İnsanın düzəldə bilmədiyi və 576 meqapiksel görüntünü təmin edən bir qurğu – göz – dizaynsız, plansız öz-özünə kor təsadüfi rastlantılar nəticəsində ortaya çıxa bilərmi?

İnsan gözü təqribən 40 ayrı həssas hissənin birləşməsindən ibarət kompleks sistemdir. Gözün görməsi üçün isə bu orqanı təşkil edən təqribən 40 əsas hissənin hamısı eyni anda birlikdə mövcud olmalı və ahəng içində işləməlidir. Göz bülluru bunlardan sadəcə biridir. Buynuz qişa, gözün selikli qişası, gözün qüzehli qişası, göz bəbəyi, gözün tor qişası, orta qişa, göz əzələləri, göz yaşı vəzləri kimi bütün digər hissələr olsa və fəaliyyət göstərsə, amma bircə göz qapağı olmasa, göz qısa müddət ərzində zərər görər və görmə funksiyasını itirər. Eyni şəkildə bütün orqanoidlər mövcud olsa, amma göz yaşı ifraz olunmasa, göz bir neçə saat ərzində quruyar, yapışar və kor olar.

Bu hissələrdən sadəcə birinin üzərində düşünək. Məsələn, göz bülluru. Biz çox vaxt fərqinə varmırıq, amma cisimləri aydın görməyimizi təmin edən şey göz büllurunun hər saniyə heç dayanmadan “avtomatik fokuslama” etməsidir. İstəsəniz, bununla bağlı kiçik təcrübə keçirə bilərsiniz: şəhadət barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, bir də arxasındakı divara baxın. Baxışınızı barmağınızdan divara doğru hər çevirdikdə “tənzimləmə” olduğunu hiss edəcəksiniz.

Göz cismə necə fokuslanır? Cisimləri aydın görməyimiz göz büllurunun hər saniyə dayanmadan “avtomatik fokuslama” etməsi ilə mümkün olur. Bu tənzimləmə göz büllurunun ətrafındakı kiçik əzələlər tərəfindən həyata keçirilir. Hər baxış dəyişdirdikdə bu əzələlər işə düşür və göz büllurunun qabarıqlığını dəyişdirərək işığın düzgün bucaq altında qırılmasını və istədiyiniz cismi aydın görməyinizi təmin edir. Göz bülluru bu tənzimləməni həyatınız boyu heç səhv etmədən hər saniyə həyata keçirir. Fotoqraflar eyni tənzimləməni fotoaparatlarda əl ilə edirlər və düzgün fokuslamanı əldə etmək üçün bəzən uzun müddət çalışırlar. Müasir texnologiya son 10-15 ildə avtomatik fokuslama edən kameralar istehsal etmişdir, amma heç bir kamera göz qədər sürətli və qüsursuz şəkildə fokuslaya bilmir. İnsan gözündən müqayisəedilməz dərəcədə primitiv quruluşu olan fotoaparatın TƏSADÜFƏN ortaya çıxdığını iddia etmək əlbəttə ağılsızlıq olar. Belə olan təqdirdə gözün YARADILMIŞ olduğunu necə inkar etmək olar?

Gözdən Fotoaparata: Görmə Texnologiyası

Onurğalı heyvanların gözləri, işığın “göz bəbəyi” adı verilən dəlikdən içəri girdiyi yumru toplara bənzəyir. Göz bəbəyinin arxasında isə lupalar yerləşir. İşıq əvvəlcə bu lupanın, daha sonra da göz yuvalarını dolduran mayenin içindən keçir və retinanın üzərinə düşür. Retinanın üzərində, “konus hüceyrələr” və “çubuq hüceyrələr” olaraq adlandırılan təxminən yüz milyon hüceyrə vardır. Çubuqlar işığı və qaranlığı ayırd edərkən, konuslar da rəngləri seçirlər. Bu hüceyrələr, üzərlərinə düşən işığın təsiriylə yaranan imici elektrik siqnallarına çevirib optik sinir şəbəkəsi vasitəsilə beynə göndərirlər. Gözlər işıq sıxlığını göz bəbəyini əhatə edən iris vasitəsilə nizamlayırlar. İris isə, quruluşunda mövcud olan kiçik əzələlər sayəsində böyüyüb kiçilə bilir. Bu, fotoaparatlara bənzər bir mexanizmdir. Aparata daxil olan işıq miqdarı, “diafram” adı verilən mexaniki bir iris vasitəsilə nizamlanmaqdadır. Fil Geyts (Phil Gates) – Wild Technology adlı kitabında, fotoaparatın, gözü təqlid edən sadə bir model olduğunu belə açıqlayır: “Fotoaparatlar, onurğalı gözlərinin primitiv və mexaniki bir versiyalarıdır. Bu maşınlar əslində eynilə göz kimi, qarşılarındakı aydınlıq xaricində, içinə işıq keçirməyən qutulardır. Görüntünü isə, retinanın əvəzinə bir film lenti üzərinə əks etdirirlər. Gözlərdə görüntüyə fokuslanma, lupanın formasının dəyişdirilməsi ilə mümkün olur. Fotoaparatlarda isə bu əməliyyat, lupanın filmə olan məsafəsini dəyişdirməklə reallaşdırılır.”

Gözün bu kompleks quruluşu qarşısında təkamül nəzəriyyəsinin “sadələşdirilə bilən” iddiası bütün mənasını itirir. Çünki göz işə yararlı olması üçün eyni anda bütün hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və mutasiya mexanizmlərinin gözün bu qədər müxtəlif orqanoidini, bu orqanoidlərə son mərhələyə qədər heç bir “üstünlük” təmin etmədən əmələ gətirmələri, əlbəttə, qeyri-mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı sətirləri ilə qəbul edir: “Üçüncü etiraza cavab vermək çox çətindir. Kompleks bir orqanın, faydalı olsa da, birdən-birə əmələ gəlməsi necə mümkün olmuşdur? Məsələn, onurğalılardakı göz bülluru, tor qişa, optik sinir və görmək üçün lazımlı olan digər hissələr birdən-birə necə əmələ gəlmişdir? Çünki təbii seçmənin görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici təsiri ola bilməz. Göz bülluru əmələ gəlsə belə, tor qişa olmadan faydası olmaz. Görmə üçün bütün orqanoidlərin birlikdə eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-ayrı təkmilləşdirilən hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız olar, həm də bəlkə zaman ərzində məhv olar. Eyni zamanda hamısını birdən təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda mövcud olmasını tələb edir.”  Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayıncılık, Ankara, 1995, 7. Baskı, s.475.