Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq.  (Əraf surəsi 179-cu ayə)

Əraf surəsi 179-cu ayəni oxuyan bəzi insanlarda belə suallar yaranır:
– Əgər Allah Təala (c.c) insanlardan bir çoxunu Cəhənnəm üçün yaradıbsa, onda onların günahı nədir?
– Əgər etdiyimiz yaxşı-pis əməllər və Cəhənnəmə gedəcəyimiz əvvəlcədən alnımıza yazılıbsa, bundan ötrü niyə görə biz məsuliyyət daşımalıyıq?

Əslində bu tip sualların meydana çıxması həmin ayənin düzgün başa düşülməməsi və “alın yazısı” mövzusu ilə bağlı bəzi insanların ilkin təsəvvürlərinin yanlış olmasından qaynaqlanır. Əvvəlcə qeyd edək ki, Allah Təala (c.c) heç kəsi zorla qolundan tutub günah işlətməyə məcbur etmir ki, sonra da həmin adamı bilərəkdən Cəhənnəmə atsın. İnsanın etdiyi əməllər onun öz ağlı və sərbəst iradəsi daxilində baş verir. Yəni ki, insan nəsə etmək istədikdə özü qərar verir və buna görə də məsuliyyət daşıyır.

Bəs onda alın yazısı varmı və nədir?

Alın yazısı var və Allah Təalanın (c.c) elmidir. Allah Təala (c.c) öz sonsuz elmi ilə gələcəkdə insanların nə edəcəyini əvvəlcədən bilir və yazmışdır. Başqa sözlə, Allah Təala (c.c) gələcəkdə insanların nə edəcəyini bildiyi üçün yazmışdır, yoxsa ki, Onun (c.c) yazdığı üçün insanlar etmirlər.

Bir neçə sadə misal ilə izah edək.

Misal 1. Meteroloqlar meteorologiya elmi sahəsində sahib olduqları biliklər və hesablamalar sayəsində sabah havanın yağışlı olacağı proqnozunu verirlər. Doğurdan da, sabah hava yağışlı olur. Meteroloqlar sabah havanın yağışlı ola biləcəyini bildikləri üçün deyirlər, yoxsa ki, onların dedikləri üçün yağış yağmır.

Misal 2. Mütəxəssislər təhlil və hesablamalar əsasında növbəti ildə iqtisadi böhran ola biləcəyini proqnozlaşdırırlar. Doğurdan da, növbəti ildə iqtisadi böhran baş verir. Mütəxəssislər böhran ola biləcəyini bildikləri üçün deyirlər, yoxsa ki, onların dedikləri üçün böhran olmur. Əks halda, hökumət həmin mütəxəssisləri həbs edərdi ki, “siz əvvəlcədən dediyiniz üçün ölkədə böhran baş verdi”.

Misal 3. Tikinti sahəsində uzun müddət təcrübəsi olan bir mühəndis yeni tikilmiş hər hansı yaşayış binasının istismar müddətinin 30 il ola biləcəyini ustalıqla hesablaya bilər. Başqa sözlə, mühəndis deyə bilər ki, təxminən 30 ildən sonra bina istismar üçün yararsız olacaq.

Göründüyü kimi insanlar müxtəlif elm sahələrində sahib olduqları müəyyən elmi biliklər sayəsində gələcəkdə nələrin baş verə biləcəyini müəyyən dəqiqliklə hesablaya və deyə bilərlər. Belə olan halda, mütləq mənada Alim və sonsuz elm sahibi olan Allah Təalanın (c.c) gələcəkdə baş verəcək bütün hadisələri bilməsi şübhəsizdir. Əgər Allah Təala (c.c) gələcəyi bilməsəydi, onda O,  Allah ola bilərdimi?  Haşa, Allah Təala (c.c) gələcəyi bilməsəydi, onda Onun elmi və gücü hər şeyə yetməzdi və məhdud olardı. Bu isə məntiqdən çox uzaqdır.

Deməli, Allah Təala (c.c) özünün sonsuz elmi ilə gələcəkdə cinlərdən və insanlardan çoxunun Cəhənnnəmə gedəcəyini əvvəlcədən bildiyi üçün yuxarıda qeyd olunan Əraf surəsi 179-cu ayəni nazil etmişdir.

Həyatı bir labirintə bənzətsək, son çıxış nöqtəsinə (ölümə) gedib çatmaq üçün çoxlu yollar və gedişlərin olması mümkündür. Hansı yolu və gedişi seçəcəyimiz bizdən asılıdır. Seçimi biz sərbəst şəkildə edirik. Amma bu yolların və gedişlərin hansı nəticələrə gətirib çıxaracağını Allah Təala (c.c), əlbəttə ki, əvvəlcədən bilir.

Digər tərəfdən onu da qeyd etmək vacibdir ki, Allah Təala (c.c) heç bir canlıya və məxluqata bənzəməz. Allah Təala (c.c) zamandan və məkandan münəzzəhdir, uzaqdır. Zamanı və məkanı Allah Təala (c.c) xəlq etmişdir.  Keçmiş, indiki və gələcək zaman məfhumları yalnız və yalnız insanlar və yaradılmış digər bütün məxluqat üçün keçərlidir. Allah Təala (c.c) qatında keçmiş, indiki və gələcək zaman məfhumları eynidir. Zamanı başdan-sonadək yaradan Allah Təala (c.c) olduğu üçün zamanın həm əvvəlini, həm də sonunu bilmək Onun (c.c) qüdrəti daxilindədir.