Bəqərə surəsi 18-ci ayədə münafiq olan kafirlər haqqında buyrulur: “Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.”

Sual: Əgər Allah onları kar, lal və kor yaradıbsa, onda onların günahı nədir?

Cavab: Müxtəlif insan tiplərini təsvir etmək üçün bütün dillərdə müəyyən fərqli bənzətmələrdən istifadə olunur. Məsələn, bizim dilimizdəki bənzətmələrdən bəzi nümunələr:

yekəbaş (tərs insan),
qurd ürəkli (cəsur adam),
tülkü (hiyləgər adam),
aslan (güclü adam),
ağciyər (qorxaq adam),
quşbeyin (axmaq adam) və s. 

Məsələn, bir adama quşbeyin deməklə, onun beyni quş beyninə dönməz. Bu sadəcə bir bənzətmə və məcazdır. Yuxarıdakı ayədə adı çəkilən “kar, lal və kor” ifadələri də münafiq (ikiüzlü), təkəbbürlü və inadkar insanlar haqqında deyilən bənzətmə və məcazdır. Əslində həmin insanlar fiziki cəhətdən qüsurlu deyillər. Sadəcə olaraq həqiqəti bildikləri halda öz təkəbbürləri üzündən yenə də Allahı inkar edən insanlardır.