Ateizmə görə kainatın yaranmasının və mövcudiyyətinin heç bir məqsədi yoxdur. Çünki məqsədin olması bir Yaradıcının olduğunu göstərir, lakin ateistlər Yaradanı inkar etdikləri üçün iddia edirlər ki, kainat məqsədsiz şəkildə, öz-özünə, təsadüfən meydana çıxmışdır. Məşhur təkamülçü ateist professor R.Dokinz yazır:

“Müşahidə etdiyimiz dünya məhz bizim ondan gözləməli olduğumuz xüsusiyyətlərə sahibdir: dizaynsız, məqsədsiz, nə pis, nə də yaxşı, heç nə, sadəcə kor və qəddar eyniyyət. DNA nə bilir, nə də onun üçün fərq etmir. O, sadəcə DNA-dır. Və biz də onun çaldığı hava ilə oynayırıq.” (Richard Dawkins, River out of Eden, 1996)

Əslində bu həm də o deməkdir ki, kainatın kiçik bir parçası olan insan və onun var olma səbəbi məqsədsiz şəkildə meydana çıxmışdır. Başqa sözlə, kainatın məqsədi yoxdursa, o zaman insan həyatınn da heç bir məqsədi yoxdur.

Həyatımızın standart qısa tərifi təxminən belədir: doğuluruq, böyüyürük, təhsil alırıq, işləyib karyera qururuq, ailə sahibi oluruq, qocalırıq, ölürük, çürüyüb torpağa qarışırıq… Bunun üçün mü burdayıq?

Ateistlərin iddia etdiyi kimi əgər həqiqətən də bizim bu dünyaya gəlişimizin bir məqsədi yoxdursa və öldükdən sonra tamailə yox olub gediriksə, onda fəlsəfi baxımdan bu dünyada niyə və necə yaşadığımız bizim üçün o qədər də önəmli deyil. Çünki “bu həyata niyə gəlmişdim və niyə də gedirəm?” kimi insanlıq tarixindəki ən vacib sualın cavabı ateizmdə yoxdur.

Əgər həyatımız boyu etdiyimiz yaxşı və pis əməllərə görə sonunda heç bir məsuliyyət daşımadan sadəcə bir ovuc torpağa dönüb yox olub gedəcəyiksə, əgər kainat məqsədsiz şəkildə ortaya çıxdığı kimi sonunda məqsədsiz şəkildə məhv olub gedəcəksə, onda mövcud olan hər şey boş və əbəsdir, mütləq mənada məqsədsizdir.

Amma əsla elə deyildir. Çünki sağlam düşüncə və məntiq bunun əksini deyir. Gəlin bir anlıq düşünək:
“Əgər çox bacarıqlı bir kimyagər böyük bir zəhmət və çalışma sayəsində hər yarpağı on milyon manat dəyərində olan son dərəcə gözəl və əsrarəngiz çiçəklər hazırlasa və sonra onları adi bir saman çöpü kimi keçilərə yedirsə, nə qədər əbəs və məntiqsiz olardı, deyilmi?
Əgər Axirət olmasaydı, insanların aqibəti də məhz bu cür olardı.
O halda hər bir əzası on milyonlarla manatdan daha qiymətli olan bu insanları, əlbəttə ki, Hakim-i Zülkəmal olan Allah (c.c) sadəcə və sadəcə torpaq altındakı qurd və böcəklərə yedirtmək üçün yaratmamışdır.”