Sual: Quranda yəhudilərin lənətlənməsi və qəlblərinə möhür vurulmasına aid ayələr var. Bu ayələr yəhudilərə qarşı haqsızlıq deyilmi?

Cavab: Əvvəla qeyd edək ki, Qurandakı “lənətlənmə və qəlblərinə möhür vurulması” haqqındakı ayələr bütün yəhudilərə aid deyildir. Çünki Ali-İmran surəsi, 199-cu ayədə kitab əhli (xristian və yəhudilər) haqqında belə deyilir:

“Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qur’ana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.” (Ali İmran/199)

Bu ayədən də aydın olduğu kimi həm yəhudi, həm də xristianlar içində Allahın nazil etdiyi bütün kitabları və peyğəmbərləri, habelə İslamı haqq olaraq qəbul edənlər vardır ki, onlar təkəbbür və küfrdən uzaq həqiqi iman sahibləridir.

Bəs lənətlənmə və qəlblərinə möhür vurulması kimlərə aiddir?
Həmin ayələri necə anlamalıyıq?

Nisa surəsi 153-157-ci və Bəqərə surəsi 83-88-ci ayələrdə isə qəsdən şər əməllər işləyən, haqsız yerə qan tökən inkarçı və fitnəkar yəhudilərin nə üçün LƏNƏTLƏNMƏSİ və QƏLBLƏRİNƏ MÖHÜR VURULMASI çox aydın şəkildə izah olunur və bir çox səbəbləri göstərilir. Quranı kontekst daxilində oxuduqda ayələrin mənasını anlamaq asandır. Həmin ayələri oxuyaq.

Bəqərə surəsi 83-88-ci ayələr:        83. Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, ƏHDİNİZDƏN DÖNDÜNÜZ, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.                                    84. Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.     85. (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi ÖLDÜRÜR, özünüzdən olan bir dəstəya (tayfaya) ZÜLM və DÜŞMƏNÇİLİK etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini İNKAR EDİRSİNİZ? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.             86. Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.            87. (Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar mö’cüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-ə’zəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə TƏKƏBBÜR göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini TƏKZİB ETDİNİZ, bir qismini isə ÖLDÜRDÜNÜZ (Zəkəriyya və ya Yəhya kimi).        88. (Yəhudilər Qur’anı anlamaq və qəbul etmək barəsində) DEDİLƏR: “Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lə’nət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.

Mövzu ilə bağlı ən-Nisa (Qadınlar) surəsi, 153-157-ci ayələrə də nəzər salaq:
153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz ƏDALƏTSİZLİKLƏRİ üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın MÖCÜZƏLƏR GƏLDİYİ HALDA, BUZOVA SİTAYİŞ ETMİŞDİLƏR. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq mö’cüzələr) verdik.
154. Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd aldıq.
155. Lakin onlar verdikləri ƏHDİ POZDUQLARI, Allahın ayələrini İNKAR ETDİKLƏRİ, peyğəmbərləri HAQSIZ YERƏ ÖLDÜRDÜKLƏRİ və: “ÜRƏKLƏRİMİZ PƏRDƏLİDİR!” – DEDİKLƏRİ ucundan (Allahın lə’nətinə düçar oldular). Bəli, ÖZ KÜFRLƏRİ ÜZÜNDƏN Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.
156. Onlar həm də KÜFR ETDİKLƏRİ (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir BÖHTAN DEDİKLƏRİ üçün (lə’nətə düçar oldular).
157. (Onların lə’nətə düçar olmalarının BİR SƏBƏBİ DƏ: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, – demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.

Beləliklə, Quranda yəhudilərə qarşı heç bir haqsızlıq yoxdur. Çünki Bəqərə surəsi 83-88 və Nisa surəsi 153-157-ci ayələrdən göründüyü kimi “lənətlənmə və qəlblərinə möhür vurulması” bütün yəhudilərə yox, ancaq açıq-aşkar dəlillər gördükdən sonra yenə də öz təkəbbürləri üzündən küfrə düşən, Allaha şəriklər qoşan, “ürəklərimiz pərdəlidir” deyən, verdikləri sözə xəyanət edən, Allahın göndərdiyi peyğəmbərləri öldürən, nazil olan kitabın bir qismini inkar edən və insanlara iftira edən bədəməl yəhudilərə aiddir.