Ənfal surəsindəki 12-ci ayədə belə deyilir:

“(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın.”

İslamofob düşüncəli ateistlər Quranın digər ayələrində olduğu kimi bu ayəni də konteksdən çıxararaq onun nazil olma səbəbi və şəraitini göstərmədən qəsdən mənasını təhrif etməyə çalışır və guya Allahın öz bəndələrinə qarşı amansız və qəddar olduğunu iddia edirlər. (haşa)
Halbuki, bir əvvəlki ayəni (Ənfal, 11) oxuduqda aydın olur ki, əslində adı çəkilən ayə müharibə dövrü haqqındadır və ayədə düşmən ordusuna qarşı döyüş səhnəsi canladırılır. Zalıma qarşı savaşmaq və torpağını, vətənini qorumaq İslama görə müsəlmanların üzərindəki ən vacib fərzlərdən biridir. Başqa sözlə, bu ayələr müsəlmanlarla müşriklər arasında baş vermiş ilk savaş – Bədr savaşı ilə əlaqədar nazil olmuşdur. Bəs Bədr savaşının baş verməsinin səbəbi nə idi?

Bilindiyi kimi İslamın yayılmağa başladığı ilk vaxtlarda Məkkəli müşriklər Hz. peyğəmbər (s.a.v) də daxil olmaqla yenicə İslamı qəbul edənlərə qarşı amansız işgəncə və zülmlər etməyə, hətta insanları İslamdan döndərmək üçün müsəlmanları öldürməyə başladılar. Nəticədə, müsəlmanlar öz evlərini, mal-mülklərini, bir sözlə, sahib olduqları hər şeyi Məkkədə buraxaraq canlarını qurtarmaq üçün məcburən Mədinəyə hicrət etməli oldular. Müsəlmanların bir hissəsi isə Həbəşistana (indiki Efiopiya) köç etdi.

Lakin müsəlmanların hicrət etmələri müşriklərin onlara və İslama olan kinlərini sakitləşdirmədi. Hətta müsəlmanların Mədinədə dövlətlərini qurub yerləşmələri məkkəli müşriklərə çox ağır gəldi. Müşriklər İslamın uğurlarının qarşısını almaq üçün yollar axtarmağa başladılar. Məkkəli müşriklər dəfələrlə müsəlmanları hədələyib, onlara imkan düşdükcə Mədinə yaxınlıqlarında zərər vururdular. Bir sözlə, müşriklərin əsas məqsədi Bədr savaşında sayca onlardan zəif olan müsəlmanları tamamilə məhv etmək idi.

Müsəlman ordusunun sayı 305 nəfər idi. Müsəlmanların yalnız üç atı və yetmiş dəvəsi var idi. Miniklərinə növbə ilə minmək məcburiyyətində idilər. Məkkəli müşriklər isə zirehlər içərisində idilər. Sayları da 1000 nəfərə yaxın idi. Bunun yüz nəfəri süvari, yeddi yüzü dəvəli və geri qalanları piyada idi. Bu say İslam ordusunun üç qatı idi. Məhz, bu səbəbdən də, Allah Təala (c.c) mələklər vasitəsilə azlıqda olan və kafirlərin haqsız hücumuna məruz qalan müsəlmanlara yardım göndərdi və İslamı qorudu. Əslində Ənfal surəsi 12-ci ayədə açıq şəkildə bu hadisəyə işarə olunur: “(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam.”

Digər tərəfdən isə həmin ayədə ateistlərin xüsusilə ən çox tərif etməyə çalışdıqları hissə son cümlədir: “Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
Bunula da ateistlər guya Allahın öz bəndələrinə qarşı qəddar olduğu kimi iftira xarakterli iddialar edirlər. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi həmin ayə müharibə dövrü haqqındadır və ayədə düşmən ordusuna qarşı döyüş səhnəsi canladırılır. Dünya tarixindən az-çox məlumatı olan hər kəs yaxşı bilir ki, Hz. peyğəmbərin (s.a.v) yaşadığı dövrdə tapança, avtomat, pulemyot və s. kimi müasir döyüş sursatları yox idi. Həmin vaxt döyüşlərdə silah vasitəsi kimi qılıncdan, xəncərdən, oxdan, nizədən istifadə olunurdu. Döyüş vaxtı düşmən əsgərini öldürmək üçün onun başını, bədən üzvünü qılıncla kəsmək yaxud nizəylə deşmək lazım idi. Bu o dövrün döyüş qaydaları idi. Burda qeyri-adi heç nə yoxdur. Hətta indinin özündə də düşmənlə əlbəyaxa döyüş zamanı oxşar tipli üsullardan istifadə olunur.

Anoloji olaraq, müqayisə aparmaqla  ayənin izahını aşağıdakı misal əsasında izah edə bilərik. Fərz edək ki, erməni əsgərləri cəbhə xəttində yerləşən Azərbaycana məxsus kəndlərdən birinə hücum edirlər. Kənddə yaşayan əhalinin sahib olduğu özünü müdafiə alətlərinə soyuq silahlar (bıçaq, balta) daxildir. Belə bir vəziyyətdə düşmən əsgərlərinin bıçaqla, baltayla vurularaq, kəsilərək məhv edilməsi vacibdir və qaçınılmazdır.