“Kainatda qüsurlu dizayn mövcuddurmu?” sualı bir çox insanın şübhəyə düşməsinə səbəb olmuş, hətta bunu arqument halına gətirib, teizm əleyhinə təqdim edən ateistlər belə olmuşdur. Burada ortaya atılan arqument bu şəkildədir:

1. Əgər Tanrı varsa, o mükəmməldir.
2. Əgər Tanrı varsa, o kainatın yaradıcısıdır.
3. Bir varlıq mükəmməldirsə, yaratdığı hər şey də mükəmməl olmalıdır.
4. Amma kainat mükəmməl deyil.
5. Bu səbəbdən mükəmməl bir varlıq kainatın yaradıcısı ola bilməz.
6. Bu səbəbdən, Tanrının var olması qeyri-mümkündür.

Bu arqumentin əsas səhvi ‘mükəmməl’ anlayışının səhv başa düşülməsi və səhv şərh olunmasıdır. Mükəmməllik zənn edildiyi kimi ”ən bəyənilən” demək deyil. Mükəmməllik məqsədə uyğunluqdur. Sadə bir misalla göstərsək; Əgər bir mühəndis dizayn edəcəyi göydələni tam 3 ayın sonunda yıxılacaq şəkildə planlarsa və göydələni buna görə dizayn edərsə, göydələn tam 3 ay sonra yıxılınca bunu mühəndisin səhvi olaraq görməmiz və bu göydələnin qüsurlu olduğunu idda etməmiz doğru olarmı? Təbii ki xeyr. Əksinə, bu göydələnin tam 3 ayın sonunda yıxılması mühəndisin məqsədinə çatdığını, yəni müvəffəqiyyətli olduğunu göstərir. Əgər göydələn illərlə yıxılmadan qalsaydı, bizim mühəndisi çox davamlı bina hazırladı deyə təbrik etməmiz doğru olardımı?

Qısacası, bizə qüsur olaraq görünən bəzi şeylər bəlkə də Allah (c.c) qatında planlanmış və bu şəkildə nəzərdə tutulmuşdur. Allahın (c.c) hansı varlığı, hansı məqsədlə yaratdığını heç bir zaman anlaya bilməyəcəyimiz üçün heç bir şey haqqında qüsurlu deyə bilmərik. İki planetin orbitlərinin kəsişməsi və bu planetlərin toqquşması bizim gözümüzlə qüsur olaraq qəbul edilə bilər, lakin Yaradıcının bəlkə də bu planetlərin aqibətini bu şəkildə hazırlamış və bu planetlərin ömrünü bu şəkildə seçmiş ola biləcəyini də düşünsək, bu vəziyyət əsla problem təşkil etməz.

Başqa sözlə; Bu gün elmi istifadə edərək təbiətdə qüsur olaraq xarakterizə etdiyimiz şeylərin qüsurdan daha çox zəruri bir ehtiyac olduğunu sonrakı illərdə anlaya bilərik. Elm dibi görünməyən akvarium kimidir. Son nöqtəyə çatmadan bu akvariumda bu balıq olmamalıydı deyə bilmərik. Bəlkə də gərəksiz olaraq gördüyümüz balıq, akvariumdakı qida zəncirinin meydana gəlməsində əhəmiyyətli bir rol oynayır.

Kainatda mövcud olan mükəmməl nizam və həssas əyarlar arqumentinə qarşı ateistlərin ən çox istifadə etdiyi ifadə təxminən belədir: “Kainat mükəmməl deyil. Kainatda xaos var. Kainatda çoxlu təbii fəlakətlər baş verir.”

Burada ateistlərin yol verdikləri məntiq xətası mütləq və nisbi mükəmməllik anlayışlarının səhv salınmasından irəli gəlir. Əslində yaşadığımız kainatda mütləq mükəmməllik, mütləq gözəllik, mütləq güclülük və s. anlayışlar mövcud deyil. Çünki mütləqiyyət yalnız Allah Təalaya (c.c) məxsus bir xüsusiyyətdir və mütləq mənada mükəmməl olan yalnız Allah Təaladır (c.c).  Kainatda mövcud olan anlayışlar isə nisbidir və müqayisə əsasında təyin olunur. Amma bu heç də bizə həmin anlayışlardan imtina etməyə əsas vermir. Əgər belə olsa idi, onda gərək biz heç bir qadına “Sən gözəlsən” deməyəydik. Çünki əslində ondan daha gözəl qadınlar ola bilər. Digər tərəfdən isə ən gözəl qadın belə qocaldıqca öz gözəlliyini itirir. Deməli, gözəllik anlayışı mütləq deyil. Bu halda biz “gözəl” anlayışından mütləq mənada imtina etməli olardıq. Əslində isə bu, qeyri-mümkündür.

Eyni vəziyyət kainatda mövcud olan mükəmməl nizam və həssas əyarlar üçün də keçərlidir. Kainatdakı mükəmməl nizam dedikdə, müqayisəyə əsaslanan mükəmməllik nəzərdə tutulur. Bu yanaşma kainatda mövcud olan canlı-cansız digər obyekt və subyektlərə də aiddir. Məsələn, biz insan gözü ilə fotoaparatı müqayisə edərək insan gözünün fotoaparata nisbətən qat-qat daha mükəmməl quruluşu olduğunu deyə bilərik. Lakin bu o demək deyildir ki, insan gözü mütləq mənada mükəmməldir. Çünki insan gözü zəifləyə bilər, zədələnə bilər və s. Amma elmi-məntiqi mühakiməyə əsaslanaraq bizim gələ biləcəyimiz doğru nəticə budur:  “Əgər insan gözünün təqlidi əsasında istehsal olunmuş və yüksək elmi texnoligiyanın məhsulu olan bir fotoaparatın istehsalçısı, bir dizayneri vardırsa, onda həmin fotoaparatdan daha mükəmməl texnologiyaya malik olan insan gözünün də bir Yaradıcısının olması mütləq gərəkdir.”