Ateistlərin növbəti iftiralarından biri belədir: “Peyğəmbər (s.a.v) öz övladlığının zövcəsinə aşiq olduğu üçün onunla evlənmişdir.” Həqiqətən də çox məntiqsiz və cəfəng iddiadır. Niyə?

Hz. Zeynəb peyğəmbərimizin (s.a.v) bibisi Ümeymə binti Abdülmuttalibin qızıdır və peyğəmbər (s.a.v) onu hələ gənc yaşlarından tanıyırdı. Peyğəmbər (s.a.v) istəsəydi hələ gənc ikən onunla evlənə bilərdi. Halbuki evlənmədi və öz əli ilə Hz. Zeynəbi övladlığı və azad etdiyi köləsi Hz. Zeydlə evləndirdi. (Tabakât, 8:101)

Əgər Məhəmməd peyğəmbər (s.a.v) həqiqətən də Hz. Zeynəbə aşiq olsaydı, heç onu Hz. Zeyd ilə evləndirərdimi?

Bir eşq üçün bunu edəcək bir insan olsaydı, 25 yaşına qədər subay qalıb 40 yaşında bir dul qadın ilə evlənərdimi?

Qadın sərhədi olmayan bir cəmiyyətdə asanlıqla alacağı bir çox qadınlar var ikən, 54 yaşına qədər tək yoldaşlı qalardımı?

Həqiqətən çox məntiqsiz iddialardır.

Qeyd etdiyimiz kimi Hz.Zeynəb peyğəmbərimizin (s.a.s) yaxın əqrabasıdır. Həmçinin əsilzadələrdəndir. O zamankı cəmiyyət quruluşunda köləlik olduğu üçün əsilzadələr kölələri xor görürdü. Əslində nə Hz. Zeynəb, nə də ki, ailəsi belə bir evliliyi istəmədikləri halda sırf Peyğəmbər Əfəndimizin (s.a.v ) israr etməsi nəticəsində razı olmuşlardı. Burada çox önəmli məqam odur ki, bu evlilik sayəsində o dövr üçün qeyri-mümkün sayıla biləcək vacib sosial-ictimai islahat – kölə ilə azad, əsilzadə bir qadının evliliyi hadisəsi həyata keçirilmişdir. Bu evliliyin əsas səbəblərindən biri köləçiliyi xalqın zehnindən silməkdir. Cahiliyyə dövründə əsir düşənlər, kölələr ikinci sinif insan olaraq qəbul edilirdilər. Bu psixologiya sanki insanların beyninə hopmuşdu. İnsanlar arasındakı ədaləti, bərabərhüquqluluğu bayraq edən İslamın belə bir şeyi qəbul etməsini düşünmək ağılsızlıq olar. İslamda üstünlük insanların qul, ya azad olmalarıyla yox, ancaq və ancaq Allaha yaxşı bəndə olmaqla mümkündür. Qurani-Kərimdə: “Allah nəzdində ən dəyərliniz Ona qarşı gəlməkdən ən çox çəkinənizdir” (“Hucurat” surəsi, 13), – buyurulur. Allah Rəsulu da: “Allah sizin surətinizə və mallarınıza baxmaz, ancaq qəlblərinizə və əməllərinizə baxar”, – buyurur. Ancaq cahiliyyə ərəblərinin ruhuna qədər işləmiş olan bu məsələni bir-iki sözlə çıxarıb atmaq imkanı yox idi. Peyğəmbərimiz əsirləri azad etmək, onları alçaqlıq hissindən uzaqlaşdırmaq, xalqın beynində kölənin, əsirin ikinci sinif insan kimi qəbul edilməsini aradan qaldırmaq istəyirdi. Əksər işlərdə olduğu kimi, bu məsələdə də öz qohumlarından başladı, bibisi qızı Zeynəbi azad etdiyi köləsi Zeydə aldı və bununla əsarətdən azad edilmiş bir insanla azad insanın bərabər olduğunu hərəkətiylə sübut etdi.

Ancaq Hz. Zeynəb ilə Hz. Zeyd anlaşa bilmədilər. Hz. Zeyd xanımı Hz. Zeynəbin mənəvi cəhətdən özünə uyğun olmadığını düşünürdü. Çünki Hz. Zeyd əvvəllər kölə olmuşdu və zadəgan deyildi. Ona görə də Hz. Zeyd Peyğəmbər Əfəndimizin yanına gələrək,”Ya Rəsulallah! Mən, ailəmdən ayrılmaq istəyirəm” dedi. Peyğəmbərimiz (s.a.v) isə cavabında “Xanımını boşama, Allahdan qorx!” buyurdu. (Tirmizî, Sünen, 5:354; ibn-i Kesir, Tefsir, 3:491)

Ateistlərin iddia etdikləri kimi əgər peyğəmbər (s.a.v) həqiqətən də Hz.Zeynəblə evlənmək fikrinə düşsəydi, heç öz övladlığına “Xanımını boşama, Allahdan qorx!” deyərdimi? Əsla. Halbuki, Allah Rəsulu (s.a.v) oğulluğunun boşanmaq istəyinin məcburiyyətdən gəldiyini bildiyi halda bunu Zeydə demir, “xanımını yanında saxla!”, deyərək səbr etməyi tövsiyə edirdi.

Hz. Zeydlə Hz. Zeynəbin evlilikləri uzun sürmədi. Hz. Zeyd xanımını boşadı. Peyğəmbər Əfəndimiz mənəvi rahatsızlıq səbəbilə Hz.Zeyd və Hz.Zeynəb arasındakı evliliyin sona çatmasından son dərəcə məyus olmuşdu. Çünki bu evliliyi şəxsən özü arzu etmiş və həyata keçirmişdi. Əvvəl də qeyd etdiyimiz kimi bu evliliyin əsas səbəblərindən biri köləçiliyi xalqın zehnindən silmək idi. Əvvəl də qeyd etdiyimiz kimi bunun qabaqcılı və tətbiq edəni peyğəmbərimiz (s.a.s) olmuşdur.

İkinci bir tətbiq isə “mənəvi övladlıq” ilə gerçək övlad arasındakı fərqi göstərmək idi. Hz. Zeyd cahiliyyə dövründə evlərinə edilən basqın nəticəsində əsir alınır. Sonra da Məkkədə Ukaz ticarət mərkəzində əsir olaraq satılır, Həzrəti Xədicə də onu satın alır və Peyğəmbərə hədiyyə verir. Sonradan oğlunun Məkkədə olduğu xəbərini alan atası fidyəsini verərək oğlunu geri qaytarmaq məqsədilə Məkkəyə gəlir. Həzrəti Peyğəmbərin yaşadığı yeri soruşaraq Allah Rəsulunu tapır (bu dövrdə o, hələ peyğəmbərliklə vəzifələndirilməmişdi) və deyir:

“Ey Mutəllibin oğlu! Ey qövmünün bacısının oğlu! Siz Alahın şərəfli evinin yanında qalan insanlarsınız. Siz ehtiyacı olanların ehtiyacını təmin edir, əsirləri doydurursunuz. Biz sənin yanında olan oğlumuza görə gəlmişik. Bizə lütf et və gətirdiyimiz fidyənin əvəzində oğlumuzu bizə qaytar”, – deyirlər. Peyğəmbər onun oğlunun kimliyi ilə maraqlanır və Zeyd olduğunu öyrənən kimi onun ixtiyarının atasında olduğunu bildirir. Həzrəti Muhəmməd: “Əgər sizi istəyərsə, fidyəsiz sizin olsun. Yox, əgər mənimlə qalmaq istəyərsə, Allaha and olsun ki, mən, məni istəyənə qarşı fidyəni istəmərəm”, – buyurur.

Bundan sonra Zeyd ibn Harisəni çağırırlar. Rəsulullah ona atasını göstərərək: “Bunu tanıyırsanmı?” – deyə soruşur. Zeyd: “Bəli, bu, atamdır, bu da əmim”, – cavabını verir. Allah Rəsulu: “Mən də tanıdığın adamam. Sənə qarşı olan davranışımı və dostluğumu görmüsən. Kimi istəyirsən, özün seç!” – buyurur. Zeyd isə, “mən səndən başqa heç kimi seçə bilmərəm. Sən mənim həm atam, həm də əmim yerindəsən” cavabını verir. Bu cavabı eşidən atası da, əmisi də təəccüblə: “Heyf sənə, ey Zeyd! Köləliyi azadlıqdan, atandan, əmindən və bütün qohum-əqrabandan üstün tutursan?” – deyirlər. Zeyd də: “Mən bu adamdan elə yaxşılıqlar gördüm ki, heç kimi ondan üstün tuta bilmərəm”, – deyə cavab verir. Peyğəmbər bunu eşidən kimi onu Hicr deyilən yerə çıxararaq belə buyurur: “Ey camaat! Şahid olun ki, Zeyd mənim oğlumdur. O, mənə varis (mirasçı) olacaq”. Bundan sonra Zeydin atası da, əmisi də sevinc və fərəhlə öz qövmlərinə qayıdırlar.

O dövrdə ərəblər arasında oğulluğa götürülənlər həqiqi övlad qəbul edilir, aralarında qan qohumluğu olanlarda keçən hökmlər oğulluqlara da şamil edilirdi. Allahın göstərişiylə oğulluğunun boşadığı xanımla evlənən Rəsulullah cahiliyyə dövründə qalmış bu hökmü və adəti də dəyişmiş oldu. Hz. peyğəmbər (s.a.v) Hz. Zeydi mənəvi övladlığa götürəndən sonra xalq arasında sanki “Hz.Zeyd peyğəmbərin (s.a.v) oğlu və onun özündən sonrakı varisidir” kimi bir təsəvvür yaranmışdı. Hətta Hz.Məhəmmədə (s.a.v) “Zeydin atası” deyə müraciət edərdilər. Bu isə tamamilə yanlış düşüncə idi. Çünki əgər Hz. Zeyd həqiqətən də peyğəmbərin (s.a.v) övladı olsa idi, peyğəmbərlik vəzifəsi ondan sonra irsən öz oğluna keçməli idi. Lakin Hz.Məhəmməd (s.a.v) son peyğəmbərdir və ondan sonra peyğəmbərliyi davam etdirə biləcək bir varisi yox idi. Ona görə də Allah Təala (c.c)  Əhzab surəsində oğulluqların doğma oğul olmadıqları və miras ilə əlaqəsinin olmadığını ifadə etməklə bu cür yanlış düşüncə tərzini birdəfəlik aradan qaldırdı. Peyğəmbərimizin (s.a.s) kimsənin atası olmadığı və kimsənin oğlu olmayan övladlığına nisbətlə çağrılmaması lazım olduğu ayələrdə vurğulanmışdır.

“Allah bir adamın sinəsində iki ürək yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. Bunlar sizin dediyiniz boş sözlərdir. Allah doğru deyir və doğru yola gətirir! (Əhzab, 4)

“Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab, 5)

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab, 40)

Beləcə, ayələrdə də bildirildiyi kimi Hz.Zeyd onun gerçək oğlu deyil, bu baxımdan Hz. Zeynəb də onun “oğlunun köhnə arvadı” da deyil. Boşanandan bir müddət sonra Rəsulullah Allahın əmriylə Hz. Zeynəblə evlənir. Allah bu evliliklə bağlı Qurani-Kərimdə belə buyurur:

“Həm Allahın nemət və ehsanına, həm də sənin ehsanına nail olan şəxsə “Zövcəni yanında saxla, Allahdan qorx!” deyir. Allahın açıqlayacağı bir vəziyyəti (Zeynəbin boşanacağı təqdirdə onunla evlənəcəyini) gizli saxlayırdın. Çünki insanlardan (“peyğəmbər oğulluğunun boşadığı qadınla evlənir” demələrindən) çəkinirdin. Halbuki ən çox Allahdan çəkinməlisən. Nəticədə Zeyd zövcəsini boşayıb onunla əlaqəni kəsəndən sonra Biz səni onunla evləndirdik ki, bundan sonra oğulluqları zövcələrin boşadıqları vaxt onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın. Allahın hökmü mütləq yerinə yetər!”(Əhzab surəsi, 37).

Yuxarıda qeyd etdiyimiz ayənin sonunda Uca Allah: “Allahın açıqlayacağı bir vəziyyəti gizli saxlayırdın. Çünki insanlardan çəkinirdin. Halbuki ən çox çəkinilməli olan Allahdır”, – buyurur. Bu ayədən də başa düşülür ki, həmin evlilik boşanma ilə nəticələnəcəyini, bundan sonra Rəsulullahın bibisi qızını alacağını Allah ona bildirmişdi. Ancaq bu məsələnin açıqlanmaması gərək idi, buna görə də Peyğəmbər heç kimə heç nə deyə bilmirdi. Əgər açıqaşkar bir əmr olsaydı, Peyğəmbərimiz bunu nə gizlədər, nə də gecikdirərdi, nəticəsindən asılı olmayaraq açıqlayardı. Bunu açıqlamaq Allah Rəsuluna o qədər çətin olmuşdu ki, bununla əlaqədar Həzrəti Aişə anamızdan belə nəql edilir: “Əgər Allah Rəsulu ona gələn vəhylərdən bir şey gizlətsəydi, bu evliliklə əlaqədar olan ayəni gizlədərdi”. 

Bir başqa səbəb də Hz. Zeynəbin etibarsızlaşmış bir vəsfi olan “azad olmuş kölənin boşadığı qadın” etibarsızlığını pozmaq idi. Yəni, Hz. Zeynəb artıq bir azad olmuş kölənin boşadığı qadın idi və bunun bir etibarsızlıq olmadığını göstərmək üçün Peyğəmbərimiz (s.a.s) onunla evləndi, aşiq olduğu üçün deyil. Beləliklə, peyğəmbərimiz (s.a.v) Hz.Zeynəbin üstündəki “azad olmuş kölənin boşadığı qadın” damğasını aradan qaldırdı. Peyğəmbərimizin (s.a.v) Hz. Zeynəblə evlənməsi göstərdi ki, qullar da insandır, ikinci sinif insan kimi rəftar görməməlidirlər, onların boşadıqları qadınla evlənməkdə də heç bir maneə yoxdur.

Bu şəkildə bu evliliklər bəzi adətlərin aradan qalxmasında Peyğəmbərimiz (s.a.s) liderliyi sayəsində təsirli olmuşdur. Yəni, bundan sonra bir müsəlmanın başına bunlar gələrsə, Peyğəmbərimizi (s.a.s) nümunə göstərə biləcəkdi. Buna görə möminlərə bir çətinlik olmamış olacaqdı.