Çox nigahlılıqla bağlı ayə belədir:

“Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda TƏKCƏ BİR NƏFƏR (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. BU, ƏDALƏTLİ OLMAĞA (ədalətdən kənara çıxmamağa) DAHA YAXINDIR. (Nisa, 3)

Göründüyü kimi burada çoxlu qadınla evlənmək kimi bir məcburiyyəti yoxdur. Bu, sadəcə olaraq bir seçimdir. Amma ayənin sonuna diqqət edək: “Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda TƏKCƏ BİR NƏFƏR (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. BU, ƏDALƏTLİ OLMAĞA (ədalətdən kənara çıxmamağa) DAHA YAXINDIR.”

Çox qadınla evlilik ənənəsi İslamdan çox əvvəllər də mövcud idi. Başqa sözlə, çox evliliyi təsis edən İslam dini deyildir. Əksinə, İslam özündən əvvəl mövcud olan sərhədsiz evlənmə sisteminə bir məhdudiyyət gətirmişdir. Yəni, İslam çox evliliyi birdən dördə çıxarmamış, əksinə sərhədsiz olan evliliyi dördə endirmişdir. Məsələn, Giylan adlı səhabə İslamdan əvvəl 10 qadınla evliykən, İslama girincə dörd qadınla evliliyini davam etdirmişdir. İslamın istədiyi tək qadınla evlilikdir. Ancaq, dördə qədər evlənmənin də qarşısını kəsməmişdir.

Nisa surəsi 3-cü ayədə “həyat yoldaşları arasında ədaləti təmin edə bilməyəcəksinizsə tək yoldaşla kifayətlənin” buyurulmaqda və Nisa surəsinin 129-cu ayəsində də “Siz nə qədər çox istəsəniz də, heç vaxt həyat yoldaşlarınız arasında ədalətlə rəftar etməyi bacarmazsınız” buyurulmaqdadır. Bu ayələr açıq şəkildə bir həyat yoldaşını tövsiyə etməkdədir. Göründüyü kimi əsas olan, tövsiyə edilən hər zaman tək qadınla evlilikdir, ancaq birdən çox qadınla evlənmənin önü kəsilməmişdir.

Məsələn, Qərb hüququna görə bir kişi ilə qadın evlənsə və qadın məsələn, iflic olsa kişi ikinci bir qadınla evlənə bilməz. O, yoldaşını boşayaraq evlənmək məcburiyyətindədir. Ancaq, İslam “ilk yoldaşınla boşanma, onunla evli qalmağa davam et, ancaq bir başqa yoldaş al” deyər. Görəsən, hansı daha insanidir? İslam bütün insanların dinidir. Sağlam olan insanlara bir həyat yoldaşını tövsiyə edərkən, birdən çox qadınla evlənmənin önünü kəsməyərək nümunədə olduğu kimi müxtəlif zərərlərin də qarşısını almaqdadır. Həmçinin qadın, evlənmədən əvvəl nikah əqdi bağlarkən “məndən başqa heç kimlə evlənməyəcəksən” deyə tələb qoya bilər. Əgər kişi buna uymazsa nikahı etibarlı olsa da “sözünü tutmaması səbəbilə” məsul olar.

Psixologiya elminin də söylədiyi kimi uzun müddət cinsi istəklərini yerinə yetirə bilməyən insanlarda dərin psixoloji problemlər, nevrozlar meydana gəlməkdədir. Eyni zamanda, kişilərdə olmaq üzrə, xüsusilə qadınların ailə qurma, uşaq sahibi olma kimi hiss və istəkləri çoxdur. Almaniyada İkinci Dünya müharibəsindən sonra qadın sayı kişilərin sayının üç qatına çatmış və cəmiyyətdə bir çox qadın ərsiz qalmışdı. Bu vəziyyətdə subay və dul qalan qadınların cinsi və hissi ehtiyaclarını qarşılamaq, sağlam fərd kimi qala bilmələrini təmin etmək üçün qarşımızda üç həll yolu vardır.

1. Bir qadınla evlilik şərt olar. Ərsiz qadınlar kimsəylə evlənə bilməz və ailə həyatı olmayan qadınların sağlam qalması gözlənilməz.

2. Kişilərlə qadınlar arasında sərbəst bir əlaqə sistemi olar və ailə təşkilatı deyilən bir şey olmaz və ya ailə içi pozulmalar meydana çıxar.

3. Bir kişinin birdən çox qadınla evlənməsinə icazə verilər və hər qadının bir həyat yoldaşı və ailəsi olar.

Ağlı başında olan hər kəs, üçüncü variantın evli olmayan qadınların istər psixoloji, istər fizioloji vəziyyətlərini düzəltmələri və bir ailə mühitində olmaları üçün ən məntiqli yol olduğunu qəbul edər. Dörd qadınla evlilik bir əmr deyil, sərhədsiz evliliyə bir məhdudiyyətdir. Tövsiyə edilən də hər zaman tək qadınla evlilikdir. İslamda dörd evliliyə qarşı olan kəslərin zinaya qarşı olmamaları da çox qəribədir. Çünki, onlar zina edəcəkləri adam sayında özlərinə bir məhdudiyyət gətirməzlər. Qadınların niyə dörd kişi ilə evlənə bilməyəcəyini soruşanlardan, yüzlərlə, bəlkə də minlərlə ildir doğulan uşaqların ana məlum, atasının kim olduğunun necə ortaya çıxacağı sualına cavab almaq lazımdır.