Ateist iddiası: Mən həmişə “Qurana əməl et – Cənnəti qazan, əməl etmə – Cəhənnəmə get” məntiqini rüşvətə bənzətmişəm.

Allah Təalanın (c.c) möminlərə Cənnəti vəd etməsi rüşvətdirmi?

Cavab: İlk baxışdan aydın olur ki, bu iddianı irəli sürən şəxs rüşvət anlayışının mahiyyəti haqqında tamamilə yanlış təsəvvürə sahibdir.
Ona görə də əvvəlcə “Rüşvət nədir?” sualına qısa tərif verək.
Rüşvət – layiq olmadığı halda müəyyən bir qazancı haqsız olaraq əldə etmək məqsədilə bir tərəfin digər tərəfə pul yaxud natura formasında qeyri-leqal ödəniş etməsidir.
Deməli, rüşvəti verən tərəf verdiyi rüşvət müqabilində haqsız olaraq müəyyən bir maddi qazanc əldə etmiş olur. Başqa sözlə, rüşvət verən şəxsin əsas məqsədi bu və ya digər formada haqsız yerə qazanc yaxud üstünlük əldə etməkdir.

O zaman sual olunur:
1. Əgər haşa Allah bizə Cənnəti “rüşvət” olaraq verirsə, o zaman bu “rüşvət”in müqabilində Allahın əldə etdiyi hər hansı bir qazancı varmı? Əlbəttə ki, yoxdur. Çünki İxlas surəsində də bildirildiyi kimi Allah Təala (c.c) heç kimə və heç nəyə möhtac deyildir, əksinə hər kəs və hər şey yalnız Ona (c.c) möhtacdır.
2. Əgər haşa Allah bizə Cənnəti “rüşvət” olaraq verməsə, o zaman Allahın itirəcəyi hər hansı bir şey varmı? Əlbəttə ki, yoxdur.

Deməli, “Cənnətin rüşvət olaraq bizə verilməsi” iddiası tamamilə əsassızdır və ateistlərin növbəti iftirasından başqa bir şey deyildir.
Bəs Qurani-Kərimdə Allah Təalanın (c.c) bizlərə Cənnəti vəd etməsinin hikməti nədir?

Suala belə cavab vermək olar:
Hazırda dünyada mövcud olan bütün sekyular hüquq sistemlərində qanunların pozulmasına görə müxtəlif növ cəzalar nəzərdə tutulur.
Qanunların pozulmasına görə cəza verilməsi mexanizmi Quranda da tətbiq olunur. Çünki Qurani Kərim İslamın təməl kitabı olmaqla ilahi qanunlar toplusunu özündə əks etdirir. Əgər ateistlər sekyular sistemdə qanun pozuntusuna görə cəza verilməsi prinsipini sözsüz qəbul edirlərsə, eyni prinsipin İslamda da tətbiqini normal qarşılamalıdırlar. Ona görə də ateistlərin çox vaxt verdikləri “Allah niyə Cəhənnəmi yaratdı?” sualı mənasızdır. Beləliklə, sekyular sistemdə olduğu kimi İslam şəriətində də insanların qanunları pozduqları təqdirdə cəzalandırılması normaldır.

Yuxarıda qeyd edilən oxşarlığa baxmayaraq sekyular hüquq sistemi ilə İslam dini arasında bəzi mühüm fərqlər var:

1. Sekyular hüquq sistemində qanun pozuntusuna görə cəza verildiyi halda həmin qanunlara əməl edilməsinə görə demək olar ki, heç bir mükafat nəzərdə tutulmur. Lakin bundan fərqli olaraq İslamda nəinki qanunların pozulmasına görə cəza verilir, eyni zamanda həmin qanunlara əməl edilməsinə görə insanların ikiqat (dünya və axirətdə) mükafatlandırılacağı deyilir. Ən önəmli olan isə möminlərin əbədi olaraq qalacağı Cənnət mükafatıdır. Əslində mükafat olaraq vəd edilən Cənnət – ilahi qanunlara riayət edilməsinə, xoş əməllərə, dünyada çəkilmiş əziyyətə və sərf edilmiş əməyə görə Allah Təalanın (c.c) insanlara lütf etdiyi misli olmayan mükafat və bonusdur.

2. Digər tərəfdən İslam şəriətinə görə mükafat verilməsi həm də insanları yaxşı əməllərə təşviq etməyə və bütövlükdə cəmiyyətin mənəvi-əxlaqi səviyyəsini yüksəltməyə xidmət edir. İslam dini nəinki ilahi qanunlara əməl edilməsinə görə, hətta bizə xırda görünən yaxşılıqlara görə də insanlara mükafat vəd edir. Məsələn, müsəlman olan şəxs adi bir təbəssümlə yaxud xurma dənəsini sədəqə verməklə Allah Təalanın (c.c) rizasını və mükafatını qazana bilər. Amma sekyular hüquq sistemində belə mənəvi-əxlaqi cəhətdən xoş olan əməllərə təşviqetmə mexanizmi yoxdur. Fərq budur.

3. Həm də digər bir nüans da var ki, İslam burada da öndədir. Deməli, sekyular hüquq sistemində hər hansı qanunu bilməmək səni cəzadan xilas etmir, yəni sən yolu səhv keçsən, daha deyə bilməzsən ki, mən bilmirdim buradan keçmək olmaz və cəza ödəməlisən. Amma İslamda əgər bilmədən günah edirsənsə, tövbə edib davam edə bilərsən, yani hökmü bilmədiyinə görə sənə ziyan gəlməz. Məhz budur İslamın gözəlliyi.