Ateistin birisi dedi ki, “Allahı görə bilmirəm, deməli yoxdur”.

Kim deyir ki, “Allahı görmək mümkün deyil!” Əlbəttə, mümkündür. Yetər ki, sən doğru bax. Zahiri yox, batini görməyə çalış. Baxmağın da növləri var, görməyin də… Baxılan baxana görə məna qazanar. Nəylə baxdığın, necə baxdığın önəmlidir.

“O səsdəki məlahətə bir bax!” deyilsə, necə baxarsan? Təbii ki, qulaqlarınla… Yoxsa ki, gözünü dikib səsdəki məlahəti görməzsən…
Əgər sənə “Bu anadakı mərhəmətə bax!” deyilsə, mərhəməti gözünlə görməyə çalışa bilməzsən. Sonra da “Baxdım, amma nə mərhəmət gördüm, nə də ki, sevgi!” deyə bilməzsən. Mərhəməti görmək üçün gözünü yox, ağlını işlətməlisən.

Demək ki, hər cismə fərqli duyğu orqanı ilə baxmaq gərəkdir. Var olmaqla birlikdə başqa varlıqlara bənzəməyən Rəbbinə də baxacaqsan, amma gözünlə yox, əqlinlə, məntiqinlə, zehninlə… Yaratdığı möhtəşəm əsərlərə baxaraq görə bilərsən Onu… “Sənət sənətkarsız, elm alimsiz, kitab katibsiz olmaz” deyiblər aqillər… Bir iz varsa əgər, şübhəsiz ki, o izi buraxan da vardır.

Bir yerdə alov olduğunu anlamaq üçün mütləq orda olmana ehtiyac olmaz, tüstüsünü görən kimi həmən anlarsan ki, orda alov var… Rəsmə baxaraq rəssamı, kitaba baxaraq müəllifi görərsən.

İndi özünə bax. Sən möhtəşəm bir əsərsən. Canlı bir maşınsan. Və ya gözəl bir rəsmsən. Yaxud hərəkətli bir heykəlsən. Sən vəznli, qafiyəli bir şersən. Əlbəttə ki, səni yazıb yaradan, formaya salıb dizayn verən Birisi mütləq vardır. Gözlərin görməsə belə, fəqət ağıl gözün görə bilər Onu… Yetər ki, doğru bax, haqqı gör.

Gözlə görülə bilmək maddi varlıqlara xasdır. Gözlə görülən, əllə tutulan, dillə dadılan, burunla qoxlanan bir varlıq necə ilah ola bilər axı?

Məgər Allah maddi bir cisimdirmi ki, maddi gözlə görülə bilsin?
Maddədən, cisimdən, ölçüdən, formadan yaradılmış varlıqların xüsusiyyətlərindən uzaqdır. O, heç birinə bənzəməz.
Kitabullahda Özünü necə tanıdırsa, O elədir:

Bismillahir–rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”