“Allah” kəliməsi İslamdan əvvəl də ərəblər arasında mövcud idi. Bununla bağlı Qurani Kərimdə deyilir: “Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər.” (Zumər, 38)

Bundan başqa peyğəmbər əfəndimizin (s.a.s) atasının ismi Abdullah idi. “Abdullah isminin mənası “Allahın qulu” deməkdir. Deməli, İslamdan əvvəl də ərəblərdə Allah inancı var idi. Ancaq müşrik ərəblər bütləri Allaha yaxınlaşma vasitəsi kimi görür və Ona şərik qoşurdular. Bununla bağlı Qurani Kərimdə deyilir:

“Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər).” (Zumər, 3)

“İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır.” (Bəqərə, 165)

Bu ayələrdən məlum olduğu kimi peyğəmbərimizin zamanında müşrik ərəblər Allahı qəbul edir, lakin “bizi Allaha yaxınlaşdırsın deyə bütlərə ibadət edirik” deyirdilər.

Eyni şəkildə peyğəmbər əfəndimizin (s.a.s) babası Əbdülmuttalib Fil hadisəsində Kəbə qapısının halqasından tutaraq “Ey Allahım! Qul öz evini qoruyar, Sən də evini qoru! onların xaçı və hiyləsi düşmən olaraq sənin tədbirinə qalib gəlməsin!” deyə Allaha yalvarmışdı. 

Qurandan da göründüyü kimi “Allah” kəliməsi İslamdan əvvəl də mövcud idi. Əslində burda qeyri-adi bir şey yoxdur. Çünki bu kəlimə ilk insan və peyğəmbər olan Hz.Adəmdən (a.s) başlayaraq insanlıq tarixi boyunca əvvəlki bütün peyğəmbərlərin dövründə də mövcud olmuşdur.  Lakin sonradan  küfrə düşən bəzi insanlar əvvəlki peyğəmbərlərdən duyduqları bu kəliməni öz bütlərinə aid etmiş və istifadə etməyə başlamışlar. 

Ərəbistan və xüsusilə də Məkkəyə bütpərəstlik Huzaa qəbiləsinin (Bəni Harisə qolunun) lideri Əmr bin Luhay tərəfindən gətirilmişdir. Əmr bin Luhay tutulduğu bir xəstəliyin müalicəsi üçün Suriyanın Belka adlanan bölgəsinə getmiş və orada yerdən çıxan isti su ilə müalicə olunmuşdur. Həmin vaxt orada yaşayan insanların bütlərə sitayiş etdiyini görmüş və bunun səbəbini soruşduqda “Bunlar ibadət etdiyimiz ilahlardır. Onlardan yağış istədikdə, yağdırarlar. Yardım istədikdə, yardım edərlər” cavabını almışdır. Bundan sonra ona da bir ədəd büt verilməsini xahiş etmiş və oradan aldığı “Hübel” isimli bütü Məkkəyə gətirmişdir. Daha sonra insanları bütə sitayiş etməyə çağırmışdır. İmam Fahrüddin-i Razi, hadisəni bu şəkildə nəql edərkən xüsusilə bildirir ki, Amr bin Luhay həmin vaxt Məkkəni idarə edən şəxs olmuşdur. 

Beləliklə, aydın olur ki, əslində Allah kəliməsi İslamdan əvvəllər də mövcud olmuş, lakin Ərəbistan yarımadasında bütpərəstlik yayıldıqdan sonra mənası təhrif edilərək bu ad bütlərə şamil edilmişdir.

“Allah” kəliməsinin kökü və mənasının sonradan təhrif edilməsi haqqında Râğıb el İsfahanî “el-Müfredat fi Garibi’l Kur’ân” əsərində qeyd edir ki: 

“Allah ismi cəlalının əsli ilahdır. Başındaki həmzə ləğv edilib, önünə əlif lam gətirilərək şânı uca Rəbbimizin ismi olmuştur. Bununla bərabər insanlar ibadət etdikləri hər şeyə ilâh ismini vermişlər. Günəşə ilâhə adını vermişlər. Çünki onu (günəşi) özlərinə məbûd etmişlərdi.”

Bunu başqa misalla izah edək. Allahın isimlərindən biri Rəhmandır. Rəhman sifəti ancaq Allaha məxsusdur. Lakin zaman keçdikcə insanlar yanlışlıqla öz uşaqlarına Rəhman adını qoya bilərlər. Amma bu o demək deyil ki, həmin uşaqlar həqiqi ilahdırlar. Sadəcə olaraq həmin uşaqlar Rəhman ismini daşıyırlar. Eynilə ərəb bütpərəstlər də öz ay yaxud günəş tanrılarına el-ilah adını qoymuşdular. Ancaq bu qətiyyən o demək deyildir ki, ərəb müşriklərinin ay tanrısı həqiqi ilah idi.

Mənbələr:

1. Elmalili Muhammed Hamdi Yazır, Quran təfsiri, Fatihə surəsi http://www.kuranikerim.com/telmalili/fatiha.htm

2. Râğıb el-Isfahanî, el-Müfredat fi Garibi’l Kur’ân, İst.1986; Kahraman Yay., sh. 25-26.

3. http://m.sorularlaislamiyet.com/index.php?oku=12146

4. http://www.sorularlaislamiyet.com/qna/7847/peygamber-efendimizin-babasinin-ismi-olan-abdullah-ne-anlama-gelmektedir-araplarin-onceki-put-inanclarinda-allah-kelimesi-var-midir.html

5. http://www.sorularlaislamiyet.com/article/10369/islam-dan-once-cahiliye-doneminde-araplarin-allah-inanci-nasildi.html