Nəml surəsində Süleyman peyğəmbərin (a.s) qarışqaların və quşların dilini başa düşdüyünə dair məlumatlar var. Bəzi insanlar bunun sadəcə nağıl olduğunu iddia edirlər. Qurandakı bu məlumatlar bizə bəlkə də qeyri-adi görünə bilər. Halbuki, əslində indinin özündə belə müxtəlif heyvan və quşların öz aralarında ünsiyyət qurarkən çıxartdıqları səsləri ustalıqla təqlid etməyi bacaran peşəkar insanlar vardır. Burdan bəzilərinə baxa bilərsiniz:

Hətta canavar kimi vəhşi və qorxulu heyvanlarla yaşayıb onlarla danışan və ünsiyyət qurmağı bacaran insanlar var. Məsələn, Markos Rodriges adlı bir ispan, qurdlarla inanılmaz bir şəkildə ünsiyyət qurur və onların dilində ulayaraq danışa bilir. http://www.yenixeber.com/haber/17-il-qurdlarla-yasadi

Digər bir şəxs – “Canavar adam” adlanan 80 yaşlı Almaniyalı Werner Freund də 30 ildir ki, qurdların arasında yaşayır və onlarla ulayaraq danışmağı bacarır. Werner Freund hətta canavarları öz ailəsi hesab edir.

Quranda da bildirildiyi kimi heyvanların dili haqqında elmə sahib olma hikmətini Allah Təala (c.c) bir möcüzə olaraq Hz.Süleyman peyğəmbərə (a.s) nəsib etmişdi. Hazırda bir çox alimlər tərəfindən heyvan dillərinin öyrənilməsinə dair elmi-tədqiqat işləri davam etdirilir. Müxtəlif heyvan dillərinin öyrənilməsi istiqamətində aparılmış bəzi elmi araşdırmalar haqqında bu linkdən oxuya bilərsiniz. http://en.wikipedia.org/wiki/Animal_language

Məsələn, Florida Atlantic Universitetinin professoru Dr. Denise Herzing 1985-ci ildən başlayaraq delfinlər arasındakı ünsiyyət qurma sistemini araşdırmağa başlamışdır. O, sonralar “Wild Dolphin Project” adlı elmi-tədqiqat layihəsinin əsasını qoymuşdur. Layihənin məqsədi delfinlərin həyat tərzi və davranışı haqqında bilgilər toplamaq, onların ünsiyyət sistemi və çıxardıqları səslərin dekodlaşdırılmasıdır. Bu məqsədlə delfinlərin bir-birilə kommunikasiya zamanı çıxardıqları müxtəlif səslər araşdırma qrupu tərəfindən qeydə alınmış və öyrənilmişdir. http://www.wilddolphinproject.org/research/dolphin-communication/

Qarışqaların çıxardıqları səslər haqqında Britaniyalı və İspaniyalı alimlərin birgə apardıqları elmi-tədqiqat işində iştirak edən Oksford universitetinin professoru Ceremi Tomas bunları deyir: “İlk dəfə olaraq bizim araşdırmamız göstərir ki, qarışqa koloniyasının fərqli üzvləri müxtəlif səslər çıxardırlar və həmin səslər qarışqalarda müxtəlif davranışlara səbəb olur.”  http://www.dailymail.co.uk/sciencetech/article-1137267/Getting-chest-Study-reveals-ants-talk-other.html

Gəmirici heyvan olan çəmənlik itlərinin (prairie dogs) dilini öyrənməyə və dekodlaşdırmağa çalışan Şimali Arizona Universitetinin professoru Con Slobodchikoff öz tələbələri ilə həmin heyvanların üzərində apardığı uzun tədqiqatlar nəticəsində müəyyən etmişdir ki, bu heyvanlar müxtəlif səslər çıxardaraq öz aralarında ünsiyyət qururlar. Professor qeyd edir ki, tədqiqat zamanı çəmənlik itlərinin (prairie dogs) səsyazmaları dəqiq statistik metodlar əsasında araşdırılmış və onların çıxardıqları fərqli səslərin hansı mənalar daşıdığı təsbit edilmişdir. 

Yuxarıdakı məlumatlar bir daha göstərir ki, insanlar tərəfindən digər canlıların dilinin öyrənilməsi və onların öz dilində ünsiyyət qura bilməsi mümkündür və realdır. Gələcəkdə elm və texnologiyanın sürətli inkişafı əsasında müxtəlif canlıların dilinin öyrənilməsi və onlarla ünsiyyət qurulmasına imkan verən fərqli metod və texnologiyaların kəşf edilməsi, əlbəttə ki, istisna deyildir.

Advertisements