Ali İmran surəsi 85-ci ayədə deyilir: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”

Bəqərə surəsi 62-ci ayədə deyilir: “İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.”

Ateistlər iddia edirlər ki, guya yuxarıdakı iki ayə arasında ziddiyyət var. Birinci ayəyə görə qeyri-müsəlmanlar Cənnətə gedə bilməzlər, ikinci ayəyə görə isə gedə bilərlər.

Əvvəla, qeyd edək ki, bu ayələr qətiyyən bir-birinə zidd deyildir. Çünki bu ayələrdən birinin (Bəqərə, 62) hökmü İslamdan əvvəlki dövrə, digərinin (Ali İmran, 85) hökmü isə İslamdan sonrakı dövrə aiddir.

Bildiyimiz kimi Hz. Məhəmməd peyğəmbərdən (s.a.v) əvvəl də çoxlu peyğəmbərlər yaşamış və dini təbliğlə məşğul olmuşlar. Bütün peyğəmbərlərin öz qövmlərinə gətirdikləri ilahi təbliğin əsasında hənif inancı (monoteizm) dururdu. Hənif – doğru inanan, haqq yolda olan, İslamiyyətə sarılan, Allaha şərik qoşmayan deməkdir. Bunula bağlı Ali İmran surəsi 67, 68 və 95-ci ayələrdə deyilir:

67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.

68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur!

95. (Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi”

Beləliklə, aydın olur ki, Bəqərə surəsinin 62-ci ayəsindəki hökm yalnız İslam dini gəlməzdən əvvəlki dövrdə yaşamış və öz peyğəmbərlərinin gətirdiyi dinə tabe olmuş, Allaha şərik qoşmayan, Axirətə iman edən ümmətlərə aiddir.

Bəs sonuncu peyğəmbər Hz.Məhəmməd (s.a.v) gəldikdən sonra insanlar hansı dinin ardınca getməlidirlər?
Bu sualın cavabı isə Ali İmran surəsi 85-ci ayədə verilir: 
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran, 85)

Deməli, Ali İmran surəsinin 62-ci ayəsindəki hökm yalnız İslam dini gəldikdən sonrakı dövrdə yaşayan bütün insanlara aiddir.