Qurani Kərimdə Allah Təala (c.c) buyurur ki, insanlar bu dünyaya imtahan olunmağa gəlirlər. (Ənkəbut 2; Bəqərə 155).

Allah Təala (c.c) insanoğlunu imtahan meydanında tək buraxmamış və imtahanı keçə bilmək üçün ona bir çox nemətlər (zəka, iradə, məntiq, hafizə, təfəkkür, qavrayış və s.) bəxş etmiş və doğru yol göstərən köməkçilər (kitablar, peyğəmbərlər) göndərmişdir.

Bəs imtahan olunmadan insanlar birbaşa Cənnətə yaxud Cəhənnəmə göndərilsəydi necə olardı?

Cavabı iki sadə misal ilə izah etməyə çalışaq.

Misal 1. Fərz edək ki, bu dünyada imtahan olunmadan Həsən birbaşa Cənnətə, Arif isə birbaşa Cəhənnəmə göndərilir. Bu, Arifə qarşı haqsızlıq olmazmı? Onda Arif etiraz edər ki, mənim heç bir pis əməlim olmadan birbaşa Cəhənnəmə gedirəm, Həsənin isə heç bir yaxşı əməli olmadan birbaşa Cənnətə gedir. Axı bu necə ilahi ədalətdir?

Deməli, əgər insanlar imtahan olunmadan birbaşa Cəhənnəmə göndərilsələr, onlara qarşı haqsızlıq olunar və insanlar Allah Təalaya (c.c) qarşı etiraz edərlər.

Allah Təala (c.c.) isə ədalətlidir və heç kəsə zərrə qədər haqsızlıq etməz (Zumər surəsi, 69).

Misal 2. Tutaq ki, sən universitetdə tarix imtahanı verirsən. Səndən əvvəl imtahana girən tələbə yoldaşlarının əksəriyyəti artıq həmin imtahandan kəsiliblər. Bu səbəbdən də tarix müəllimi qərara gəlir ki, sən də imtahanı keçə bilməyəcəksən və ona görə də əvvəlcədən səni imtahadan kəsir. Bu sənə qarşı haqsızlıq olmazmı? Müəllimin imtahan etmədən səni kəsməsinə etiraz etməzsənmi?

Beləliklə, Allah Təala (c.c.) insanları bu dünyada imtahan etməklə, onlara şans verir ki, öz düşüncə və iradələri əsasında seçim etsinlər və öz əlləri ilə qazandıqları nəticəyə sonradan etiraz etməsinlər.

Bunula bağlı Qurani Kərimdə deyilir:

“Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.”  (Ali İmran, 25)