İslam düşmənləri adətən iftira edirlər ki, guya peyğəmbərimiz (s.a.s) qadın, var-dövlət və hakimiyyətə düşkün idi. Lakin Hz. peyğəmbərin həyatını diqqətlə oxuduqda əslində bu iddiaların əsassız və çirkin bir iftira olduğunu görməmək mümkün deyil. Əvvəla qeyd edək ki, zatən peyğəmbərin zamanında ərəb cəmiyyətində çoxarvadlılıq ənənəsi geniş yayılmışdı və hər kəs tərəfindən normal qarşılanırdı. Hətta o dövrdə qadınlara dəyər verilmirdi, zina və fühuş adi hal sayılırdı, bir sıra ərəb qəbilələrindəki vəhşi adət-ənənəyə görə qız uşaqları diri-diri torpağa basdırılırdı və s. Bir sözlə, demək olar ki, qadının cəmiyyətdə heç bir dəyəri yox idi.

Əgər peyğəmbərin (s.a.v) məqsədi çoxlu qadınlara sahib olmaq idisə, onsuz da bunu açıq şəkildə istədiyi qədər və istədiyi vaxt edə bilərdi. Yəni çoxlu qadına sahib olmaq üçün peyğəmbərlik elan etmək zərurəti yox idi. Qarşısında heç bir ictimai-mənəvi əngəllər yox idi. Halbuki peyğəmbərin (s.a.v) həyatından da bəllidir ki, 25 yaşına qədər əxlaqlı həyat sürmüş, heç bir qadınla yaxınlıq etməmiş, zina və fühuşdan uzaq olmuşdu. Hətta peyğəmbərlik gəldikdən sonra onun ən qatı düşmənləri olan Məkkə müşrikləri belə peyğəmbəri əxlaqsızlıqda günahlandırmaq üçün heç bir səbəb və ya bəhanə tapa bilməmişdilər. Sizcə belə bir şəxs heç qadına düşkün birinə bənzəyirmi? Xeyr.

Digər tərəfdən peyğəmbərin (s.a.v) var-dövlətə nə ehtiyacı ola bilərdi? Zatən hələ peyğəmbərlik gəlməzdən əvvəl də Hz.Muhamməd ticarətlə məşğul olurdu, ticarət illərində əmisi Əbu Talibə yardım edirdi. Eyni zamnada babası Əbdülmütəllib Qureyşin zəngin liderlərindən idi, əmisi Əbu Talib zəngin və nüfuzlu insan idi və s.

İslamı təbliğ etməsin deyə Məkkənin varlı müşrikləri tərəfindən dəfələrlə peyğəmbərə (s.a.s) Məkkənin ən gözəl qadını ilə evlənmək təklif edildi, var-dövlət və vəzifə təklif edildi. Əgər peyğəmbər (s.a.s) bunlara düşkün olsa idi, dərhal bunları qəbul edərdi. Yoxsa ki, öz həyatını və yaxınlarını təhlükə altına qoyub illərlə əziyyət və təhqirlərə qatlaşmazdı. Hazır vəzifə, var-dövlət və gözəl xanımı qoyub sonu bilinməyən sıxıntı və işgəncəli həyatı kim seçər ki?

Əgər peyğəmbər (s.a.s) bütün bunlara düşkün olsa idi, Məkkənin fəthindən sonra özünə qızıldan saray tikdirərdi, bahalı əlbisələr geyərdi, təmtəraqlı və zəngin bir həyat sürərdi. Peyğəmbər istəsə idi, Məkkənin fəthi zamanı 10 minlik qoşunla Məkkə müşriklərinə divan tutar və onların sərvətini talayardı. Halbuki peyğəmbər (s.a.s) bunların heç birini etmədi və özünə ən qatı düşmən olan insanları əfv etdi. Sadə, kasıb və mütəvazi bir həyat tərzi sürdü.
Heç hakimiyyətə, var-dövlətə və qadına düşkün birinə bənzəyirmi? Xeyr.

Tarixdən də məlumdur ki, siyasi hakimiyyətə gəlmək istəyən şəxslər üçün ən önəmli məsələ çox qısa zamanda öz ətrafına çoxlu tərəfdarlar toplamaqdır. Xüsusən də cəmiyyətdə söz sahibi olan nüfuzlu, varlı müşrik ərəblərin rəğbətini və dəstəyini qazanmaq hakimiyyəti ələ keçirməkdə peyğəmbərə xeyli kömək edəcək ən yaxşı taktika ola bilərdi. Əgər əsl məqsəd hakimiyyəti ələ keçirmək idisə, niyə görə peyğəmbər yaşadığı cəmiyyətdəki varlı və güclü bütpərəst ərəbləri öz tərəfinə çəkmək üçün onların bütlərini tərifləmək əvəzinə güclü tənqid atəşinə tutur və beləcə zəngin ərəblərin nifrətinə səbəb olurdu?

Əgər peyğəmbər həqiqətən hakimiyyəti ələ keçirmək üçün Quranı yazmışdısa, niyə görə Quranda xaçpərəst və yəhudilərə (kitab ehli) qarşı ayələr “yazaraq” onlarla dərin konfliktə girərək onları özündən uzaqlaşdırmışdı. Bununla da xeyli tərəfdar itirmiş və çoxlu düşmənlər qazanmışdı. Heç hakimiyyətə gəlmək istəyən birinə oxşayırmı?

Əgər peyğəmbər (s.a.s) həqiqətən diktator olsa idi, bütün diktatorlar kimi O da Məkkənin fəthindən sonra güc sahibi olduqdan sonra

– Öz şəkillərini çəkdirər və hər yerdən asdırardı.

– Öz heykəllərini düzəltdirər və hər yerə göndərərdi.

– Öz adına pul kəsdirər və şəklini pulun üstünə həkk etdirərdi.

– Özü haqqında mədhiyyə və tərifnamə kitabları yazılmasını əmr edərdi.

– Dəbdəbəli saraylarda yaşayar və bahalı əlbisələr geyərdi.

– Özünü “sultanlar sultanı”, “ümumimilli lider”, “xalqın atası” adlandırardı. Halbuki, o, özünü qul adlandırırdı və “Mən Allahın qulu və elçisiyəm” deyirdi.

– Ona sui-qəsd hazırlayan, başına pul qoyan, özünə və müsəlmanlara çoxlu zülümlər edən Məkkə müşriklərini Məkkənin fəthi zamanı bağışlamaz və dərhal məhv edərdi.

Əgər peyğəmbər (s.a.s) həqiqətən diktator olsa idi, heç kəsin fikrini dinləməz və öz istədiyi kimi hərəkət edərdi. Halbuki, İslamda diktatura yoxdur. İslamda şura (məclis, iclas) deyilən bir anlayış var. Hətta Quranda da Şura surəsi var. Peyğəmbər həmişə qərar qəbul edəndə şura çağırar və səhabələrlə məşvərət edər, onların da fikirlərini öyrənər və çoxluğun razılığı əsasında məclis halında qərar qəbul edərdi. Heç diktator birinə bənzəyirmi? Xeyr.

Məhəmməd peyğəmbər (s.a.s) hələ gənc yaşlarında ikən Məkkə cəmiyyəti içərisində əmin (son dərəcə sədaqətli və etibarlı adam) kimi ad çıxarmışdı. Hətta onu sevməyən Məkkə müşrikləri belə onun bu xüsusiyyətini etiraf etmək məcburiyyətində qalmışdılar. Məkkəlilər Ona təkcə adı ilə deyil, “əl-Əmin” ləqəbi ilə müraciət edirdi. Bəli, O, bu məziyyəti ilə tanınırdı. Kəbə təmir edilmişdi və növbə Həcərül-Əsvədi (Biz “Həcərül-Əsad” “xoşbəxt daş” deyək) əvvəlki yerinə qoymağa çatanda qəbilələr qılınclarını yarıyacan sıyırmışdılar: hər kəs bu şərəfə özü nail olmaq istəyirdi. Nəhayət, belə bir qərara gəldilər: Kəbəyə ilk girən şəxs bu məsələnin həlli üçün hakim olacaqdı. Hər kəs intizarla gözləyirdi və təbii ki, Allah Rəsulunun heç bir şeydən xəbəri yox idi. Onun dost-düşmənin etibarını qazanmış gül üzü görününcə sevinclə: “Əmin gəlir”, – dedilər və Onun hökmünə qeydsiz-şərtsiz razı olacaqlarını söylədilər (Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/425; Hakim, əl-Müstədrək, 1/628; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 1/209).

Çünki Ona tam etibar edirdilər. Allah Rəsulu o gün hələ peyğəmbər göndərilməmişdi, amma hər kəsin etimadını qazanmışdı və bir peyğəmbərə xas bütün xüsusiyyətləri özündə birləşdirirdi. Bəli, fəzilət odur ki, düşmənlər belə qəbul və təsdiq edir. Peyğəmbərimizin (s.a.s.) ən qəddar düşməni olan Əbu Süfyan belə Onun doğruluğunu təsdiq edirdi:

Allah Rəsulu yaxın ölkələrin hökmdarlarına namələr göndərirdi. Bu məktublardan birini də Roma imperatoru İrakliyə (He­rak­lius) göndərmişdi. İrakli məktubu axıra qədər oxudu. O əsnada Şam bölgəsində olan Əbu Süfyanı çağırtdırdı. Onların arasında belə bir dialoq oldu:

– Onun ardınca daha çox kimlər gedir, varlılar, yoxsa kasıblar?
– Kasıblar.
– Ona inananlar arasından dönənlər oldumu?
– İndiyə qədər xeyr.
– Sayları artır yoxsa, azalır?
– Gündən-günə daha da çoxalırlar.
– Həyatında heç yalan danışdığını eşitmisinizmi?
– Xeyr, heç birimiz Onun yalan danışdığını eşitməmişik.

Məktubdan bərk təsirlənən İrakli hələ o vaxtlar Müsəlmanların ən amansız düşməni olan Əbu Süfyanın verdiyi cavablardan heyrətə gəldi, özünü saxlaya bilməyib belə dedi: – Bir insan indiyəcən insanlara yalan danışmamışsa, Allaha qarşı yalan danışması mümkün deyil (Buxari, Bədül-vəhy 6; Müslim, Cihad74).

Mövzumuzla bağlı hissəsini qısaca verdiyimiz bu hadisədə Allah Rəsulunun doğruluğuna iki dəlil vardır. Birincisi, Bizans imperatoru İraklinin qənaətidir. İkincisi isə, o gün hələ İslamı qəbul etməmiş Əbu Süfyanın verdiyi cavabdır. Əslində, İraklinin sözlərində dərin məna var. Bəli, qırx ya­şı­na­dək zarafatla da olsa, yalan danışmayan bir insanın axirətə üz tutduğu bir dövrdə, üstəlik də Allah-Təala qarşısında yalan danışması mümkündürmü?! Qırx yaşınacan Onun yalan söz söylədiyini və ya sözündə dur­madığını bir kimsə nə görmüş, nə də eşitmişdi. Heç yalan danışan birində belə xüsusiyyətlər ola bilərdimi?

Daha sonra səhabə olma şərəfini qazanan bir şəxs deyir: “Cahiliyyə dövründə Allah Rəsulu ilə bir yerdə görüşmək barədə vədələşmişdik”. Belə deyir o səhabə: “Söz verdiyimi unutmuşdum. Üçüncü gün yadıma düşdü, dərhal qaçaraq razılaşdığımız yerə getdim. Allah Rəsulu orada gözləyirdi. Mənə nə hirsləndi, nə də incidi. Yalnız: “Ey gənc, mənə əziyyət verdin. Üç gündür burada səni gözləyirəm”, – dedi”(Əbu Davud, Ədəb 82).

Allah Rəsulu (s.a.s) var-dövlət istəmirdi və kasıb idi. Ömrü boyu arpa çörəyi ilə də olsa qarnını doyurmamışdı. Bəzən günlərlə, həftələrlə, hətta aylarla Onun evində ocaq asılmaz, şorba qaynamazdı. (Buxari, Hibə 1; Riqaq 17; Müslim, Zühd 28-36).

Əbu Hureyrə (r.a.) nəql edir: “Bir gün Allah Rəsulunun hüzuruna getdim. Namazı oturaraq qılırdı. Qurtarandan sonra soruşdum:
– Ya Rəsulallah, xəstəsinizmi?
– Xeyr, aclıq, ya Əba Hureyrə, – dedi. Ağlamaya başladım. Hörmətinə kainat yaradılan və Rəbbin ən sevgili qulu olan bir Rəsulun aclıq üzündən ayağa qalxmağa taqəti yox idi, namazını oturaraq qılırdı. Mənim ağladığımı görüncə təsəlli etdi:
– Ağlama, ya Əba Hureyrə! Bu dünyada aclıqdan iztirab çəkən o biri aləmdə ilahi əzaba məruz qalmayacağına əmin olacaq, – dedi. (Əbu Nuaym, Hilyətül-övliya, 7/109; 8/42-43).

Ənsardan bir qadın Ona döşək kimi bir şey gətirmiş və Həzrət Aişə (r.a.) onu Allah Rəsulunun həmişə istirahət etdiyi həsirin üstünə sərmişdi. Evə gələndə bu mənzərəni görən Allah Rəsulu onun nə olduğunu soruşmuş və belə buyurmuşdu:

– Aişə, Onu dərhal geri qaytar. Allaha and olsun ki, əgər arzu etsəydim, Allah mənim sağımda və solumda qızıldan və gümüşdən dağlar döşəyərdi, lakin mən istəmirəm. (İbn Əbi Asam, Kitabüz-zühd, s. 14; Təbərani, əl-Mücəmül-övsat, 6/141; Beyhaqi, Şuabül-iman, 2/173).

Peyğəmbər (s.a.s) həyatı boyu kasıb və sadə yaşadığı faktı əslində bir çox hədislərdə və peyğəmbərin həyatına aid kitablarda öz əksini tapmışdır. Bəli, peyğəmbər (s.a.s) əgər istəsə idi, firavan və təmtəraqlı yaşaya bilərdi, amma istəmirdi. Bir gün bir mələk gəldi və Allahdan (c.c.) salam gətirdi. Sonra da soruşdu: “Ya Rəsulullah, Allahın salamı var, soruşur ki: hökmdar peyğəmbər olmaq istəyirsən, yoxsa qul peyğəmbər?” Cəbrail imdada yetişdi: “Ya Rəsulullah, (Rəb­binə qarşı) təvazökar ol!” Və Allah Rəsulu seçimini etdi: “(Bir gün ac qalıb dua edən, bir gün tox olub şükür edən) qul peyğəmbər olmaq istəyirəm”(İbnül-Mübarək, əz-Zühd, s. 264-265; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/231; Nəsayi, əs-Sünənül-kübra, 4/171; Təbərani, əl-Mücəmül-kəbir)

Ömər (radıyallahu anh) buyurdu: “Siz istədiyiniz qədər yemək və içki tapa bilmirsinizmi? And olsun, Peyğəmbərinizi (sallallahu aleyhi və səlləm) gördüm, xurmanın ən incələrindən belə qarınını doyuracaq miqdarı tapa bilmirdi.” [Səhih ət-Tərğib, V/154]

Mübarək həyatını diqqətlə incələdiyimizdə qarşımıza belə bir tablo çıxır: Peyğəmbər Əfəndimiz bir gündə iki pay isti yemək yeməmişdir. Bəzən aylarca evində isti yemək tapılmazdı. Sirkə ilə quru çörək yeyər və “Nə gözəl nemətdir” buyurardı. Krallar kimi yumşaq döşəklərdə deyil, adi həsir üzərində yatar, oyandığı zaman vücudunda həsirin izləri bəlli olardı. Müsəlmanlar yatarkən gecə yarısı qalxıb səhərədək namaz qılardı, hətta iftar etmədən bir neçə gün üst-üstə oruc tutduğu vaxtlar olardı.