Turritopsis_Nutricula-jellyfish

Ənkəbut surəsi 57-ci ayədə Allah Təala (c.c) buyurur:

“Hər bir canlı ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız!”

Bir çox islamofob ateistlər ”Turritopsis Nutricula” adlı dəniz canlısının ölümsüz olduğunu deyərək Quran ayəsinin guya səhv olduğunu iddia edirlər.
Gəlin əvvəlcə adı çəkilən dəniz canlısı haqqında qısa məlumat verək. Şəkildə gördüyünüz qəribə görünüşlü su canlısı ”Turritopsis Nutricula” adlı həmin meduzadır. Bu canlı 4-5 mm ölçüdə olmaqla dənizlərdə yaşayır və onun inkişafı digər meduzalarda olduğu kimi iki əsas mərhələdən ibarətdir:
1. Polip mərhələsi
2. Meduza mərhələsi.
Turritopsis Nutricula həyatının ilkin polip mərhələsini bitkiyə bənzər şəkildə suyun dibində bir yerə “kök salaraq” hərəkətsiz halda keçirir. Daha sonra inkişaf edərək həyatının ikinci mərhələsinə daxil olur. İkinci mərhələdə bu canlı artıq bir bitkiyə yox, meduzaya bənzəyir. Meduza mərhələsində çətirə oxşar formaya sahib olur, istədiyi kimi hərəkət edə bilir və cütləşərək çoxalır.
Digər meduzalar adətən ikinci mərhələdən sonra yaşlanaraq ölürlər. Lakin Turritopsis Nutricula digər meduza növlərindən fərqli olaraq yaşlanaraq ölmür. Çünki bu qeyri-adi su canlısı özünü yeniləmə yaxud əvvəlki halına dönmə qabiliyyətinə sahibdir. Beləliklə, Turritopsis Nutricula yetkinlik (meduza) mərhələsinə çatdıqdan sonra yaşlanaraq ölmək əvəzinə ilkin polip mərhələsinə geri dönür və bir müddət sonra əlverişli vəziyyət yaranan kimi yenidən meduza mərhələsinə girir, daha sonra təzədən polip mərhələsinə qayıdır və s. Bu proses beləcə davam edir və canlının yaşlanaraq ölməsinin qarşısı alınır. Təbii olaraq, belə bir sual meydana çıxır:
Turritopsis Nutricula həqiqətən ölümsüzdürmü?
Araşdırmalar göstərir ki, əslində Turritopsis Nutricula-nın yaşlanaraq ölməməsi heç də onun ölümsüz olduğu demək deyildir. Həmin canlı haqqında “ölümsüz” sözü əslində məcazi olaraq işlədilir. Çünki bu canlı qocalıb ölmədən əvvəlki vəziyyətinə qayıda bilir, bu canlıda qocalmaya qarşı mükəmməl bir müdafiə sistemi vardır. Lakin bütün digər canlılar kimi həmin meduzanın da yaşadığı təbii ortamda onun ölümünə səbəb olacaq müxtəlif təhlükələr var. Kənar müdaxilələr olarsa, bu canlı özünü ölümə qarşı qoruya bilmir. Məs, Turritopsis Nutricula xəstələnərsə, sinir sistemi zədələnərsə, yandırılarsa, başqa canlı növləri tərəfindən əzilərək yaxud ovlanaraq asanlıqla öldürülə bilər. Deməli, Turritopsis Nutricula yaşlanaraq ölməsə belə yaşadığı ətraf mühit şəraitində məruz qala biləcəyi digər müxtəlif potensial təhlükə və səbəblərdən məhv ola bilər. 

Quranda adı keçən ayədə açıq-aşkar “hər canlı ölümü dadacaqdır” deyə yazılıb. Yoxsa ki, Quranda “hər canlı qocalıb öləcəkdir” kimi bir ifadə yoxdur. Bütün canlılar ya yaşlanaraq, ya da başqa müxtəlif səbəblərdən məhv olurlar və olacaqlar. Heç bir canlı sonsuzadək ölümsüz deyildir. Quranda deyilən də budur.

Məsələnin başqa bir məqamı ondan ibarətdir ki, Qurana qarşı yuxarıdakı iddianı irəli sürən ateistlər ölümsüzlük məfhumunun həqiqi mahiyyətini belə doğru-dürüst anlamaqda çətinlik çəkirlər. Çünki ölümsüz olmaq ölümə qarşı müdafiə sisteminin olmasıdır. Amma Turritopsis Nutricula canlısında ölümə qarşı yox, sadəcə olaraq qocalmaya qarşı bir müdafiə sistemi vardır. Bunlar isə tamamən fərqli-fərqli şeylərdir.

Digər tərəfdən müasir elmi nəzəriyyələr (Big Crunch, Big Chill) kainatın bir sonunun olacağını xəbər verməkdədir. Termodinamikanın 2-ci qanununa görə (Entropi qanunu) kainatda nizamsızlıq (xaos) davamlı olaraq artmaqdadır və bu tək istiqamətli (geri dönməyən) bir prosesdir. Bu qanuna əsaslanaraq elm adamları kainatın sonunun olduğunu söyləyirlər. Entropi qanununa görə kainatın sonu var. Kainatın davamlı olaraq genişlənməsi kainatın bu iki versiyadan biri ilə sonu olacağını göstərir.

1-Kainat durmadan genişlənəcək və Böyük Donma (Big Chill) deyilən “soyuq ölüm” ilə sonlanacaqdır.

2-Sonda cazibə qüvvəsi qalib gələcək və qapanışa keçən kainat Böyük Çöküşü (Big Crunch) yaşayaraq yox olacaqdır.

Hər iki versiyada da kainatın sonu olacaq. Kainatın sonunda isə bütün canlıların, o cümlədən ən uzun ömürlü Turritopsis Nutricula meduzasının belə məhvi son nəticədə labüd və qaçılmazdır. Deməli, həmin canlının yaşlanmadan sonsuza qədər ölümsüz qala biləcəyi iddiaları elmi cəhətdən tamamilə əsassızdır.

Başqa sözlə, ateistlərin Quran ayəsinin guya səhv olması haqqındakı iddiaları həmişəki kimi boş və mənasızdır, növbəti iftiradan başqa bir şey deyil.