11051239_366098163590196_787799510_n

İnkarçılar insanın dünyaya gəliş məqsədini, səbəblərini bilməyərək hər şeyə maddi yöndən ölçü verərlər. Bu dünyada mənasız ömür sürüb, kef çəkib sonra yuxu imiş kimi bu dünyadan köçəcəklərini fikirləşərlər. Çoxu isə “onsuzda öləcəyik! Bu dünyada kefimizi çəkək, sonra ölək!” deyib düşünərlər. Amma “insanlığın qayəsi, məqsədi nədir?” deyə heç düşünməzlər!
İnsan həmişə özünü dərk etməyə çalışmışdır. Həmişə bu barədə düşünmüş, ağlına gələn suallara cavab axtarmışdır. Bu suallar içərisində ən geniş yayılanı isə budur: insan kimdir, nədir? Nə üçün insan əbədi yaşamır, dünyaya gəlir və gedir? İnsan haradan gəlir, haraya gedir? Nə üçün gəlir, nə üçün gedir?
Doğrudan da, insan nədir, kimdir? Yalnız ət və sümük yığınından ibarət bir maddi varlıqdırmı? Dünyaya gəlişinin məqsədi mümkün olduqca çox yemək, çox içmək, çox kef eləmək, həzz almaq, sonra da ləzzətli və gözəl dünyaya əlvida deyib heçliyə getməkdirmi, yoxsa onun başqa məqsəd və vəzifələri də vardır?
İnsan həm maddi olan bədəndən, həm də mənəvi olan ruhdan ibarət olduğundan, o, eyni zamanda həm maddi (bioloji), həm də mənəvi (ruhi) varlıqdır.
Lakin insan öz mahiyyətini təşkil edən bu iki ünsürdən birini-maddi yönünü daim görüb, duyub o birini-mənəvi olan yönünü görə bilmədiyindən üstünlüyü birinciyə, yəni maddi olan bədəninə verir, ruhi, mənəvi tərəfini unudur. Halbuki, insanda bədən üzvləri (baş, dil, ağız, göz, qulaq, mədə, bağırsaq, ürək, ciyər və s. ) ilə yanaşı mənəvi olan şüur, ağıl, iradə, qəlb, nəfs və s.də vardır. Hamımız yaxşı bilirik ki, ruh bədəndən çıxar-çıxmaz əsas kimi qəbul etdiyimiz bədən gərəksiz, hətta iyrənc bir şeyə çevrilir, daha onu evdə saxlamaq belə mümkün olmur (ateistlər ruha inanmadıqlarından, mənəvi olan qəlb, nəfs, iradə, və s -i də qəbul etmirlər və insana bir heyvan kimi baxırlar)

İNSAN HƏM DƏ ACİZ VARLIQDIR: O, təbiət qarşısında-sel, tufan, boran, zəlzələ, ölümcül yoluxucu xəstəliklər, vəhşi heyvanlar qarşısında olduğu kimi, öz həmcinsləri olan insanlar qarşısında da acizdir. İnsanın qarşısında aciz qaldığı bir başqa şeydə onun öz bədənidir. Məsələn insan öz bədənindəki bir zərrəyə belə hökm edə bilməz. O, dırnağına, başında, üzündə cücərən tüklərinə “çıxma! uzanma!” deyə əmr edə bilirmi? Orqanizmdəki gözəgörünməz viruslara qarşı müqavimət göstərə bilirmi? Bir az ehtiyatsızlıq etdimi, xəstələnə, hətta ölə bilər. O, öz bədəninin köhnəlməsi-qocalıq qarşısında acizdir və bir gün bu dünyanı tərk edəcəyi qaçılmazdır.

İNSAN ÖYRƏNMƏYƏ VƏ TƏRBİYƏ EDİLMƏYƏ ƏLVERİŞLİ VARLIQDIR:
İnsanın varlığının ümumi xüsusiyyətlərindən biri də məhz budur-o, dünyaya gələrkən heç bir şey bilməyən, lakin öyrənməyə və tərbiyə edilməyə əlverişli bir varlıq olaraq gəlir. Bu barədə Quran-i Kərim belə deyir: “ALLAH SİZİ HEÇ BİR ŞEYDƏN XƏBƏRSİZ, MƏLUMATSIZ İKƏN (BİR VARLIQ OLARAQ) ANALARINIZIN QARNINDAN ÇIXARDI, ŞÜKR EDƏSİNİZ DEYƏ SİZƏ QULAQLAR, GÖZLƏR, QƏLBLƏR VERDİ. ” (NƏHL, 78)
İnsan başqa canlılara bənzəmir, heyvanlar, həşəratlar, böcəklər, quşlar, balıqlar dünyaya hazır davranış qaydaları ilə gəlirlər. Onları çox vaxt əlavə təlim görməyə, insan kimi məktəbdə, universitetdə oxumağa, öz hiss və davranışlarını nəzarəti altında saxlamağı öyrənməyə ehtiyacları yoxdur. İnsan isə bütün ömrü boyu əvvəlcə ailədə, sonra məktəbdə, daha sonra cəmiyyətdə öyrənməyə məhkumdur. Bəzən 70-80 illik ömür adlanan zaman da ona kifayət etmir, çox vaxt o, yenə də ən mükəmməli qazana bilmədən həyatı tərk edir.

BÜTÜN CANLILAR KİMİ İNSANDA BİR GÜN HƏYATA ƏLVİDA DEYİB ÖLƏCƏK:
İnsan bir gün dünyanı tərk edəcəkdir və inkar edənlər ruhlarında vicdan sızıntısını, kaş ki, inkar etməyəydim kimi vicdan əzabını, titrəyişini hiss edəcəklər. Hiss edəcək və yalvararaqlar! Ölüm anında milyon dəfə yalvaracaqlar. Dünyaya geri dönüb, əməllərini düzəltmək üçün vaxt istəyib yalvaracaqlar. Onların yalvarışları rədd ediləcəkdir və rəzil olunmuş halda qalacaqlar. Onlar buna inanmazlar çünki, gözləri kor, qulaqları kardır görməzlər, eşitməzlər, hiss etməzlər lakin inkar edərlər, gülərlər, lağ edərlər, cahilliklərinə salıb qəflət yuxusunda yatmağa üstünlük verərlər! Hər şeyə gülüb özlərini ağıllı, bilikli, savadlı apararlar, amma bilməzlər. Bir gün öləcəklərini bilməzlər, əzab çəkərək öləcəklərini, imdad diləyəcəklərini, qəbirdə torpaq olacaqlarını, çürüyüb mənasız sümük yığını olacaqlarını bilməzlər. Həmişə yaşayacaqmış kimi həyatlarını davam edəcəklərini düşünərlər. Heç ölməyəcəkmiş kimi əbədi, dünyanın ucunu tutub ömür sürəcəklərini zənn edərlər, amma bir gün ölümlə qarşılaşacaqlarını bilməzlər.
Bilməyənlər ölüm anında anlayarlar və olmayan vicdanları, baş qaldırıb onların ruhlarına əzab verər. Allahı qəti şəkildə rədd edənlər belə son anda vicdanlarına təslim olmuş, ən sonda Onu təsdiq etməyə məcbur olmuşlar. Azərbaycan dramaturgiyasının və materialist fəlsəfi fikrinin banisi Mirzə Fətəli Axundov bütün ömrü boyu Allahın varlığını inkar etmiş, təkcə inkar etməklə kifayətlənməmiş, dinə, xüsusən də İslama qarşı düşmən münasibət bəsləyərək həmişə onun əleyhinə çıxış etmişdir. O, “Mən bütün dinləri puç və əfsanə hesab edirəm” deyirdi. Biz onu ərəb əlifbasının əleyhdarı, kiril əlifbasının fəal təbliğatçısı kimi də tanıyırıq. Bu məqsədinə çatmaq üçün o, əlindən gələn hər şeyi etmiş, hətta yeni, latın və kiril əlifbaları əsasında yeni əlifba da tərtib edərək onu təsdiq etdirmək üçün Şərq dövlətlərini gəzmişdi.
Lakin ölüm yatağına düşəndə, bir daha sağalıb ayağa qalxmayacağını başa düşəndə vicdanı (vicdan Allahı təsdiq edən dəlillərdən biridir) baş qaldırmış, səhv etdiyini anlamışdı. Yanına gələn dostları ondan soruşmuşdu:
Mirzə vəsiyyətin nədir, səni İslam qaydalarına görəmi dəfn edək, yoxsa….
Mirzə Fətəli Axundov yoldaşlarının gözünə dik baxa bilməmiş, başını divara tərəf çevirmiş və belə cavab vermişdi:
Siz necə bilirsinizsə, elə də dəfn edin.
Ölüm bir gün hər kəs kimi sizin də başınızın üstünü alacaq o zaman qəflət yuxusundan ayılıb gerçəkləri görəcəksiniz amma gec olacaq. Çünki, ÇOX İNSAFLI, ƏDALƏTLİDİR ÖLÜM…. Gəlmədən öncə neçə-neçə elçilər göndərir. Ancaq, biz heç fikir vermərik o elçilərin xəbərdarlıqlarına….
Saysız elçilər göndərər bizə….Lakin biz, “xəstəlikdir keçər” deyərik və əhəmiyyət vermərik…
Günbəgün tükənib bitdiyini görmürük…. Ömür, bitməyəcək bir xəzinə kimi görünər gözümüzə, hər şeyin bir sona məhkum olduğuna inanmaq istəmirik….
Zənn edərik ki, ancaq belə xoşbəxt olmaq olur.
Aldanırıq, amma başqa cür də qəbul etmərik….
Və bir gün ölüm gəlib çıxacaqdır qarşımıza…..
Çaşacağıq və həyəcanlı soruşacağıq; “Niyə xəbər vermədin ki? ”
Cavab vermək məcburiyyətində deyildir ölüm…..
Çünki o, xəbərini çoxdan vermişdir…..