Atesistlərlə dini mövzuda müzakirə aparmaq əbəsdir və vaxt itkisindən başqa bir şey deyildir. Bunun səbəbi çox sadədir.

İmanın 1-ci şərti Allah Təalaya (c.c) imandır. Əgər ateist bir şəxs imanın 1-ci şərtini (Allahın varlığını) qəbul etmirsə, onda imanın digər şərtlərini (mələklər, müqəddəs kitablar, peyğəmbərlər, axirət, qədər) qəbul edərmi?  Əlbəttə ki, yox.

Aydındır ki, Allah Təalanın (c.c) varlığını qəbul etməyən insanlar Onun göndərdiyi kitabları, dini, peyğəmbərləri də qəbul etməyəcəklər.  Allahın (c.c) varlığını qəbul etməyən ateistlər ilə dini müzakirə aparmaq əslində ona bənzəyir ki:

– Memarın varlığını inkar edən bir insana möhtəşəm bir binanın necə də gözəl tikildiyini izah etməyə çalışırsan

yaxud

– Rəssamın mövcudluğunu inkar edən birinə valehedici bir rəsm əsəri haqqında danışırsan

və ya

– Mühəndisin varlığını inkar edən bir insana yüksək texnologiya əsasında istehsal olunmuş təyyarə haqqında danışırsan.

Deməli, çoxlu sayda elmi dəlillərə baxmayaraq sırf öz təkəbbürü səbəbindən Allaha iman etməyib, kor və təsadüfi proseslərə inanan atesit bir şəxs ilə dini mövzuda müzakirə aparmaq nə məntiqə, nə də məqsədə uyğun deyil.

Ona görə də, dini mövzuda müzakirə aparmazdan qabaq əvvəlcə ateistlərə Allahın varlığını (imanın 1-ci şərti) elmi və məntiqi dəlillərlə izah etmək lazımdır. Əgər Allahın varlığını qəbul etsələr, ondan sonra din, peyğəmbər və digər mövzularda müzakirə aparmaq olar. Əks təqdirdə öz vaxtınızı boşuna sərf edəcək və bir çox böhtanlara məruz qalacaqsınız.