Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir məqam var. Kainatın möhtəşəm böyüklüyü! Kainatın böyüklüyü üzərində düşündükdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Bildiyimiz kimi, Yer planeti Günəş sisteminin bir parçasıdır. Bu sistem kainatın içindəki digər ulduzlara görə orta-kiçik ulduz olan Günəşin ətrafında dövr edən səkkiz planetdən və onların əlli dörd peykindən meydana gəlir. Yer bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km olan Yeri üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə olan dairəvi bir kürə halına gələr. Amma əsl maraq doğuran şey aradakı məsafədir. Gerçəklərə uyğun bir model qurmağımız üçün çəyirdək böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasındakı məsafəni təxminən 280 metr etməliyik. Belə olan təqdirdə, Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq.

Ancaq bu qədər nəhəng bir ölçüyə sahib olan Günəş sistemi içində olduğu Samanyolu qalaktikası ilə müqayisədə olduqca kiçik ölçülərdədir. Çünki Samanyolu qalaktikasının içində Günəş kimi və çoxu ondan daha böyük olan təxminən 250 milyard ulduz var. Bu ulduzların içində Günəşə ən yaxın olanı Alfa Sentavradır. Əgər Alfa Sentavranı yuxarıda göstərdiyimiz ölçüyə, yəni Yerin üzüm çəyirdəyi böyüklüyündə olduğu və Günəş ilə Yerin arasının 280 metr olduğu ölçüyə yerləşdirsək, onu Günəşin 78 min kilometr uzağına qoymağımız lazım olacaq!

Dünyada tanınmış astrofizikçi professor Corc Greenstein bu heyrətamiz böyüklüklə bağlı “The Symbiotic Universe” adlı kitabında belə yazır: “Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, kvazarlarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxdıqda, qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq o olardı ki, gecə çəmənlikdə yerə uzanıb izlədiyim səmada daha çox ulduz görərdim. Lakin üzr istəyirəm, bəli, bir fərq də olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın vacib şərtidir.” (Corc Greenstein, The Symbiotic Universe. s. 21)

Greenstein bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişikliklərin tam insan həyatına uyğun şəkildə olmasını da təmin edir. Həmçinin Yerin kosmos boşluğunda gəzişən nəhəng göy cisimləri ilə çarpışmasına mane olan faktor da kainatdakı göy cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu olmasıdır.