Sual: İslamın təməl dayağı olan KƏLMEYI ŞƏHADƏT-də “Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edirəm.” sözü keçir. “Şəhadət” sözü lüğəti mənada bir şeyi görən və ya gördüyünü anladan, tamaşa edən deməkdir. Allah Təalanı (c.c) görmədiyimiz halda kəlmeyi-şəhadət gətirib iman etmək nə dərəcədə məntiqlidir və ya görmədən necə şahid ola bilərsiz?

Cavab: Şahidlik etmək üçün hər zaman birbaşa olaraq gözlə görməyə ehtiyac yoxdur. İnsan əqli-məntiqi mühakimə yaxud inam (etibar) duyğusu əsasında da gözlə görmədikləri haqqında şahidlik edə bilər. İki misalla izah edək.

1. Məs, əqli-məntiqi mühakimə əsasında biz əminlikə şəhadət edə bilərik ki, dükandan aldığımız qol saatını düzəldən bir saatsaz var. Bəlkə də həmin saatsaz Yaponiyada Seiko şirkətində çalışır və ömrümüz boyu biz onu görə bilməyəcəyik. Amma həmin saatsazı gözlə görmədən belə onun varlığı haqqında şəhadət gətiririk. Çünki əqli-məntiqi mühakimə bizə deyir ki, bir saat öz-özünə var ola bilməz. Buradan belə nəticəyə gəlirik ki, deməli, kainat da öz-özünə təsadüfən var ola bilməz. Kainatı xəlq edən bir Yaradan mütləq olmalıdır. Hətta biz Yaradanı gözlə görməsək belə kainatdakı bütün məxluqat Onun varlığını göstərir.

2. Biz inam (etibar) duyğusu əsasında da şəhadət gətirə bilərik. Məs, ən çox etibar etdiyiniz dostunuz sizə Amerikada başına gəlmiş bir hadisə haqqında danışsa, siz həmin hadisəni görmədiyiniz halda onun doğruluğunu qəbul edir və şəhadət gətirirsiniz. Çünki siz öz dostunuza son dərəcə güvənirsiniz və onun dürüst bir insan olduğuna inanırsınız. Deməli, gözlə görmədiyiniz halda onun dediklərini təsdiq edirsiniz. Bu, inama əsaslanan şəhadətdir.  Beləliklə, biz möminlər Allahı gözlə görməsək də Onun (c.c) göndərdiyi peyğəmbərlərin sözlərinə inandığımız üçün Allahın da varlığını sözsüz qəbul edirik. Muhəmməd ibn Qutbuddini İzniki qeyd edir ki, bütün peyğəmbərlərin sahib olduqları 5 əsas xüsusiyyətdən biri “sidq” adlanır. Bu o deməkdir ki, bütün peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) sözlərində sadiq olurlar. Hər sözləri doğrudur. (Muhəmməd ibn Qutbuddini İzniki, Cənnət Yolu Elmihalı, Bakı-2012)

Gözlə görmədiyimiz yaxud görə bilmədiyimiz şeylər bizim üçün qeyb hökmündədir.  Qeyb – gözlə görülə bilməyəcək səviyyədə qapalı (örtülü) şeyə deyilir. Gözlə görmədiyimiz halda qeybə iman və şəhadətlə bağlı Bəqərə surəsi 3-5-ci ayələrdə deyilir:

3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.

4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,

5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.