Ateistlərin müsəlmanlara qarşı növbəti təhrif olunmuş iddialarından biri Bəni-Qureyzə hadisəsi haqqındadır. Bu iddiaya görə guya Məhəmməd peyğəmbər (s.a.v) Bəni-Qureyzədən olan yəhudilərə qarşı qətliam törədib. Halbuki, məsələnin əsl mahiyyətində müsəlmanlara qarşı yəhudilər tərəfindən bilərəkdən törədilmiş ciddi xəyanət motivi durur. Gəlin hadisəni incələyək. Əslində nə baş verib?

Bəni-Qureyzə xəyanəti hicrətin 5-ci ilində (miladi 627) baş vermiş Xəndək savaşı ərəfəsində vaqe olmuşdur. Əslində Xəndək müharibəsinin baş verməsində Səlam ibn Əbil-Huqayq, Huyeyy ibn Ahtab, Kinanə ibn Əbil-Huqayq, Həvzə ibn Qeys və Əbi Amir kimi iyirmiyə yaxın nüfuzlu yəhudi rəhbərləri aktiv rol oynamış və Məkkə müşriklərini sayca az olan müsəlmanlara qarşı savaşa təhrik edərək onlara dəstək vermişdilər. Həmin savaş zamanı Mədinə şəhəri Məkkəli müşriklərin ordusu tərəfindən uzun müddət mühasirədə saxlanılmışdı. Bu müharibədə müsəlmanların ancaq 3.000 döyüşçüsü olduğu halda, müşriklərin bundan 3 dəfə çox, yəni ki, 10.000 döyüşçüsü, 300 at və 1500 dəvəsi var idi. Başqa sözlə, Məkkə ordusu müsəlmanlardan sayca və silah-sursat baxımından bir neçə dəfə üstün idi.

Mədinədə yaşayan Bəni-Qureyzə yəhudiləri (Qureyzə oğulları) Hz.Məhəmmədlə (s.a.v) aralarında olan sazişə əsasən müsəlmanlarla çiyin-çiyinə duraraq Xəndək müharibəsi zamanı Mədinə şəhərini müdafiə etməli idilər. (Sîre, 2/147-148). Lakin Bəni-Qureyzəlilər nəinki bunu etmədilər, hətta üstəlik müsəlmanlarla olan sazişi heçə sayaraq müharibənin ən qızğın vaxtında Məkkəli müşriklərlə iş birliyinə girişdilər. Əslində bundan əvvəl digər yəhudi qəbiləsi olan Nadir oğulları (Bəni-Nadir) da eyni xəyanəti edərək müsəlmanlarla aralarındakı sülh müqaviləsini pozmuş və peyğəmbərə (s.a.s) qarşı savaş açmışdılar. Nəticədə peyğəmbərimiz (s.a.v) Bəni-Nadir tayfasını məğlub edərək onları Mədinədən sürgün etdiyi halda Bəni-Qureyzə yəhudilərini əfv etmiş və onlarla yeni sülh müqaviləsi bağlamışdı.

Buna baxmayaraq Bəni-Qureyzə yəhudiləri müsəlmanlara qarşı gizli düşmənliklərini davam etdirirdilər. Ona görə də Qureyzə oğulları Xəndək döyüşü zamanı Bəni-Nadir yəhudilərinin təxribatına uyaraq düşmən tərəfinə dəstək verməklə müsəlmanlara gözlənilmədən arxadan xaincəsinə zərbə vurmağa başladılar. (el-Vakidî, el-Meğâzî, Kahire 1367/1948, s.290).

Xəyanət xəbərini ilk eşidən Hz. Ömər  olur. Birbaşa Allah Rəsulunun hüzuruna gəlir və məsələdən Onu da xəbərdar edir. Allah Rəsulu (s.ə.s.) kədərlənir. Hadisənin təfərrüatını öyrənmək üçün Sad ibn Ubadə, Sad ibn Muaz, Abdullah ibn Rəvaha, Havvat ibn Cübeyr və Üseyd ibn Hudayrdan ibarət bir heyəti Bəni-Qureyzə yurduna göndərir.

Tapşırığı alan heyət yola çıxıb özünü Bəni-Qureyzə yurduna çatdırır. Deyilənlər doğru idi. Bəni-Qureyzə nəinki müqaviləni pozmuş, hətta Məkkə ordusuna maddi yardım da göstərirdi: bazarlarını onların düşərgələrinə daşıyır, bu yolla düşmən ordusunun ərzaq ehtiyaclarını ödəyirdi. Eyni zamanda, onları at, dəvə və başqa döyüş vasitələri ilə təmin edir, Məkkə ordusunun çatışmazlıqlarını tamamlamağa çalışırdı. Bəni-Qureyzənin bu davranışı müsəlmanlar üçün Mədinədə yeni və daha təhlükəli bir cəbhənin açılması mənasına gəlirdi.

Qureyzəoğulları etdikləri bu xainliklə yanaşı  peyğəmbərin (s.a.v) sülh üçün göndərdiyi heyətə həqarət etdilər və “Rəsulullah da kimdir? Məhəmmədlə aramızda heç bir müqavilə yoxdur”dedilər. Hətta daha da irəli gedərək peyğəmbər (s.a.v) haqqında ədəbsiz sözlər işlətməkdən belə çəkinmədilər. (Sire, 3/233; Tabakât, 2/74; Müslim, 3/1389).  Bəni-Qureyzəlilər bunula da kifayətlənmədilər. Mədinə üzərinə hücum təşkil edərək müdafizəsiz qalmış müsəlman ailə və uşaqları qılıncdan keçirməyə təşəbbüs etdilər. Bu hərəkətləri ilə mühasirədə qalmış müsəlmanları daha çox təlaşa və qorxuya düşürdülər. Bu, açıq-aşkar müsəlmanlara qarşı nankorluq və xəyanət idi.

Rəsulullahın yoxluğunu fürsət bilən on nəfər yəhudi Onun (s.ə.s.) ailəsi və bibilərinin yaşadığı yerə gəlir, oranı ox yağışına tuturlar. Hətta bir yəhudi qapıya qədər gəlir və içəri girməyə çalışır. Bu bir xəyanət idi; ər meydanında igidliklə vuruşmaq əvəzinə, qalaya sığınmış köməksiz, günahsız qadın və uşaqlara hücum etməklə xəndəkdə savaşan müsəlmanları təşvişə salmaq istəyirdilər. Demək ki, Bəni-Qureyzə də öz acı aqibətini hazırlayırdı. (Ebu Yala, Müsned, 2/43 (683); Heysemi, Mecmauz-Zevaid, 6/134)

Sayca üstün olmalarına baxmayaraq Məkkə müşrikləri Xəndək müharibəsində məğlub olaraq geri çəkildilər. Savaş vaxtı sülh müqaviləsini xaincəsinə pozaraq düşmənlərə kömək etmiş Bəni-Qureyzə yəhudiləri də tez Mədinədən 2 saatlıq məsafədə yerləşən möhkəm qalalarına çəkilmişdilər.

Xəndək savaşı bitdikdən sonra müsəlman ordusu onlara ən ağır zamanda xəyanət edən Qureyzə oğullarını cəzalandırmaq üçün yola çıxdı. Ordudan öncə yola çıxmış olan Hz.Əli (a.s) Qureyzə oğullarının qalasına yaxınlaşaraq bayrağı qalanın dibinə sancdı. Onun gəlib Rəsulullahın bayrağını qarşılarına sancmasına qəzəblənən Bəni-qureyzəlilər ağızlarına gələni danışır, Allah Rəsulu  ilə möminlərin analarına təhqir yağdırırdılar. Utancverici ifadələr idi. Səhabələr eşitdikləri qarşısında donub qalmışdılar, amma yenə də özlərinə yaraşanı edərək susurdular. Bəni-Qureyzəlilər bu davranışları ilə müsəlmanlara qarşı etdikləri xəyanətdən əsla peşman olmadıqları və təslim olmayıb müqavimət göstərəcəkləri açıq-aydın bəlli olurdu.

Müsəlman ordusu qalanı mühasirəyə aldı. Hər iki tərəf qarşılıqlı olaraq ox yağdırmağa başladılar. Beləcə savaş başladı. Günlər bir-birini əvəz edirdi. Bəni-Qureyzəlilər mühasirənin uzandığını görüncə sıxılmağa və qorxmağa başladılar.

Kab bin Əsəd Qureyzə oğullarının rəislərindən biri idi. Bütün bu olanlardan sonra o, vəziyyətin ciddiliyini anladı və yəhudilərə müraciət etdi:

– Ey Bəni-Qureyzə camaatı! Başımıza nələr gəldiyini hamınız görürsünüz, mən sizə üç variant təklif edirəm. Siz istədiyinizi qəbul edə bilərsiniz.

– Hansı variantları? – deyə soruşurlar.

Təcrübəli lider deyir:

– Bu adama tabe olub Onu təsdiq edək. Onsuz da, onun Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğu açıq-aydın bilindi. Kitabınızda xüsusiyyətlərini gördüyünüz Nəbi Odur. Bununla siz canlarınızı, mallarınızı və qadınlarınızı qorumuş olacaqsınız. Allaha and olsun ki siz, Məhəmmədin peyğəmbər olduğunu bilə-bilə susursunuz. Onun Bəni-İsraildən deyil, Allahın dilədiyi yerdən – ərəblərdən göndərilməsinin həsədini çəkməyimiz Onu qəbul etməyimizə mane olur. Bildiyiniz kimi, mən Onunla anlaşmanın pozulması tərəfdarı da deyildim. Bütün müsibət və uğursuzluqları burada oturan bu adam (Huyeyy ibn Ahtab) başımıza gətirdi!

Qureyzə bu təkliflə oğulları razılaşmırlar və:

– Biz Tövratın hökümlərini əsla tərk etmərik, onu başqası ilə dəyişdirmərik! – deyə donquldanırlar.

Bunun ardından Kab ikinci təklifini irəli sürür:

– Madam ki, bu təklifi qəbul etmirsiniz, onda gəlin uşaqlarımızla xanımlarımızı öldürək və qılınclarımızı çəkib Məhəmmədin qarşısına çıxaq. Beləliklə, Allah Məhəmmədlə aramızda hökmünü verənə qədər ailələrimizə görə narahat olmarıq. Həlak olsaq da, birlikdə həlak olarıq. Əgər işdi qalib gəlsək, o zaman hər halda başqa qadınlarla evlənib onlardan da çoxlu oğul-uşaq sahibi olarıq!

Kab’ın çıxılmaz vəziyyətdə olduğunu onlar da görürdülər. Başqa vaxt olsa idi, belə sözlər danışmazdı. Göründüyü kimi, gedişat təxmin etdiklərindən də pis idi. Deyəsən, etdikləri xəyanətin əvəzində ölümdən başqa seçimləri yox idi və Kab da gələcək müsibətdən ən az zərərlə qurtulmaq üçün yollar axtarırdı. Ancaq birinci təklif kimi ikinci təklif də qəbul olunmur:

– Bu yazıqları necə öldürə bilərik? Həm də onlar olmasa, yaşamağın nə mənası var? – deyə etiraz edirlər.

Bu dəfə Kab son təklifini irəli sürür:

– Madam, əvvəlki təklifləri qəbul etmədiniz, barı bunu dinləyin. Bu gün şənbədir və Məhəmmədlə yoldaşları bizim hücum etməyəcəyimizdən arxayındılar. Gəlin bu gecə onlara qəfil zərbə endirək.

Yenə söylənməyə başlayırlar:

– Şənbə günümüzə hörmətsizlik edib bizdən əvvəlkilərin etmədiyini biz edəcəyik? Daha əvvəllər buna təşəbbüs edənlərin başına nələrin gəldiyini, meymuna çevrildiklərini sən bizdən daha yaxşı bilirsən!

Bu təklif də qəbul olunmur. Camaat heç bir qərarla razılaşmırdı. Hər cür ehtimal məntiqdən kənar hesab olunur və bir çıxış yolu tapılmırdı. Elə bu zaman Bəni-Qureyzəyə və Bəni-Nadirə mənsub olmayan Hüzeyl qəbiləsindən Sayənin oğulları Üseyd və Sələbə qardaşları ilə onların əmisi oğlu Əsəd ibn Ubeyd irəli çıxaraq deyir:

– Ey Bəni-Qureyzə camaatı! Allaha and olsun ki, Onun Rəsulullah olduğunu siz də bilirsiniz. Onun əlamətləri kitablarımızda vardır! Ondan həm bizim, həm də Bəni-Nadirin alimləri daim bəhs etmişlər! (Huyeyy ibn Ahtabı göstərərək) Bax bu da Cübeyr ibn Heyyəban ilə onların başında gəlir! Bizim aramızda ən doğru adamdır və o, vəfat etməmişdən əvvəl bizə Onun əlamətlərindən bəhs etmişdi.

Bu söz də Bəni-Qureyzəlilərin xoşlarına gəlmir:

– Biz Tövratı atmarıq, – deyirlər. Bəni-qureyzəlilərin tərs damarı tutmuşdu. Bütün bunlara baxmayaraq, adamlar göz görə-görə ölümü seçirdilər. (İbn Abdilberr, İstiab1/96; İbn Hacer, el-İsâbe, 1/52 (100))

Fəqət Sayənin oğulları Üseyd və Sələbə qardaşları öz dediklərindən vaz keçmədilər:

– Vallahi, bu adam gələcək olan o peyğəmbərdir! Allahdan qorxun və ona iman edin! – dedilər. (Sîre, 3:228; İsâbe, 1:33).

Bundan sonra Sayənin oğulları Üseyd və Sələbə qardaşları ilə onların əmisi oğlu Əsəd ibn Ubeyd qaladan enib müsəlman oldular. ( Sîre, 3:227-228)

Günlər keçdikcə zaman Bəni-Qureyzənin əleyhinə işləyirdi. Babalarının Allahın əmrini yerinə yetirməmək – buzovu qurban etməmək üçün ağlagəlməz bəhanələr uydurduğu kimi, bunlar da müxtəlif vasitələrə əl atmış, amma bütün bu cəhdlərin şərtləri ağırlaşdırmaqdan başqa bir “fayda”sı olmamışdı. Bütün yollar bağlı idi və axırda Rəsululahın verəcəyi hökmlə razılaşmaq məcburiyyətində qalıb 25 günlük mühasirədən sonra təslim oldular. Bəni-Qureyzəlilər özləri haqqında hökm vermək üçün Sad bin Muazın (a.s) hakim təyin edilməsini peyğəmbərdən (s.a.v) xahiş etdilər və xahişləri qəbul edildi. Beləliklə, Qureyzə oğullarının öz istəkləri əsasında seçdikləri hakimin Tövratda adı keçən hökmə görə verdiyi cəza tətbiq edilmişdir. (Sîre, 3/246-351; Tabakât, 3:422-325; Taberî, 3/56)

Hz.Sadın hökmü belə idi:

– Mən onların həddi-büluğa çatmış kişilərinin öldürülməsi, qadınları ilə uşaqlarının əsir alınması, yurdlarının ancaq mühacirlər arasında bölüşdürülməsi və mallarının da qənimət olaraq möminlərə paylanması hökmünü verirəm!

Hz. Sad’ın bu hökmü Tövratın müvafiq hökmlərinə tamamilə uyğundur. (Tesniye/Yasanın tekrarı, 10-14). Hətta etdikləri xəyanətə görə ölüm hökmünə məhkum olunmuş bəzi yəhudilər əvvəllər etdikləri yaxşı əməllər qarşılığında peyğəmbər (s.a.v) tərəfindən əfv edildilər. Bəli, peyğəmbərin (s.a.v) yaxşılığa verdiyi dəyər budur: “Düşmən belə olsa, yaxşı insanı əfv etmək”.

Nəticə olaraq, qısaca olaraq qeyd edək ki, Bəni-Qureyzə qəbiləsi müsəlmanlarla sülh müqaviləsi bağladıqdan sonra müharibə vaxtı gizlicə düşmənlərlə iş birliyinə girmiş və müsəlmanlara qarşı xəyanət etmişdilər. Bəni qureyzə qəbiləsi bundan əvvəl də bir dəfə müsəlmanlara xəyanət etmiş və peyğəmbər (s.a.v) onları bu xəyanətə görə əfv etmiş, onlara toxunmamış, bir çox yaxşılıqlar etmiş və tərəfdaşlıq haqqında müqavilə imzalamışdı. Amma sonradan 2-ci dəfə müsəlmanlara xəyanət etdilər. Ona görə də öz müqəddəs kitabları olan Tövratın hökmlərinə uyğun olaraq cəzalandırıldılar.

Təsəvvür etsək ki, Azərbaycanda yaşayan bir qrup insan müharibə vaxtı bizə xəyanət edərək düşmən ermənilərlə ittifaqa girirlər. Dövlətə, vətənə qarşı belə alçaq xəyanətin cəzası nə olmalıdır?