inkara sövq edən əsas səbəb təkcə savadsızlıq, bilgisizlik və ya cəhalət deyildir, başlıca amil həm də yüksək təkəbbürdür. Təkəbbür insanı küfr bataqlığına sürükləyən ən əsas səbəblərdən biridir. Bunu hardan öyrənirik?

Çünki Quran bizə bunu deyir. Diqqət edin. Şeytan Allaha qarşı üsyan etdi və əbədi kafirlərdən oldu. Halbuki Şeytan savadsız, bilgisiz birisi deyildi, heç cahil də deyildi. Şeytan Allahın varlığını dəqiq bilirdi, hətta uzun illər Allaha ibadətlə məşğul olmuşdu. Lakin sonda küfrə düşdü.
Bəs əsas səbəb nəydi?
Quranda bu barədə buyrulur:

(7 – A’RÂF) الأعراف / 11- Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.

(7 – A’RÂF) الأعراف / 12- (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

Göründüyü kimi səbəb yüksək təkəbbür və özünübəyənmədir, yəni məl’un şeytanın özünü başqasından (Hz. Adəmdən) üstün görməsi.
Bu gün biz əksər ateist alimlərin timsalında məhz bunun şahidi oluruq. Sırf Allahın varlığını inkar etmək və bilərəkdən haqqı gizləmək üçün onların ağzından hər cür bəhanələr və yalanlar, gülünc iddialar eşidə bilərsiz. Məgər bu insanlar savadsız və bilgisizdirlərmi? Xeyr.
Lakin onları kafir edən səbəb bilgisizlik və cəhalət yox, öz təkəbbürləridir. Eynən şeytanın etdiyi kimi.

Şeytanın əqidədaşı olan bu ateist alimlər və onların neo-ateist tərəfdarları özlərini o qədər ağıllı, intellektual hesab edirlər ki, Allaha inanan insanları geridə qalmış, primitiv, xurafatçı görürlər. İlahi varlığa və ya hansısa dinə inanan kəsləri doqmatik, dəlil və sübutun dəstəkləmədiyi bir şeyə inanan xurafatçılar hesab edirlər. Və öz mövqelərini daha da ağırlaşdırmaq üçün iddialarına bir qədər istehza da əlavə etməyi unutmurlar.

Lakin işin ən qəribə tərəfi budur ki, bu ateistlər, hətta aqnostiklər özləri də elə batil şeylərə inanırlar ki, bu inanc da onların standartlarına görə doqma hesab edilə bilər, çünki bu inancların da hələ ki, elmi yollar ilə hər hansı bir sübutu yoxdur.
Burada bəzi misalları qeyd etmək istəyirəm:

Lawrence Krauss və onun kimi bir çox təbii elmlər üzrə alimlər inanırlar ki, kainat öz-özünə heçlikdən yaranıb. Türkiyəli ateist alim Cəlal Şengör də kainatın təsadüfən yarana biləcəyinə inanır.

Craig Venter və onun bənzərləri inanırlar ki, laborotoriyada cansız maddələrdən canlı həyat yaratmaq mümkündür. Baxmayaraq ki, bu günə qədər belə bir canlı varlıq yaratmaq mümkün olmayıb, bu, onlara bunun mümkünlüyünə inanmağa mane olmur.

Tanınmış ateist bioloq Lewis Wolpert isə xristian teoloq Dr.Craiglə debatlarından birində Yaradanı inkar edərək kainatı super komputerin yarada biləcəyi kimi gülünc ifadələr səsləndirir.

Amerikalı araşdırmaçı jurnalist Ben Steinlə müsahibəsi zamanı ateist bioloq Richard Dawkins açıq-aşkar etiraf edir ki, biokimya və molekulyar biologiyanın detallarını incələdiyinizdə, orda bir Dizaynerin imzasını görə bilərsiz. Yəni bunu deyərkən əslində Dawkins dolayı yolla Ali Şüura sahib bir Yaradan qüvvənin, Dizaynerin  mövcud olduğunu etiraf edir. Amma sonra o boyda dünya şöhrətli alim nə desə yaxşıdı? Deyir ki, yer üzündəki canlı həyatı Allah yox, bəlkə də yadplanetlilər yaradıb. Yəni Dawkins qətiyyətlə ilahi varlığın mövcudluğunu inkar etmək üçün Yer üzündəki həyatın ayrı planetlərdəki daha intelektual varlıqlar tərəfindən əkilməsi ehtimalını mümkün hesab edir, bu ehtimalın zəif olduğunu desə də bunun mümkün olduğuna inanır. Halbuki yadplanetlilərin varlığına dair heç bir real elmi fakt tapılmayıb. Nə vaxtsa, tapılsa belə bu yenə də Allahın yox olduğu mənasına gəlməz. Çünki o zaman ortaya belə sual çıxacaq ki, “bəs yadplanetliləri kim yaradıb?”. Qısaca desək, Dawkins burda “kim olursa-olsun, bircə Allah olmasın” düşüncəsi ilə elmi əsası olmayan və sadəcə fərziyyələr üzərində qurulmuş inkarçı bir mövqe tutur.

Bu gün dünyanın ən zəki alimlərindən biri ateist Stephen Hawking sayılır. Stephen Hawking və ona uyanlar inanırlar ki, kainatda heç bir şey olmasa da cazibə qüvvəsi özü-özünü heç bir şeydən yarada bilər, belə bir şey mümkündür. Deməli, Stephen Hawking daha əvvəlki kitablarında Allahın var olub olmaması sualını cavabsız buraxırdı. Lakin “The Grand Design” kitabında bu suala konkret bir cavab vermək qərarına gəlir və görün nə cavab verir:

“Because there is a law like gravity, the universe can and will create itself from nothing.”

Tərcüməsi: “Cazibə kimi qanun mövcud olduğu üçün kainat özünü heçnədən yarada bilər və yaradacaq.”

İndi siz təsəvvür edin ki, belə böyük bir alimdən bu qədər absurd, bu qədər gülünc, bu qədər safsata olan bir cümlə çıxa bilər. Özünüz cümlənin üzərində düşünün. Bu alim deyir ki, “kainat özünü heçnədən yarada bilər”. Nə üçün? “Çünki cazibə kimi bir qanun vardır.” Əgər cazibə kimi bir qanun varsa deməli burada “heçnə” sözü mənasız olur. Əgər bir şey mövcud deyilsə, o zaman cazibə qanunu da yoxdur, kainat da yoxdur. Belə çıxır ki, kainat həm yaradıcı olur, həm də yaradılan. Bu söz əslində birinin belə deməyinə bənzəyir: “Mənim anam özü özünü doğub.” Bu qədər absurd bir fikir dünyanın ən zəki və ən daha bir beyindən çıxır. Nə üçün? Çünki bunun adı küfrdür. Bu əlil, fiziki qüsurlu fizika alimi yaradılışın əzəmətini, möhtəşəmliyini görsə də təkəbbür səbəbindən öz dəhasını, zəkasını daha üstün bilir və böyüklənir, boyun uzadır, bu möhtəşəmlik qarşısında həqiqi mənada boyun əymək istəmir.

Bu bilim adamlarının bir çoxu inanır ki, təbii elmlər kainatda baş verən və bizə fövqəl-təbii olaraq görünən hər bir şeyi izah etməyə qadirdir. Bu inanc da heç bir elmi sübuta dayanmır, lakin təbii elmlərin qüdrətinə inanmaqdan başqa bir şey deyildir.

Bu misalları artırmaq olar. Lakin burada görülməsi lazım olan tərəf budur ki, elmi yollar ilə sübut olunmamış, empirik sınaqlardan keçməmiş bir şeyə inanmaq əgər insanın xurafatçı, primitiv olmasını tələb edirsə o zaman müasir dövrümüzün ateist bilim adamlarına da bu primitivliyin, xurafatçılığın çox yaxşı bir payı düşür.

Kosmoloji arqument – Allahın varlığı

Müsəlman alimlərinin Allahın varlığını isbat etmək üçün istifadə etdikləri arqumentlərdən biri Kosmoloji arqumentdir. Bu arqument aşağıdakı kimidir:
1. Başlanğıcı olan hər bir şeyin səbəbi vardır.
2. Kainatın başlanğıcı vardır.
3. Beləliklə, Kainatın bir səbəbi vardır.
Bu arqumentasiya xəttinin tam məntiqə uyğun olmasında heç bir şəkk ola bilməz. Əsas məsələ ilk iki fərziyyənin doğru olub-olmamasını yoxlamaqdır. Doğru olduqları halda nəticə də doğru qəbul edilməlidir.

Birinci fərziyyə.

Bu fərziyyənin doğru olması danılmazdır. Çünki bu insanların bildikləri zəruri şeylər siyahısına daxildir. Bunu inkar etmək, bir şeyin bütünün yarısından daha çox olduğunu inkar etmək kimidir. Həmçinin, bu fərziyyəni inkar etsək, yoxluqdan nəyinsə əmələ gəldiyi qəbul etməliyik. Bu isə sehrbazlığa inanmaqdan daha betərdir. Çünki, sehrbazlıqda ən azından sehrbaz mövcuddur. Digər məsələ isə budur ki, əgər səbəbsiz bir şeyin mövcud olması mümkündürsə, o zaman nəyə görə hər şey və ya bir qisim şeylər səbəbsiz ərsəyə gəlmir? Elm, sağlam düşüncə və bizim gündəlik müşahidələrimiz birinci fərziyyənin danılmaz həqiqət olduğunu göstərir. Doktor Vilyam Leyn Kreyq buna gözəl bir misal verir: “Fərz edin ki, səhrada yürüyərkən birdən qarşınıza uşaq şarı çıxır. Əgər sizin dostunuz bu şarın heç bir səbəb olmadan burada mövcud olduğunu desə, bunu heç bir zaman qəbul etməzsiniz. Sadəcə bu şarı götürüb Kainat ölçüsünə gətirmək, səbəbin lazım olmamasını gərəkdirmir, əksinə bu məsələni daha da qəlizləşdir.”

İkinci fərziyyə.

Kainatın səbəbsiz var olduğunu iddia edən bir çox ateist, Kainatın başlanğıcı olmadığını iddia etməkdədirlər. İkinci fərziyyənin isbatı üçün həm fəlsəfi, həm də elmi arqumentləri istifadə edə bilərik.

Fəlsəfi arqument – faktiki sonsuzluğun mümkünsüzlüyünə dayanır. Misal üçün, əgər bir insan sıfırdan başlayaraq sonsuza qədər saymaq qərarına gələrsə, bunu heç bir zaman edə bilməz. Çatdığı rəqəm nə qədər böyük olsa belə, daima onun üzərinə bir əlavə etmək mümkün olacaq. İndi bunun əksini düşünün. Mənfi sonsuzluqdan sıfıra qədər saymaq istəyən buna nail ola bilərmi? Fərz edək ki, biz Kainatın sıfırıncı ilində yaşayırıq. Əgər Kainatın əvvəli olmasa idi, yəni sonsuz keçmişi olsa idi, heç bir zaman illərin sayı sıfıra gəlib çata bilməzdi, lakin bizim mövcud olmağımız Kainatın əvvəlinin olduğuna dəlalət edir. Əgər Kainatın sonsuz keçmişindən xüsusi aparat hər keçən il üçün mənfi sonsuzluqdan sıfıra qədər saysaydı, sıfıra heç bir zaman çata bilməzdi. Çünki mənfi sonsuzluqdan nə qədər sayırsan say, sıfıra çatmaq mümkün deyildir. Qeyd edək ki, sıfır il sadəcə bir misaldır, mənfi sonsuzluqdan sayaraq mənfi milyona və ya milyarda çatmaq da mümkün deyil. Bütün bunlar göstərir ki, mənfi sonsuzluq məfhumu faktiki Kainatda mövcud deyil. İndiki hala çatmaq üçün, Kainatın mütləq bir başlanğıcı olmalıdır.
Digər bir misal verək: Fərz edin ki, siz dostunuzdan borc almaq istəyirsiniz. Amma sizin dostunuzda pul yoxdur və o, öz növbəsində öz dostundan borc alır. Lakin onun dostunda da pul yoxdur və o, başqa bir adama müraciət edir. Əgər biz bu silsiləni sonsuza qədər davam etsək, pul sizin əlinizə heç bir zaman çatmaz. Əlinizə pulun çatması ona dəlildir ki, sonda kimdəsə pul tapılıb. Kainatda bir-birini izləyən səbəblər də belədir. Ateistlərin inancına görə, sizin səbəbiniz sizin valideynlərinizdir, onların səbəbi isə öz valideynləridir və beləcə ilk adamlara, sonra meymunlara sonra bir hüceyrəli varlıqlara, sonra günəş sisteminə, ilk qalaktikalara.. və bu cür davam edir. Əgər ilkin səbəb olmasaydı və bu səbəblər sonsuza qədər – keçmişə davam etsəydi, siz mövcud ola bilməzdiz, necə ki əgər pulu olan bir nəfər tapılmadığı təqdirdə pul sizə heç bir zaman ulaşmayacaqdır. Burada da sizin mövcudluğunuz sadəcə bir misal idi. Bu gün mövcud olan istənilən əşyanın bir səbəbi vardır, onun səbəb silsiləsini də misal vermək olar. Səbəblərin sonsuza qədər – keçmişə getməsi mümkün deyil, ilkin səbəbin olması labüddür.
Fəlsəfi yanaşmanın güclü tərəfi odur ki, sonsuz səbəblər silsiləsinin mümkünsüzlüyü bizim Kainatdan kənarda da doğrudur. Günümüzdə bir çox ateist sonsuz Kainat teoriyasının dəstəklənilməsinin mümkünsüzlüyünü görüb multikainat və ya digər teoriyalara əl atırlar. Lakin multikainat teoriyası da sonsuz səbəblər silsiləsinin mümkünsüzlüyünü atlaya bilməz, onun da mütləq ilkin səbəbi olmalıdır.

Elmi arqumenti isə iki hissəyə bölə bilərik. Əgər məsələnin kosmoloji tərəfinə nəzər salsaq, o zaman görərik ki, Kainatın başlanğıcı haqda genişcə qəbul edilmiş teoriya – Böyük Partlayış (Big Bang) teoriyasıdır. Bu teoriyaya əsasən Kainat sözün əsl mənasında yoxluqdan əmələ gəlib. Şübhəsiz ki, kosmik başlanğıc problemindən yaxa qurtarmaq üçün digər teoriyalar irəli sürülmüşdür, lakin bu teoriyalardan heç biri elmi dairələr tərəfindən Big Bang teoriyasından daha inandırıcı olaraq qəbul edilməmişdir. Bundan əlavə, termodinamikanın ikinci qanununa əsasən, Kainat müəyyən bir zaman mövcud olduqdan sonra soyuq, qaranlıq və həyat təmin etməsi mümkün olmayacaq bir hala gələcək. Əgər Kainat başlanğıcsız mövcud olsa idi, o zaman Kainatın çoxdan bu hala gəlməsi lazım olacaqdı. Bunun baş verməməsi, Kainatın bir başlanğıcı olduğuna açıq-aşkar sübutdur.

Bu iki fərziyyədən Kainatın bir səbəbi olduğu nəticəsinə gəlirik. Məşhur ateist Deniel Dennet bu nəticə ilə razılaşır. Lakin Kainatın səbəbinin Kainatın özü olduğunu deyir. Bu isə açıq-aydın bir cəfəngiyatdır. Diqqət yetirmək lazımdır ki, Dennet Kainatın özü özünü yaratmasından qabaq mövcud olduğunu demir. Əksinə, Kainat mövcud olmadığından qabaq özünü yaradıb. Lakin bir şeyə səbəb olmaq üçün mövcud olmaq lazımdır. Qısası, Dennetə görə Kainat mövcud olmaqdan qabaq mövcud olmalı idi! Bu isə açıq-aşkar nonsensdir.

Lakin Kainatın ilkin səbəbinin hansı xüsusiyyətləri olmalıdır? İlk növbədə bu Varlıq bizim anladığımız zaman, materiya və məkan məfhumlarından üstün olmalıdır, onların qanunlarına tabe olmamalıdır, çünki zaman, məkan və materiya məfhumu Kainatın xüsusiyyətlərindəndir. İkinci isə, bu Varlıq özü səbəbsiz mövcud olmalıdır, çünki yuxarıda göstərildiyi kimi sonsuz səbəblər silisiləsi mümkün deyil, səbəblər silsiləsinin hansısa bir nöqtəsində ilkin səbəbin olması labüddür. Sonra, bu ilkin səbəb nəhəng bir gücə və intellektə sahib olmalıdır. Çünki ilkin materiya olmadan bu qədər nəhəng və dəqiq Kainatı yaratmışdır.

Və son olaraq, bu Varlıq İradə sahibi olmalıdır, çünki Kainatı yaradıb-yaratmamaq arasında seçim etmək iradənin mövcudluğuna işarədir. Deyilə bilər ki, nəyə görə iradə sahibi olmalıdır, bəzi səbəblər iradəsiz belə təsir edir. Misal üçün, od yandırır, lakin bilirik ki, o heç bir iradə sahibi deyil. Buna cavab olaraq deyəcəyik ki, ilk növbədə Kainat kimi bir varlığın iradəsiz varlıq tərəfindən yaradılması inandırıcı deyil. Əgər bir saat götürsək və onun iradəsiz bir varlıq tərəfindən icad olunduğunu desək, ateistlər bu sözə gülərlər. Kainat isə saatdan qat-qat daha mürəkkəb, gözəl və nəhəng varlıqdır. Cavabımızın ikinci tərəfi odur ki, iradəsiz səbəbin öz nəticəsindən ayrı olması təsəvvür edilə bilməz. Doktor Kreyq bu məsələdə də gözəl misal verir. Biz bilirik ki, temperaturun sıfır dərəcədən aşağı olması suyun buza dönməsinə səbəbdir. Əgər temperatur əbədi olaraq sıfır dərəcəsindən aşağı olsa idi, orada olan su da ədəbi olaraq buz şəklində olardı. Sıfır altından olan temperatur iradə sahibi deyil. Ona görə özü ədəbi olduğu halda, nə zamansa suyu buza döndərməyə başlaya bilməz. Lakin əbədi olaraq oturan insanı təsəvvür edin. Bu insan istədiyi an ayağa dura bilər və beləliklə nəticənin səbəb ilə bir yerdə əbədi mövcud olması gərəkməz. Buradan anlayırıq ki, əgər Kainatın səbəbi iradəsiz bir Varlıq olsa idi, Kainat da o Varlıq kimi əbədi olaraq mövcud olmalı idi, lakin biz bunun belə olmadığını bilirik. İradəli varlıq isə, özü əbədi mövcud olmasına baxmayaraq, istədiyi an sonlu keçmişi olan Kainatı yarada bilər.

Kosmoloji Arqument çox sadə və güclü arqumentdir. Onun nəticəsində biz Kainatın bizim anladığımız zaman, materiya və məkan məfhumlarından üstün, əbədi, səbəbsiz, inanılmaz dərəcədə qüdrətli olan, intellekt və iradə sahibi olan bir Varlıq tərəfindən ərsəyə gətirildiyini başa düşürük.