Niyə şüurlusunuz, bunu heç düşündünüzmü?

İnsanı digər bütün canlı və cansız varlıqlardan fərqləndirən cəhət onun şüur sahibi olmasıdır. Ətrafınıza baxdıqda, şüurun sadə bir şey olmadığını asanlıqla anlaya bilərsiniz. Oturduğunuz otaqdakı əşyalara baxın. Məsələn, bir stol düşünün. Bu stolun şüuru yoxdur. Öz varlığının fərqində deyil. Düşünmür, görmür, hiss etmir. Stolu meydana gətirən hissələrdə, məsələn taxtada, mismarlarda, yapışqanda da şüur yoxdur. Bunları daha ətraflı araşdırsanız, hamısının müəyyən molekullardan, bu molekulların da atomlardan meydana gəldiyini görərsiniz. Əlbəttə, bu atomların da bir şüuru yoxdur. Müəyyən bir nizam içində bir yerə gətirilmiş, cansız, ağılsız maddə-enerji qarışığıdır. Ətrafımızdakı hansı maddəni araşdırsaq, şüursuz olduğunu görərik. Hansı elementlərdən yaranmasından asılı olmayaraq və ya hansı formada (maye, bərk və ya qaz halında) olursa olsun maddə şüursuzdur. Stol, daş, bir stəkan su; heç birində şüur yoxdur.

Bəs şüurumuzun mənbəyi nədir?

Əgər cavabınız “beyin”dirsə yanılırsınız. Çünki beynimiz də hər hansı bir stol və ya bir stəkan kimi atomların yan-yana gəlməsi ilə meydana gəlmiş maddə yığınıdır. Taxta stolda necə atomlar müəyyən nizam içində bir yerə gətirilibsə, sizin beyninizdəki atomlar da müəyyən bir nizam içində bir yerə gətirilmişdir. Stolun atomları düşünə bilmədiyi kimi, beyninizdəki atomlar da düşünə bilməzlər. Bu da onu göstərir ki, şüurunuz beyninizdəki atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.