SUAL: Çox vaxt ateistlər sual verirlər ki, əgər Allah insanı mükəməl yaradıbsa, bəs onda niyə bu qədər xəstəliklər və ya xəstə insanlar var?

CAVAB:

Əvvəlcə qeyd edək ki, bu sualı verən şəxs özü mükəmməlliklə ölümsüzlük, əbədilik anlayışlarının fərqini doğru başa düşə bilməyib. Ümumiyyətlə, insan orqanizminin mükəmməl yaradılış dizaynı deyərkən insanın heç bir xəstəliyə məruz qalmayan ölümsüz bir vücuda sahib əbədi canlı olduğu nəzərdə tutulmur. Yəni hər bir insan fitrətən ölümlü canlıdır. Bu səbəbdən də əbədi ola bilməz. Demək ki, mükəmməl dizayn olunmuş orqanizm deyərkən insanın mütləq xəstəliksiz və ölümsüz, mütləq mükəmməl və hər şeyə qadir bir canlı olduğu fikri qəsd edilməz. Çünki bu sifətlər yalnız və yalnız Allah Təalaya xasdır. Burdan anlaşılır ki, Allah Təala xaricində mükəmməllik məfhumu nisbilik xarakteri daşıyır. Çünki ölümlü, sonlu bir varlıq olan insan mütləq mənada mükəmməl ola bilməz.

Heç bir insanoğlu bu dünyada əbədi, sonsuz və başdan-sona firavan bir həyat yaşamaq üçün yaradılmayıb. İnsanın bu dünyadakı yaradılış və yaşam qayəsi zatən bu deyil. Qurani-Kərimdə də bildirildiyi üzrə bütün insanlar sonlu və ölümlü bir varlıq olaraq yaradılıblar. Quranda bu haqda belə buyrulur:
(29 – ANKEBÛT) العنكبوت / 57- Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!

Demək, məhz bu səbəbdən də Allah Təala (c.c) kainatda insanın sonunu (əcəlini) gətirəcək bir çox gizli və açıq səbəblər xəlq etmişdir ki, fərqli canlı və cansız ünsürlərin hər biri bu səbəblərin icraatında müxtəlif rol oynamaqdadırlar. Yer üzündə müxtəlif xəstəliklərin, zərərverici və virusların varlığı misalı da buna ən sadə bir örnəkdir.

Digər tərəfdən xəstəliklərin mövcudluğu səbəbini izah etməyə çalışsaq, yəqin ki, məsələyə başqa aspektdən də yanaşmaq olar. Bilindiyi kimi yaradılış etibarilə insan fitrətinə xas olan bir sıra fiziki məhdudiyyətlər vardır. Yəni insanın fiziki və zehni bacarıqları heç də sərhədsiz və sonsuz imkanlara malik deyildir. Ən bəsit formada izah etsək, məsələn, insan quş kimi uça bilmək qabiliyyətinə sahib deyil, at kimi sürətli qaça və ya balıq kimi sürətli üzə bilmir, fil kimi fiziki güclü deyil, səhra canlıları kimi çox isti və qütblərdə yaşayan canlılar kimi kəskin soyuğa qarşı dözümlü deyil və s.

İndi belə bir sual qoyaq:

İnsan orqanizminə xas müxtəlif fiziki məhdudiyyətlərin mövcud olması yaxşıdır yoxsa pis?

Əlbəttə, ilk baxışda bu cür məhdudiyyətlərin olması bəlkə də mənfi təəssürat yarada bilər. Əslində isə belə deyil. Gəlin məsələni bəzi suallarla izah edək:

– Əgər insan quşlar kimi yüksəklərdə uça bilsəydi, onda heç ağlını işlədib təyyarə, helikopter kimi uçan aparatları kəşf etməyə ehtiyac duyardımı? Xeyr.

– Əgər insan at kimi sürətli qaça və uzun məsafələr qət edə bilsəydi, onda öz zehni potensialını ortaya qoyub avtomobil, motosiklet və digər motorlu nəqliyyat vasitələri icad etməyi düşünərdimi? Xeyr.

– Əgər insan su canlıları kimi dənizdə və su altında uzaq məsafələrə üzmək imkanlarına sahib olsa idi, onda  qayıqlar, katerlər, gəmilər, sualtı gəmilər ixtira etməyə gərək duyardımı? Xeyr.

– Əgər insan fil kimi fiziki gücə malik olsaydı, onda traktor, kran, kombayn, ağır tonajlı yük maşınları, avtomatlaşdırılmış istehsal sistemləri və s. düzəltməyə həvəsli olardımı? Xeyr.

– Əgər insan səhra heyvanları kimi istiyə yaxud qütb heyvanları kimi soyuğa dözümlü olsa idi, onda kondisioner və başqa isitmə-soyutma sistemləri kimi modern texnologiyalar kəşf edərdimi? Xeyr.

Göründüyü kimi fiziki məhdudiyyətlərin olması əslində bir çox cəhətdən yaxşıdır. Çünki insanın zehni inkişafına təkan verən ən əsas səbəblərdən biri məhz həmin fiziki məhdudiyyətlərin mövcudluğudur. Bu məhdudiyyətlərin öhdəsindən gəlməyə çalışan insanoğlu yeni-yeni kəşflər edərək elmi tərəqqini daha da sürətləndirir.

Eyni fikirləri xəstəliklər haqqında da söyləmək olar. Təsəvvür edin ki, müəyyən bir xəstəliyin səbəbləri və müalicə yollarını öyrənmək üçün alimlər aylarla, bəzən illərlə araşdırmalar aparmalı olurlar. Bu araşdırmaların gedişatında təbiətin və canlı orqanizmlərə aid müxtəlif sahələr tədqiq olunur, yeni-yeni faydalı biliklər qazanılır, yeni elm və araşdırma sahələri ortaya çıxır və s. Yuxarıdakı sualımızı bir qədər fərqli formada burda da təkrarlayaq:

– Əgər yer üzündə xəstəliklər olmasa idi, onda tibb elmi və onunla bağlı olan digər müxtəlif elmi-praktiki sahələrin (anatomiya, fiziologiya, genetika, nevrologiya, biologiya, kimya və s.) inkişafı üçün stimul olardımı?  Əlbəttə ki, xeyr.

Deməli, müxtəlif xəstəliklərin mövcud olması insanı fərqli müalicə üsulları tapmağa məcbur edir. Nəticədə, insan öz ağlını işlədərək təbiəti araşdırır, canlıların fiziki-bioloji quruluşunu və maddələrin kimyəvi tərkibini öyrənir, təcrübələr aparır, laboratoriyalar düzəldir, tədqiqat cihazları və metodları icad edir və sairə. Beləliklə, xəstəliklərin olması dolayı yolla insanın zehni inkişafına və yeni elmi kəşflərə imza atmasına zəmin yaradaraq sanki gizli motivator rolunu oynamış olur.

Məsələyə digər aspektdən yanaşsaq, əlbəttə ki, xəstəliklərin mövcud olmasının insanı Allah Təalanın (c.c) bəxş etdiyi sağlamlıq neməti haqqında düşünməyə və şükr etməyə vadar edən ibrətamiz cəhəti də vardır.

Xəstəliklər həm də insanoğluna öz acizliyini, ölümü və əbədi olmadığı gerçəyini xatırladan ilahi bir mesajdır. Bəlkə də başqa vaxtlarda axirəti unudaraq başı yalnız dünya həyatına qarışmış insanoğlu xəstələnib yatağa düşüncə dünya zövqlərinin fani və keçici olduğunu bir daha anlayır, düşünür və günahlardan tövbə edərək daha çox dua, istiğfar edir. Başqa sözlə, xəstəlik bir növ insanın həyata baxış fəlsəfəsini dəyişir, onu öz yaradılış qayəsi üzərində təfəkkür etməyə sövq edir. Demək ki, xəstəliklərin var olma hikmətlərindən biri də insanı Rəbbinə yaxınlaşdırmağa vəsilə olmasıdır.

Bəli, göründüyü kimi əslində xəstəliklərin mövcud olmasının da insanoğlu üçün bir çox zehni faydaları və hikmətləri vardır. Allah Təala (c.c) heç nəyi səbəbsiz və boş yerə yaratmamışdır. Bu səbəbdən də xəstəliklərin varlığı məhz ilahi nizamın bir parçasıdır.