Sual: Vaxtın normal qaydada girmədiyi yerlərdə namaz və oruc ibadəti necə yerinə yetirilir? Məsələn, altı ay gündüz və altı ay gecə olan yerlərdə namaz və oruc vaxtları necə müəyyən edilir?

Cavab: İslam alimləri vaxtın normal qaydada girmədiyi yerlərdə namaz və oruc kimi ibadətlərin hansı qaydada icra edilməsi gərəkdiyini aşağıdakı hədis əsasında müəyyən etmişlərdir.

Nəvas bin Səman (r.a) bildirir ki: 
Peyğəmbər Əfəndimiz (s.a.s) Dəccal haqqında danışarkən biz:
– “Ya Rəsulallah! Dəccal yer üzündə nə qədər qalacaq?” deyə soruşduq. Buyurdu ki: “Qırx gün qalacaq. Bir günü bir il kimidir. Digər bir günü bir ay kimidir. Digər bir günü bir həftə kimidir. Qalan digər günləri isə, bizim günlərimiz kimidir.
– “Ey Allahın Rəsulu! Bir il kimi olan günlərdə bir günlük namaz bizə kifayət edərmi?” deyə soruşduq. Buyurdu ki:
– “Xeyr! Təqdir ediniz.” (Müslim, Kitabu’l-Fiten ve Eşrâtu’s-Sâat, 20).

Hədisdəki “Dəccalın bir günü bir il kimidir” fikrinə aydınlıq gətirək. Bildiyimiz kimi bizim bir günümüz bir gecə və bir gündüzdən ibarətdir:
1 gecə + 1 gündüz = 1 gün.
Eynilə şimal qütbündə də bir illik zaman dilimi sanki bir günə bərabərdir. Çünki həmin bölgədə bütöv il bir gecə və bir gündüzdən ibarətdir. Altı ay gecə, altı ay gündüzdür:
1 il = 1 gecə (6 ay) + 1 gündüz (6 ay) = 1 gün.

Göründüyü kimi bu hədisdə dünyanın bəzi bölgələrində altı ay gündüz, altı ay gecə və bu iki bölgə arasında qalan bəzi yerlərdə də bir ay yaxud bir həftə günəşin doğub-batmadığına işarə edilmişdir. Deməli, bu hədisdən aydın olur ki, yer kürəsində vaxtın normal qaydada girmədiyi yerlərdə namaz və oruc ibadətlərinin vaxtı peyğəmbərin (s.a.s) də buyurduğu kimi təqdir edilərək müəyyən edilməlidir. Yəni ki, altı ay gündüz və altı ay gecə olan əraziyə ən yaxın bölgədəki namaz və oruc vaxtları əsas götürülərək burada namaz və oruc ibadəti yerinə yetiriləcəkdir. Aşağıdakı misalla izah edək.

Tutaq ki, A məntəqəsində altı ay gündüz olur. Həmin məntəqəyə ən yaxın bölgədə axşam namazı girdiyi vaxt A məntəqəsində günəş hələ də batmadığı halda axşam namazı qılınacaq, oruc açılacaq və iftar ediləcəkdir. Habelə, ən yaxın bölgədə gecə namazı girdiyi zaman A məntəqəsində günəş hələ batmasa da gecə namazı qılınacaq və sahur ediləcəkdir. Ən yaxın bölgədə sübh namazı girdiyi zaman A məntəqəsində də sübh namazı qılınacaqdır və s.
Eyni qayda altı ay gecə olan zamanlarda da tətbiq ediləcəkdir.

Mənbələr
http://www.fikih.info/kategoriler/namaz/886-kuzen-kutbunda-ibadet.html
http://m.sorularlaislamiyet.com/index.php?oku=181883
http://www.sorularlaislamiyet.com/article/13251/kutuplarda-namaz-ve-oruc-vakitlerinin-belirlenmesi-hadislerde-gecmekte-midir-yoksa-daha-sonra-mi-belirlenmistir.html