http://youtu.be/IY7RyNNKIbk

Ateistlərin konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif etməyə çalışdıqları başqa bir ayə Tövbə surəsindəki 5-ci ayədir. Həmin ayədə deyilir :

“Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”

Cavab:  Bu ayənin nazil olma səbəbi müsəlmanlar və müşriklər arasında 628-ci ildə bağlanmış Hüdeybiyyə sülh müqaviləsinin sonradan müşriklər tərəfindən birtərəfli olaraq pozulması və müsəlmanların öldürülməsidir. Zatən Tövbə surəsinin əvvəlki ayələrində də bu hadisəyə işarə olunur. Tövbə surəsi 5-ci ayənin ilk cümləsindən də göründüyü kimi Allah Təala (c.c) sülh müqaviləsini pozmuş müşriklərə özlərini düzəltmələri üçün 4 ay (haram aylar) möhlət verir. Daha sonra isə düşmən tərəfin sülh müqaviləsini birtərəfli pozaraq müsəlmanları qətlə yetirməsinə cavab olaraq Allah Təala (c.c) müsəlmanları düşməndən qorxmamağa və döyüşməyə səsləyir.

İndi təsəvvür etsək ki, ermənilər qəfildən atəşkəs rejimini pozurlar və azərbaycanlı əsgərləri öldürürlər. Bu zaman ermənilərə qarşı ən yaxşı cavab nə olardı? Əlbəttə ki, əks hücuma keçib düşməni məhv etmək və qisas almaq. Deməli, azərbaycanlı komandirin öz əsgərlərini ruhlandırmaq və döyüşə həvəsləndirmək üçün verəcəyi ən yaxşı əmr belə olardı: “Hücum edin! Düşmənləri harda görsəniz atəş açıb, öldürün!”

Daha sonra Tövbə surəsi 6-cı ayədə isə deyilir:

“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!”

Göründüyü kimi ateistlər sadəcə bir ayəni konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif edir və Qurana iftira atırlar ki, guya Quranda şiddətə çağırış var. Halbuki, həmin ayənin nazil olma səbəbini bilən adam heç vaxt Qurana qarşı belə əsassız iddia etməz.