Adətən, ateistlərin verdikləri bu tipli gülməli suallarla yəqin ki, sosial şəbəkələrdə qarşılaşmısınız. Bütün dövrlərdə iman etməyənlərin əlində n qədər bəhanələr var idi. Məsələn, peyğəmbərin zamanında yaşayan kafirlər deyirdilər ki, peyğəmbər sehrbazdır, şairdir, kahindir, məcnundur. Yaxud da müşriklər iddia edirdilər ki, niyə peyğəmbər onlara mələk cildində göndərilməyib və ya niyə Qurani Kərim bütöv halda nazil olmayıb və sair və ilaxır.
İndiki dövrdə də ateistlər analoji olaraq iddia edirlər ki, “Quranda heyvan və bitkilərin  yaradılışı və s. haqqında niyə bilgi yoxdur.” Guya Quranda heyvan və bitkilərin yaradlılışı və s. haqqında bilgilər olsa idi, ateistlər dərhal iman edəcəkdilər. Başqa sözlə, bu bəhanələr yenilik deyil. 1400 il keçib, amma köhnə əsassız iddialar olduğu kimi təkrarlanır. Köhnə hamam, köhnə tas.

İlk öncə qeyd edək ki, Quran fizika, biologiya və s. üzrə məqalələr toplusu deyil. Ancaq alimlər onun müxtəlif ayələrində son dərəcə böyük məharətlə və dəqiq heca ilə yazılmış bəzi elmi həqiqətləri yalnız yaxın zamanlarda kəşf ediblər. Quranın nazil olunduğu dövrdə elmi üsullarla əldə edilə bilməyən bu bilgilər bizim dövrün insanlarına bir daha sübut edir ki, Quran uca və qüdrətli Allahın sözüdür.

Qurani Kərimdə bir sıra ayələrdə kainatın və canlıların yaradılışı və s. haqqında ümumi şəkildə elmi məlumatlar verilmişdir. Bu ayələrdə məqsəd insanların diqqətini Allah Təalanın (c.c) yaratma qüdrətinə cəlb etməkdir. Qurani Kərimdə bütün canlıların Allah Təala (c.c) tərəfindən yaradıldığı qeyd olunur.

əl-Ənbiya (Peyğəmbərlər) surəsi, 30-cu ayə: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).”

ən-Nur (Nur) surəsi, 45-ci ayə: “Allah hər bir heyvanı sudan yaratmışdır. Onların bə’zisi qarnı üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!”

əz-Zuxruf (Qızıl bəzəklər) surəsi, 12-ci ayə: “Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.”

ən-Nəcm (Ulduz) surəsi, 45-ci ayə: “(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur.”

Doğrudur ki, Qurani Kərimdə müxtəlif elm sahələrinə aid bir çox faktlar öz əksini tapmışdır. Lakin bu o demək deyildir ki, Qurani Kərim bir elm kitabıdır. Quranda dünyəvi elmlər haqqında detallı məlumat verilmir. Bunun səbəbi odur ki, İslam dini və Qurani Kərim insanlara zoologiya, biologiya, arxeologiya, kimya, fizika, coğrafiya və s. kimi dünyəvi elmləri öyrətmək üçün göndərilmiş bir dərslik vəsaiti yaxud çoxcildli ensklopediya kitabı deyildir. Əslində buna heç ehtiyac da yoxdur. Çünki həmin elmləri insanlar ağıllarını işlədərək onsuz da öyrənə bilərlər. Amma yalnız dünyəvi elmləri öyrənməklə insanlar kainatdakı sirləri, həyatın məqsədi və kainatın yaradılma qayəsi kimi mühüm sualların cavabını başa düşə bilməzlər. Çünki dünyəvi elmlərin müxtəlif sahələr üzrə cavab verə bilmədiyi çoxlu sayda suallar vardır. Digər tərəfdən dünyəvi elmlər insanlara əxlaq, mənəviyyat, inanc kimi əhəmiyyətli məsələlərdə fundamental həll yolları göstərə bilməz.

Hətta qatı təkamülçü bioloq Richard Dawkins də özünün “Şeytanın keşişi” (Devil’s chaplain) kitabında elmin etika (əxlaq) mövzusunu izah etmək gücündə olmadığını belə etiraf edir: “Elmin nəyin etik (əxlaqi) olduğuna qərar verə biləcəyi metodları yoxdur. Bu həm fərdlər, həm də cəmiyyət üçün belədir” (Richard Dawkins, Devil’s chaplain, page 34).

Bu səbəbdən də Qurani Kərim insanlara mənəvi rəhbər olaraq onlara doğru yolu və haqqı göstərmək üçün göndərilmişdir. Yoxsa ki, Qurani Kərim zoologiya, biologiya, kimya, arxeologiya yaxud paleontologiya və s. haqqında kitab deyildir.  Bununla bağlı Allah Teala (c.c) Qurani Kərimdə belə buyurur:

“Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız BİR MOİZƏDİR (ÖYÜD-NƏSİHƏTDİR)”. (Ən’am, 90).

“Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və mö’minlərə ÖYÜD-NƏSİHƏT VERMƏK ÜÇÜN SƏNƏ NAZİL EDİLƏN KİTABDIR. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın! (Ə’raf, 2)”.