Ən son elmi araşdırmalar da göstərir ki, bütün insanların fitrətində doğuşdan etibarən Yaradana inanc hissi olur. (https://dinisuallar.wordpress.com/2014/07/16/insanlar-ateist-dogulur-yalani/)

Ona görə də Yaradana dua və ibadət etmək hissi bütün insanlarda daxildən gələn və psixoloji rahatlıq, yüngüllük yaradan mənəvi bir ehtiyacdır. Dua etmək depresiyada və ya xəstə olan insanın psixoloji durumuna müsbət təsir edir. Ona mənəvi rahatlıq və daxili yüngüllük gətirir. Yəni biz bunun pozitiv effektini ruhən, mənəvi olaraq hiss edə bilərik, gözlə görə bilmərik.

Hətta ateist və dinsizlərdə də belə daxili-mənəvi ehtiyac var. Sadəcə onlar bu ehtiyacı yerini başqa yollarla (yoqa, meditasiya və s.) doldurmağa cəhd edirlər. Bir də ki, məsələn dinsiz və ateist şəxslərdə intihar hallarının tez-tez baş verməsi riski daha yüksəkdir. Çünki həyatda ağır depresiyaya düşən bir ateistin mənəvi cəhətdən tuta biləcəyi bir yer olmur, özünü tam olaraq mənəvi boşluqda hiss edir.

Dindar insanlar isə davamlı olaraq Allaha ibadət və dua etməklə daxili stresi azalda və yenidən özgüvən qazana bilirlər.

Allah Təala (c.c) insanı yaradaraq ona ağıl, düşüncə və azad iradə vermişdir. Allah Təala (c.c) heç kəsi zorla ibadət etməyə məcbur etmir. Çünki Allah Təalanın (c.c) bizim ibadətlərimizə heç bir ehtiyacı yoxdur. İstəyirsən Allaha qul ol, Ona ibadət et, istəyirsən də şeytana qul ol, Allahı inkar et. Bəli, seçim etməkdə azadsan. 

Bəs onda bizim Allah Təalaya (c.c) ibadət etməli olduğumuzun səbəbi nədir?

Təsəvvür et ki, rütbəcə səndən yüksək və imkanlı olan bir şəxs qarşılıq gözləmədən sənə yaxşılıq edir, vəzifə verir, pul verir, bahalı maşın verir, yemək verir və sairə. Sən də təbii olaraq həmin adama təşəkkür edirsən və hörmət əlaməti olaraq ona “cənab” və başqa xoş sözlərlə müraciət edirsən. Necə ki, sənə yaxşılıq edən həmin şəxsə hörmət və ehtiramla yanaşır və ona gözəl sözlərlə müraciət edirsən, deməli bütün kainatı və məxluqatı xəlq edən, bizə nəfəs aldığımız havadan tutmuş yediyimiz qidalara və s. kimi sonsuz nemətlər verən Rəbbimizə niyə şükr və ibadət etməyək ki? 

Deməli, Allah Təalanın (c.c) bizə bəxş etdiyi sonsuz nemətlərə qarşılıq olaraq biz öz ibadətlərimizlə Ona şükr edir və təşəkkürümüzü bildiririk. Beləliklə, sonsuz nemətlər qarşılığında bizim də sonsuz ibadətə daima ehtiyacımız var.

Möhsin Qiraəti yazır: Hamı evini üzü günəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.

Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər.
Qur`anın “İbrahim” surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə tə`sir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.»