Həmin ayələrə baxaq:

Nisa 78. Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!

Nisa 79. (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.

İslomofoblar Nisa surəsinin 78-79-cu  ayələrinə baxaraq bir ziddiyyət olduğunu iddia edirlər. Yaxşılıq və pislik Allahdan gəlir, yoxsa yaxşılıq Allahdan, pislik insanın özündən gəlir?

Bu ayələr tərcümə edilərkən bir ziddiyyət yaradılmışdır. Halbuki ərəbcəsində sözlər fərqlidir. Yuxarıda qeyd edilən iki ayənin birində “min indillâh” digərində isə “minellah” kəliməsi keçir. Bunun mənası odur ki, “hər yaxşılıq və pislik” hamısı Allahın “DƏRGAHINDA, QATINDA” dır. Yəni hamısını Allah xəlq edər. Ancaq yalnız “yaxşılıq” Allahın RIZASINDAdır, pislik isə insanın iradəsindən gəlir. Bu iki ayə əslində bu iki fərqi göstərir. Tərcümə edənlər isə bunu fərqsiz kimi tərcümə etdiyi üçün ziddiyyət kimi görünmüşdür. Halbuki bu iki ayənin mənaları arasında heç bir ziddiyyət yoxdur.