Əksəriyyət kütlənin hər il böyük təntənə və sevinclə qeyd etdiyi yeni il şənliyi təkcə arxada qoyduğumuz 365 günlük zaman dilimi deyil, eyni zamanda sona doğru atılmış kiçik bir addımdır. İnsan həyatı və bütövlükdə dünyanın sonuna doğru atılmış kiçik bir addım…

Bəli, sona doğru addım atmaqdayıq və bu sonun adı Qiyamətdir. Elmi dildə Böyük Çöküş (Big Crunch) də deyirlər bu sona.

Adı nə olursa, olsun. Fərq etməz bir müsəlman üçün. Çünki bu elə bir müdhiş sondur ki, onun dəhşəti haqqında Rəbbimiz belə buyurur Kitabullahda:

– Yer titrəyib lərzəyə gələcəyi zaman;
– Yer öz yükünü bayıra atacağı
– və insan: “Ona nə olub?”– deyəcəyi zaman –
– həmin gün yer öz əhvalatlarını danışacaqdır.
– Çünki Rəbbin ona vəhy edəcəkdir. (Zilzal 1-5)
– Sur bircə dəfə üfürüləcəyi,
– yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
– həmin gün Vaqiə qopacaq.
– Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Hakka 13-16)

Zamanın sürətli axışı müqabilində həyatımız və kainatımız hər il öz sonuna, öz əcəlinə daha bir addım yaxınlaşarkən insanlar sanki heç nədən xəbərsizmiş kimi bunun sevincini doya-doya yaşamağa çalışarlar.

Addım-addım uçurumun kənarına doğru yaxınlaşan avtomobilin içindəki insanoğlu qarşıda onu gözləyən qorxunc bir təhlükəyə qarşı heç bu qədər etinasız və laqeyid qalarmı?

Ağlı başında olan və sağlam düşüncəyə malik insan övladı onu öz əcəlinə daha da yaxınlaşdıran hər addımı böyük şadyananlıq və rahatlıq içində qeyd etməyə cəsarət edərmi?