Cizyə – İslam dövlətində can, namus və mülkiyyətin qorunması, fiziki təhlükəsizliyinin təmin edilməsi və hərbi xidmətdən azad edilməsi müqabilində qeyri-müsəlman əhalidən ildə bir dəfə alınan vergidir. İslam alimləri arasında məşhur fikir budur ki, cizyənin müəyyən şəri miqdarı yoxdur. Lakin İslam tarixindən ümumi şəkildə məlum olan odur ki, müxtəsər (az, qısa) miqdarda cizyə təyin olunmuşdur. Bəzən bir dinar miqdarında , bəzən də cizyə verənin maddi imkanı nəzərə alınaraq cizyə təyin olunmuşdur.

İslam dini zəkat ödəməyi yalnız müsəlmanların üzərinə bir mükəlləfiyyət olaraq qoyduğu kimi qeyri-müsəlmanlardan da cizyə alınmasını əmr edir. Çünki hər iki camaat İslam hakimiyyəti altında yaşayır. İslam dövləti müsəlmanları himayə etdiyi kimi qeyri-müsəlman əhalini də himayə edir. 

Digər tərəfdən İslam dini malları və canları ilə cihad etməyi yalnız müsəlmanlara vacib buyurmuşdur. Qeyri-müsəlmanlar isə cihaddan (orduya getməkdən) azad olduqlarına görə əvəzində onlardan cizyə alınır. Müsəlman hökumətinin vəzifəsidir ki, cizyə müqabilində qeyri-müsəlmanlara qarşı hər cür təcavüz və hüquqsuzluğunun qarşısını alıb, onların canlarını və mal-dövlətlərini qorusun. Bundan əlavə, cizyə ödəyən qeyri-müsəlman əhali yaşadığı İslam dövlətində baş verən heç bir müharibədə və müdafiə məsələsində iştirak etməyi öhdəsinə almır və hərbi xidmətdən azaddırlar. Göründüyü kimi qeyri-müsəlman əhali az miqdarda ildə bir dəfə cizyə ödəməklə müsəlman hökumətinin bütün üstünlüklərindən bəhrələnirlər. Əslində, indinin özündə də bəzi ölkələrdə ordudan azad olmaq istəyən vətəndaşlara tətbiq edilən oxşar vergi növü mövcuddur.

Cizyəni kimlər ödəyirdi?
– Yalnız ağılca, bədəncə sağlam və yetkin, hərbi xidmətə yaralı olan qeyri-müsəlman kişilər ödəyirdi. 

Cizyəni kimlər ödəmirdi?
– Qocalar, qadınlar və uşaqlar cizyə ödəmirdilər. 
– Xəstələrdən müharibədə iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. 
– Kasıblar və dilənçilər cizyə ödəmirdi. 
– Əsirlər cizyə ödəməzdi. 
– Yoxsul rahiblər də cizyə ödəməzdi. 
– Sərvəti, var-dövləti olmayan korlar və şikəst olanlar cizyə ödəmirdi. 
Göründüyü kimi cizyə alınarkən insanların iqtisadi-sosial statusu və maddi imkanı nəzərə alınırdı.

Hz. Əli (ə.s) xaçpərəst bir kişinin Kufə bazarında dilənçilik etdiyini gördükdə soruşur: Bu kimdir? Cavab verirlər: Xaçpərəst bir kişidir. Buyurur: Bu vaxta kimi onu işlətmisiniz, indi ki, qocalıb əldən düşüb, bu vəziyyətlə onu küçəyə atmısınız? Hz. Əli (ə.s) göstəriş verir ki, müsəlmanların beytül-malından ehtiyacını ödəyənə qədər ona pul versinlər! “(Üsul Kafi .c2.səh.364 ).

Osmanlı Dövlətində adambaşına ödənilən cizyə 1 dinar idi. Cizyə vergisi Krım savaşına qədər qüvvədə qaldı. 10 may 1855-ci il tarixli qanun ilə cizyə ləğv olundu və əvəzinə hərbi xidmətdən azadolma vergisi qəbul edildi. Bu vergi də 1908-ci ildə tamamən aradan qaldırıldı və ardınca qeyri-müsəlmanlar da orduya cəlb edildilər. 

Mənbələr
1. http://az.wikipedia.org/wiki/Cizyə
2. http://www.e-tarih.org/sozluk.php?sd=sozlukdetay&id=101
3. http://fikih.ihya.org/islam-fikhi/cizye-ne-demektir.html
4. http://gunahkar-bende.ucoz.net/load/etiqat/i_slamda_huquq_n_z_riyy_si_i_mam_s_ccadin_2/i_slamda_huquq_n_z_riyy_si_i_mam_s_ccadin_2/34-1-0-670
5. http://kitab.nur-az.com/az/lib/view/291/18/43114/CİZYƏ-NƏDİR/
6. http://tarihinokyanusu.blogspot.fr/2011/10/eskiden-islam-devleti-icerisinde.html