Ateistlər iddia edirlər ki, guya ki, Qurani Kərimdə ilk insanın (Hz.Adəm) müxtəlif maddələrdən yaradılması haqqında ayələr bir-birilə ziddiyyət təşkil edirlər. Əslində isə heç bir ziddiyyət yoxdur. Çünki Qurani Kərimdə adları çəkilən müxtəlif maddələr ilk insanın yaradılması prosesinin ardıcıl mərhələlərini təsvir edir:

1-ci mərhələ. Torpaq (3/59, 22/5, 30/20, 35/11, 40/67)

2-ci mərhələ. Palçıq və yapışqan palçıq (6/2, 7/12, 17/61, 32/7, 38/71, 38/76, 37/11)

3-cü mərhələ. Tərtəmiz (süzülmüş) palçıq (23/12)

4-cü mərhələ. Qoxumuş qara palçıq (15/26, 15/28, 15/33)

5-ci mərhələ. Quru palçıq (55/14)

İlk insanın yaradılışında birinci mərhələ torpaq (türab); ikincisi, palçıq kimi yumşaq, yapışqan çamur (tîn) ve bundan alınıb süzülmüş bir palçıq (sülâletün min tîn);  üçüncüsü, insan skeleti halına gətirilən qara, qoxumağa hazır bir şəklə salınmış palçıq (hame-i mesnun); dördüncüsü, bişirilmiş, qurudulmuş palçıqdır (salsâl). Bunlar, ilk insanın təşəkkül mərhələlərini əhatə edir.

Bunu sadə bir misalla izah edək. Məsələn, çörəyin hazırlanma prosesi aşağıdakı mərhələləri təşkil edir:

1-ci mərhələ. Sünbül

2-ci mərhələ. Buğda

3-cü mərhələ. Un

4-cü mərhələ. Xəmir (un+su)

5-ci mərhələ. Çörək

Əslində biz çörəyin fərqli maddələrdən hazırlandığını müxtəlif cür ifadə edə bilərik:

– Çörək sünbüldən hazırlanır

– Çörək buğdadan hazırlanır

– Çörək undan və sudan hazırlanır

– Çörək xəmirdən hazırlanır.

Göründüyü kimi bu ifadələrin hamısı doğrudur. Amma çörəyin hazırlanma mərhələlərini bilməyən adam bunun ziddiyyət olduğunu düşünəcək. Çünki hər mərhələdə müxtəlif maddədən istifadə olunur.

Quranda deyilir: “Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq.” (Muminun surəsi, 12)

Müasir texnologiya ilə aparılan elmi təhqiqatların nəticələrinə görə, torpaqdakı elementlərlə insan bədənindəki elementlər bir-birləriylə tamamilə eynidir:

Oksigen – Karbon – Hidrogen – Azot – Kalsium – Fosfor – Kalium – Kükürd – Xlor – Natrium – Maqnezium – Silikon – Dəmir – Sink – Mis – Boro – Kobalt – Vanadium – Yod – Selenium – Manqan – Molibden – Xrom.