Səcdə surəsi 7-ci ayədə deyilir:  “O, yaratdığı hər şeyi gözəl yaratdı”.

İnternetdə ateist səhifələr fiziki qüsurlu yaxud xəstə insan şəkilləri paylaşmaqla guya həmin ayənin “səhv” olduğunu göstərməyə çalışırlar. Burada ateistlərin yol verdikləri ciddi məntiq xətası əslində zahiri yanaşma üslubundan qaynaqlanır. Adətən, gözəllik olaraq qavradığımız həqiqi anlayış zahirdə deyil, batində (işin mahiyyətində) gizli olur. Çünki

  1. Zahirən sağlam olmaq, daha bacarıqlı olmaq demək deyil.
  2. Zahirən gözəl olmaq, daha istedadlı olmaq demək deyil.
  3. Zahirən fiziki cəhətdən güclü olmaq, daha ağıllı olmaq demək deyil
  4. Zahirən xoş görünmək, daha faydalı olmaq demək deyil.
  5. Zahirən çirkin görünmək, zərərli olmaq demək deyil və sairə.

İnsanların fiziki qüsurlu olması onların “çirkin və yararsız” olması mənasına gəlməz. Fiziki qüsurlu olmalarına baxmayaraq müxtəlif sahələrdə uğurlar qazanmış, istedadlı və məşhur insanlar tarixdə çoxdur. Məsələn, dünya musiqisinə incilər bəxş etmiş şöhrətli klassik alman bəstəkarı Bethovenin eşitmə qüsuru (karlıq) olmuşdur. Bir çox gözəl rəsm əsərləri çəkən Meksika əsilli tanınmış rəssam Frida Kahlo-da uşaq iflici xəstəliyi olmuşdur. Məşhur Amerikalı müəllif, siyasi aktivist və mühazirəçi Helen Keller-in görmə və eşitmə qabiliyyətindən məhrum idi. Hollivud ulduzu, məşhur kino-aktyor Silvester Stallone doğuş zamanı üz sinirləri zədələndiyi üçün uzun müddət(məktəb yaşlarına qədər) yanaq, dodaq və dili iflic olmuş vəziyyətdə qalmış və pəltək olmuşdur. İngilis alim Stefen Hokinq də fiziki cəhətdən qüsurludur və ağır iflic xəstəsidir. Buna baxmayaraq, Hokinq hazırda dünyanın ən məşhur fiziklərindən biridir.

Aşağıdakı şəkildə göstərilən Nicholas Vujicic fiziki cəhətdən qüsurlu və zəif olsa da, bir çox sağlam insanlardan daha intellektual və bacarıqlıdır. Motivasiya üzrə dünyada məşhur mütəxəssisdir.

Deməli, yuxarıda adları çəkilən şəxslər zahirən fiziki qüsura malik olsalar da, mahiyyətcə gözəldirlər. Bu gözəlliyin mahiyyətində onların sahib olduqları üstün zəka, istedad, fərqli bacarıq və bəşəriyyətə verdikləri töhfələr durur.Beləliklə, gözəllik anlayışının mahiyyətini yalnız zahiri görünüş və imkanlarla məhdudlaşdırmaq yanlışdır və dar düşüncə tərzinin məhsuludur. Gözəllik anlayışının mahiyyətinə daha geniş spektrdə baxıldıqda Səcdə surəsi 7-ci ayədəki həqiqət açıq şəkildə özünü biruzə verir.

Digər tərəfdən isə əgər Allah Təala (c.c) fiziki yaxud zehni qüsurlu insanlar yaradırsa, digər tərəfdən də həmin insanları sevəcək, onlara yardım və mərhəmət edəcək xoş niyyətli, səbrli və gözəl əxlaqlı insanlar da xəlq edir.

Nəhayət, İslam dininə görə bu dünyada daha çox əziyyət çəkən və səbr edən insanları Allah Təala (c.c) axirətdə başqalarından daha çox mükafatlandıracaqdır.

10492545_248184292049259_2286826428552268362_n