Quranda deyilir:

(7 – A’RÂF) الأعراف / 54- Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.

ATEİSTLƏRİN İDDİASI: Quranda kainatın 6 gündə yaradıldığı yazmaqdadır. Halbuki elm bizə bunun çox daha uzun bir müddət olduğunu göstərir. Elmə görə kainatın yaşı 13,7 milyard ildir. Qurandakı yaradılış elmlə ziddiyyət təşkil etməkdədir. Buna görə Quran əsla Allah kəlamı ola bilməz.

CAVAB: Ayəyə diqqət etsək, Quran heç vaxt kainatın bizim bildiyimiz 6 (24 saatlıq) gündə yaradıldığını söyləməz. Zatən Quranın bir sıra digər ayələrində də gün sözünün uzunluğuna verilən mənalar fərqlidir. Məsələn, Hacc surəsində günün uzunluğu haqqında deyilir:

(22 – HACC) الحج / 47- Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!

Yaxud Məaric surəsində deyilir:

(70 – MEÂRİC) المعارج / 4- Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

Göründüyü kimi fərqli ayələrdə 1000 və 50 000 ilə bərabər bir gün dedikdə, “bir gün” anlayışının təkcə bizim düşündüyümüz 24 saatlıq qısa zaman dilimi olduğu yox, həm də fərqli uzunluqlarda daha uzun bir müddəti əhatə edə biləcəyi açıq-aşkar qeyd olunur və burada əsasən kainatda zamanın nisbiliyi kimi önəmli bir elmi fakta diqqət çəkilir.

Onu da qeyd edək ki, gün sözünün ərəbcə qarşılığı ”yəvm” kəliməsidir. Yuxarıda bəhs edilən həmin ayədə istifadə edilən söz də ”yəvm” dir. Bu sözün lüğəti mənaları bu şəkildədir: 24 saatlıq gün, dövr, çağ və zaman. [1]
İstəyənlər özü müsəlman belə olmayan ərəb dili mütəxəssisi alman professor ”Hans Wehr”in yazmış olduğu lüğətə də baxa bilərlər. [2]
Əgər ”dövr” mənasını lüğətlər təsdiq edirsə və bu məna başqa ayələr ilə ziddiyyət təşkil etmirsə bu mənanı istifadə etməkdə heç bir qorxu yoxdur. Bu vəziyyətdə Qurana görə kainat 6 gündə deyil, 6 dövrdə yaradıldığını söyləyə bilərik. Yalnız lüğətlərdə deyil, Quranda belə ”yəvm” sözünün yalnız 24 saatlıq bir gün mənasını gəlmədiyi çox rahat bir şəkildə aydın olur. Məsələn (24 saatlıq) cümə günü Quranda Cümə surəsinin 9-cu ayəsində ”yevmil cumuati” kimi keçir. Lakin eyni “yəvm” sözü başqa bir ayədə sonsuz bir zaman vahidi üçün də istifadə edilməkdədir. Qaf surəsinin 34-cü ayəsində sonsuzluq günü mənasını verən ”yəvmul hulud” sözü istifadə edilir. Əgər “yəvm” yalnız 24 saatlıq bir gün olsaydı əsla sonsuzluq ilə birlikdə istifadə edilməzdi. Bir dövrün nə qədər uzun olduğunu bilmədiyimiz üçün elm ilə bir ziddiyyət yoxdur. Həmçinin bu söz seçimi hər çağa uyğun gəlməkdədir. Çünki 13.7 milyard il deyilsəydi o zamankı insanların başını qarışdıra bilərdi. Bu söz seçimi bizə Qurandakı bu məlumatın qüsursuz olduğunu göstərməkdədir.

NƏTİCƏ: Həm köhnə Ərəb lüğətləri həm də Quran, bəzi tərcümələrdə gün olaraq çevrilən ”yəvm” sözünün dövr mənasına gələ bildiyini təsdiqləməkdədir. Bu sözü dövr olaraq qəbul etməkdə heç bir qorxu olmadığı üçün Qurana görə kainatın (müddəti naməlum) 6 dövrdə yaradıldığını söyləyə bilərik. Və müddəti naməlum 6 dövr heç bir elmi məlumat ilə ziddiyyət təşkil etməməkdədir. Həmçinin bu dövrlərin bərabər müddətlər olduğu söylənilmir. Yəni, Quranda elmlə ziddiyyət təşkil edən hər hansı bir şey yoxdur. Ateistlərin bu mövzudakı iddiası əsassızdır.

Qaynaqlar:

[1] Klassik Ərəb lüğəti: E.W. Lane Arabic English Lexicon (1863), səhifə 3064
[2] Klassik Ərəb lüğəti: The Hans Wehr Dictionary of Modern Written Arabic, səhifə 1110
[3] Qurani Kərim