İslamofob düşüncəli ateistlər Məaric surəsi 29-31-ci ayələr və Möminlər surəsi 5-6-cı ayələrə baxaraq iddia edirlər ki, guya Quranda müsəlmanlara cariyələrlə zina etməyə icazə verilmişdir.

Əvvəla qeyd edək ki, köləlik əsla İslamın cəmiyyətə gətirdiyi və təbliğ etdiyi bir sistem deyildir. İslamın köləliyə baxışı necədir? Davamını burdan oxuya bilərsiniz: https://dinisuallar.wordpress.com/2014/11/14/islamin-kol%C9%99liy%C9%99-munasib%C9%99ti-nec%C9%99dir-2/

Ateistlərin yuxarıdakı iddiasına cavab verməzdən öncə xüsusilə vurğulmaq gərəkdir ki, zina və onun haram olması anlayışı dini bir məfhum olmaqla bərabər şəriət qaydalarına əsaslanır və bu çərçivədə dəyərləndirilib hökm çıxarılır. Bu baxımdan ümumiyyətlə zinanın günah olduğunu qəbul etməyən və hətta şəriət qaydalarına inanmayan bir ateistin öz şəxsi düşüncə səviyyəsi və eqosuna uyğun olaraq nəyinsə zina olub-olmadığını müəyyən etməyə çalışması tamamilə absurddur. Çünki bütövlükdə Quranın hökmlərini qəbul etməyən ateist son nəticədə ona veriləcək istənilən cavabı da tərəddüd etmədən inkar edəcəkdir.

Digər tərəfdən isə sırf dinə bağlı bir hökm olduğu üçün zina qadağasını qəbul etməyən “müasir düşüncəli” islamofoblar tərəfindən “azad seks” adı altında gənclər arasında aparılan və cəmiyyətdə zinanın yayılmasına yönəlmiş iyrənc təbliğat onların Quran ayələrinə qarşı yuxarıda qeyd olunan iddialarının əslində nə qədər məntiqsiz və saxta olduğunu bir daha ortaya qoyur.

Gəlin yuxarıda adları çəkilən ayələrə baxaq:
Məaric surəsi
29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
31. Bundan artığını istəyənlər isə həddi aşanlardır.

Möminlər surəsi
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və sahib olduqları cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını istəyənlər həddi aşanlardır (Allahın əmrini pozanlardır).

Göründüyü kimi həm Məaric surəsi 30-cu ayədə, həm də Möminlər surəsi 6-cı ayədə “övrətləri və cariyələri istisna olmaqla” deyilir. Burada “cariyə” və “övrət” kəlimələri eyni cümlə daxilində yanaşı olaraq işlənmişdir. Başqa sözlə, ayədə keçən “istisna olmaqla” ifadəsi həm cariyə və eyni zamanda həm də övrətə aiddir. Bu isə o deməkdir ki, əgər istisna hal olaraq bir kişinin öz cariyəsi ilə zina etməsinə icazə verilirsə, deməli eyni şəkildə onun öz övrəti ilə zina etməsinə də icazə verilir.

İndi isə sual olunur: Bir kişi öz övrəti (həyat yoldaşı) ilə necə zina edə bilər?

Bu, əsla mümkün deyildir. Deməli, müvafiq olaraq ayələrdə “övrətləri və cariyələri istisna olmaqla” deyərkən əsla zina edilməsi nəzərdə tutulmur. Çünki zinanın qadağan edilməsi haqqında Quranda Allah Təalanın (c.c.) nazil etdiyi qəti hökm vardır:

“Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra, 32)

Beləliklə, Məaric surəsi 29-31-ci ayələrdə və Möminlər surəsi 5-6-cı ayələrdə iki cür evlilikdən söz açılır:

  1. Azad qadınlarla evlilik
  2. Cariyələrlə olan evlilik

İslam alimlərinə görə kişinin bir qadınla birlikdə olması ancaq iki halda halal sayılır: nigah əqdi və yaxud milkül-yəmin əqdi (cariyəyə sahiblik hüququ) əsasında. (Reddu’l-Muhtar, 3/163).

Nigah əqdi – hər ikisi azad olan bir kişi ilə bir qadının qarşılıqlı olaraq ailə qurma və cinsəl yöndən bir-birindən faydalanma şərtlərinə uyğun olaraq bağladıqları bir müqavilədən ibarətdir.

Cariyələrlə bağlı olan evlilik isə ayələrdə “sahib olduğunuz cariyələr” şəklində ifadə edilmişdir. Dini terminologiyada buna “milkül-yəmin” və ya “akdul-milk” deyilir. Milkül-yəmin nigah əqdini əvəz edən hüquqi prosedurdur. Bu zaman nigah əqdi gərəkli sayılmaz. Çünki milkül-yəmin nigah əqdindən daha güclüdür. Nigah əqdi bir mənfəət əqdidir. Milkül-yəmin əqdində isə öncə sözü gedən şəxsə sahiblik hüququ vardır. Mənfəət əqdi də buna bağlı olaraq gerçəkləşmiş olar. (Mahmud Hamdi Zakzuk, et-Teserri adlı məqaləsi).

Cariyəyə sahib olmağı təmin edən əqd və sahiblik (satın alma, miras, qənimət və ya bağışlama yoluyla əldə etmə…) hüquqi bir prosedurdur və bu prosedur sahibi ilə cariyə arasında ər-arvad kimi yaşama haqqını verməklə nigah əqdindən daha güclü və əhatəli olaraq onun yerinə də keçməkdədir. (Prof. Dr. Hayrettin Karaman)

İslam fiqhində bu mövzuyla əlaqədar önəmli bir anlayış “Təsərri” məfhumudur. Təsərrinin mənası – cariyə hesab olunan qadını həyat yoldaşı olaraq almağa, onunla birlikdə olmağa qərar vermək deməkdir. İslam hüququna görə təsərri hadisəsi sadəcə cariyəyə sahib olmaqla gerçəkləşməz. Nigah əqdi xaricində normal qadınlarla evlilikdə lazım olan bütün şərtlərin hazırlanması gərəkdir.

Hənəfi məzhəbinə görə təsərrinin gerçəkləşməsi üçün iki şərt vardır:

  1. Normal azad qadınlardan olan həyat yoldaşlarına ayıdığı kimi birlikdə olmaq istədiyi cariyəsi üçün də xüsusi bir məskən ayırması.
  2. Digər həyat yoldaşlarıyla birlikdə olmaq üçün ayırdığı zamanı ona da ayırması. Əbu Yusufa görə ondan bir uşağa sahib oma arzusu da şərtdir. (el-Bedai’, 8/344-45-şamile)

Bu iki şərt Şafi məzhəbində də keçərlidir. (Muğni’l-Muhtac, 20/316; Nihayetu’l-muhtac, 29/343-şamile)

Göründüyü kimi adı keçən ayələri diqqətlə oxuduğumuz zaman ateistlər tərəfindən ortaya atılmış iddianın həmişəki kimi nə qədər yalan və böhtan xarakterli olduğu aydın olur.