Məlumdur ki, İslam, Xristianlıq və Yəhudilikdə Allah hər şeyə qadir olaraq vəsf olunmuşdur. Orta əsrlərdən bəri ateistlər bu cür vəsfi olan ilahın mövcud ola bilməyəcəyini isbatlamaq üçün “Mütləq Qüdrət Təzadını” (Omnipotence paradox) istifadə edirlər. Bu “təzadın” bir çox növlərinin olmasına baxmayaraq, biz ən məşhur olanı qeyd edək: “Allah özünün belə hərəkətə gətirə bilməyəcəyi qədər böyük daş yarada bilərmi”?

Fərz olunan odur ki, əgər cavab “bəli” olarsa, o zaman Allah Mütləq Qüdrət sahibi deyil, çünki müəyyən daşı hərəkətə gətirməkdən acizdir. Əgər cavab “xeyir” olarsa, o zaman Allahın müəyyən daşı yaratmaqdan aciz olduğu deyiləcək, və beləliklə Mütləq Qüdrət sahibi olmayacaq. Yəni, bu “təzada” verilən istənilən cavab Allahın Mütləq Qüdrət sahibi olmadığını göstərəcək, və beləliklə təkilahlılıq dinlərinin inandığı Yaradıcının əslində mövcüd olmadığını isbatlayacaq. Bu “təzada” cavab verməkdən öncə qeyd etməliyik ki, dinə qarşı yönəlmiş bu cür şübhələr yalnız məntiq elmindən cahil olan kəslər tərəfindən edilə bilər.

Suala cavab verməzdən əvvəl “Mütləq Qüdrət Təzadının” bəzi digər növlərini da sizlərə təqdim edək. Misal üçün: “Allah başqa bir Allah yarada bilərmi”? “Allah Öz mövcudluğuna son verə bilərmi”? və s. Bu suallar ateistliyə yeni-yeni qədəm qoymuş məlumatsız insanların daha çox verdiyi elementar, qeyri-məntiqi və ikibaşlı suallardan bəziləridir. Bizim zamanda Avropa və Amerika elmi dairələrində özünə hörmət edən heç bir ateist belə suallar ünvanlamaz.

Əvvəla, qeyd etmək lazımdır ki, bu sualı soruşan şəxs özlüyündə əvvəlcədən sərhədlənmiş subyektiv bir Yaradan modeli qəbul edir və Allahın (c.c) gücünün və qüdrətinin sonsuz olduğunu bilmədən bu sualı soruşur, yaxud bunu bilsə belə istər-istəməz öz ağlında Allahın (c.c) qüdrətinə bir sərhəd çəkməyə cəhd edir. Əgər həmin şəxs öz düşüncəsində Allahın (c.c) gücünə və qüdrətinə bir sərhəd çəkməmiş olsaydı, onda bu gücü və qüdrəti başqa bir böyüklüklə (nəhəng daşla) müqayisə etmək gərəyi əsla duymazdı. Yalnız iki müəyyən böyüklük bir-biri ilə müqayisə oluna bilər, sonsuzluq başqa bir böyüklüklə müqayisə oluna bilməz, çünki sonsuzluq bütün böyüklükləri əhatə edir.

Riyaziyyatdaki sonsuz böyüklüyü düşünək. Bu sonsuzluğa 1 əlavə etsək bir əvvəlki sonsuzluqdan daha mı böyük olar? Təbii ki xeyr, sonsuzluq yenə sonsuzdur. Əgər ilk başda sonsuzluq saydığımız böyüklüyə 1 əlavə edincə daha çox bir böyüklüyə çatsaq, onda bu o deməkdir ki, əvvəlki böyüklüyümüz əslində sonsuz deyilmiş, çünki sonsuz olsaydı, bir ədəd əlavə olunduğu zaman əvvəlki böyüklüyündən daha böyüyü ola bilməzdi.

Burda bir də dil ölçüsü var. Yəni, necə ki, riyaziyyatda müxtəlif paradokslar ola bildiyi kimi bizim danışıq dilimizdə də bu tərz paradokslar ola bilər. Yəni cavab şəklində konkret olaraq “hə” və ya “yox” deyə bilmərik bu paradoksların cavabına.

Daha asan başa düşülməsi üçün bir sual əsasında nümunə verək. Məsələn, “yaşıl rəngin uzunluğu onun çəkisindən çox ola bilərmi?” Bu cür sualların “hə” yaxud “yox” deyə konkret bir cavabı yoxdur. Çünki sualın özündə bir məntiq xətası var. Yaşıl rəng nə ölçüyə, nə də ki, fiziki çəkiyə sahib deyildir. Ona görə də biz yaşıl rəngin ölçü və çəkisini öz düşüncəmizdə müəyyən bir çərçivəyə sala bilmərik.

Daha əvvəl heç dalaşmadığınız bir dostunuzun yanına gedək və ondan belə bir sual soruşaq: “Səni məndən başqa döyən oldu mu?”

Soruşduğumuz dostumuz bu suala “bəli” deyə bilməz, çünki “bəli” dediyi təqdirdə bizim onu döydüyümüzü və buna əlavə olaraq başqalarının da onu döydüyünü qəbul etmiş olar, lakin biz bu dostumuzu döymədiyimizi demişdik şərtdə. O halda geriyə “xeyr” variantı qalır, amma “xeyr” cavabı da doğru bir cavab olmayacaq. Çünki “xeyr” dediyi təqdirdə “Məni səndən başqa kimsə döymədi” demiş olar. Bu vəziyyətdə yoldaşımız yalnız bizim tərəfimizdən döyüldüyünü qəbul etmiş olur. Nəticə olaraq heç dalaşmadığınız birindən “səni məndən başqa heç döyən oldu mu?”sualını soruşduğunuzda “bəli” və ya “xeyr” cavabının verilməsi qeyri-mümkündür. Yəni bu sual səhv soruşulmuşdur.

Beləliklə,  “Allah özünün qaldıra bilməyəcəyi daş yarada bilərmi?” sualı məntiqi cəhətdən tamamilə səhvdir. Çünki bu sual əslində sonsuz güc-qüdrət sahibi və bütün nöqsanlardan münəzzəh olan bir Yaradana gücsüzlük kimi bir nöqsanı şamil etməyə yönəlmişdir.

“Mütləq Qüdrət Təzadını” (Omnipotence paradox) haqqında yuxarıdakı suallara cavab vermək üçün biz eyni zamanda məntiq elminin əsaslarından biri hesab olunan “Ziddiyətsizlik qanunu” (Law of noncontradiction) anlamalıyıq. Bu qanun deyir ki, iki ziddiyətli ifadə (statement) eyni zamanda eyni aspektdən doğru və xətalı ola bilməz: A bərabərdir B və A bərabər deyil B ifadələri eyni zamanda hər ikisi doğru və yanlış ola bilməz. Misal üçün bir heyvan eyni zamanda “it olub, it olmaya” bilməz, bir kişi “evli olub, subay” ola bilməz. Yəni, bu cür ziddiyətli məfhumlar həqiqətdə mövcud ola bilməzlər. Əgər biz yuxarıdakı cümlələri də analiz etsək, görəcəyik ki, həqiqətdə bu cümlələrdə ifadə edilən məfhumların mövcud olması mümkün deyil.

Misal üçün “Allah başqa Allah yarada bilərmi”? sualını ələ alaq. “Allah” məfhumunun tərifi “Hər şeyi Yaradan Yaradılmamış varlıqdır”. Bu tərifi suala qoysaq alacağımız nəticə: “ Allah Yaradılmamış bir şeyi Yarada bilərmi” olacaq. Göründüyü kimi bu, yuxarıda qeyd etdiyimiz məntiq qanununa ziddir, deməli mövcud ola bilməz. Təzadın digər varianlarını da bu cür ələ alaq: “Allah heç bir zaman mövcudluğu bitməyəcək varlığın ( yəni, Özünün) mövcudluğuna son verə bilərmi”? Allahın hərəkə gətirə bilməyəcəyi daşın mövcud olması mümkün deyil, bu zaman ilk qeyd olunan sual belə qoyula bilər: “Allah yaradıla bilməyəcək bir şeyi yarada bilərmi”? Bütün biz bunlardan anlayırıq ki, Mütləq Qüdrət Təzadının bizə ünvanlandırdığı bütün istəklər əslində mövcud ola biləcək məfhumlar deyil, əksinə mövcudluğu mümkün ola bilməyəcək məntiqi boşluqlardır. Bu suallara cavab olaraq biz “xeyr, Allah bunları edə bilməz” cavabını veririk. Lakin bu cür cavab verməmiz Allahın Mütləq Qüdrətini naqis etmir.

Ateistlərin anlamadıqları nöqtə “Mütləq Qüdrətin tərifidir. Mütləq Qüdrət mümkün olan şeylərə aiddir, yəni Allah mövcudluğu mümkün olan hər bir şeyə qadirdir, mövcudluğu mümkün olmayan şeylərə qadir olmaması isə naqislik deyil. Əksinə, onlara qadir olmaması onun Qüdrətinin Kamiliyyinə işarədir. Misal üçün, əgər Allah başqa Allah yaratmağa qadir olsa idi, o zaman iki Allah olardı, və bu şübhəsiz ki, naqislikdir. Allahın tək olması və bənzəri olmaması onun Kamilliyidir, naqisliyi deyil. Əgər Allah öz mövcudluğuna son qoya bilsə idi, o zaman Allah məxluqlar kimi fani olardı, və bu şübhəsiz ki, naqislikdir. Onun Mövcudluğunun hətta Özü tərəfindən sona gətirilə bilinməməsi isə onun Mütləq Kamil Həyata sahib olmasına işarədir. Oxşar şəkildə, əgər Allah hərəkətə gətirə bilməyəcəyi daşı yarada bilsə idi, o zaman naqis olardı, çünki hansısa daşın hərəkətə gətirilməsindən aciz olacaqdı. Lakin belə bir daşı yarada bilməməsi Onun istənilən şeyi hərəkətə gətirə biləcək Mütləq Qüdrətindən xəbər verir. Əslində biz deyə bilərk ki, belə bir daşın mövcudluğunun imkansızlığı Allahın deyil, bu cür daşın özünün naqisliyidir, çünki bu cür daş mövcud ola bilməz.

Mövcudluğu mümkünsüz olan şeyləri etməyi bacarmamağın naqislik olmamasını sübut etmək üçün sadəcə əlavə bir misal qeyd edək. Hamıya məlumdur ki, 1,2 və 3 rəqəmlərini tərtiblə yalnız 6 şəkil üzərə qurmaq olar:

1,2,3       1,3,2      2,1,3     2,3,1      3,1,2     3,2,1

Bu qeyd etdiyimizdə başqa şəkil üzərə bu rəqəmləri qurmaq mümkün deyil. Əgər biz Kembric universitetinin professoru Stephen Hawking’ə bu rəqəmləri mümkün ola biləcək şəkillər üzrə qurmasını istəsək və o altı mümkün variantdan yalnız dördünü qeyd edə bilsə, o zaman biz onun riyaziyat elmində cahil olduğunu deyə bilərik. Lakin əgər o mümkün olan bütün variantları bizə təqdim edərsə və biz ondan yeddinci varinatı ixtira etməyi tələb etsək, mümkün olmayan bir şeyi tələb etmiş olacağıq. Hawking’in bunu edə bilməməsi heç cür onun riyaziyatda naqis olduğuna işarə etməz. Beləcə, Allahın da mümkünsüz şeyləri edə bilməməsi naqislik deyildir.