Kəhf surəsi 86-cı ayədə deyilir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola də’vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”

CAVAB: Əvvəla, diqqət etsək bu ayədə “günəş palçıqlı suda batır” deyə qəti bir ifadə, hökm və ya iddia yoxdur. Ayədəki dəqiq ifadə “Zülqərneyn günəşi palçıqlı suda batarkən gördü” kimi keçir. Yəni ki, burda günəşin batış anı Zülqərneynin gözləri ilə bədii şəkildə təsvir olunur. Bundan başqa ərəb dilində suda batmaq (qarq) və günəşin batması (qarb) fərqli sözlərlə ifadə edilir. Əgər ateistlərin iddia etdikləri kimi, ayədə günəşin bir palçıqlı suda batdığını nəzərdə tutmuş olsaydı, onda “qarq” sözü işlədilərdi. Halbuki, günəşin batması üçün “qarb” feli istifadə edilmişdir (Kəhf , 86).  Bu da nəzərdə tutulan mənanın nə olduğunu açıqlayır. Buradan anlaşıldığı kimi həmin ayədə günəşin palçıqlı suda batdığı deyilmir, sadəcə olaraq günəşin batışı anı Zülqərneynin gözü ilə bədii formada ifadə edilir. Əslində bu “vizual təsvir” şəklində istifadə edilən bir termindir. Hətta indinin özündə belə elmi məqalələrdə meteroloqlar da “günəşin batması” kimi ifadələr işlədirlər. Quranda onsuz da “qarb” sözü istifadə edilib və “günəşin batdığı yer” deyilməsi insanların müşahidələrinə istinadən zikr edilmişdir. Quranda suda batmaqdan bəhs edildiyində isə fironun suda boğulması (Bəqərə, 50) nümunəsində olduğu kimi “qarq” sözü istifadə edilir.

Əslində bu cür ifadələrdən başqa dillərdə də istifadə olunur. Məsələn, ərəb dilində olduğu kimi ingilis dilində də suda batmaq və günəşin batmasını ifadə edərkən fərqli fellərdən istifadə edilir. Belə ki, ingiliscə suda batmaq üçün “drown” yaxud “sink” felləri işlədildiyi halda günəşin batması üçün “set” felindən istifadə olunur. Eyni qayda rus dilində də var. Rus dilində suda batmağı təsvir edərkən “тонуть” felindən, günəşin batmasını təsvir edərkən isə “заходить” felindən istifadə olunur.