11072149_363830883816924_458108269_n
Bir kitabdır kainat. Açılır və səhifə-səhifə, sətir-sətir oxunur. “Kitab sözüylə bir bənzətmə qurmuruq”. Çünki kainat və içindəkilər həqiqətəndə “oxunmaq” üçün tərtib edilmiş kitabdan başqa bir şey deyil. Hansı əşya və hadisəyə nəzər yetirsək, bunu ilk baxışda görmək olar.
Bu gün elm olaraq bilinən bütün fənnlər öz varlığını kainatdakı nizam və sənətə borcludur. Bildiyimiz bu fənlərin hamısı kainat kitabının sətir-sətir tərcüməsindən doğmuşdur. Əlbəttə bilirsiniz ki, bir iynə ustasız, bir kitab da katibsiz ola bilməz. Mütləq o iynəni düzəldən bir usta və kitabı yazan bir katib vardır.
Allahın varlığını ateistlər, bəzi materialistlər inkar etməkdədirlər. Onlar hər zaman Allahın olmadığına özlərini inandırmağa çalışmışlar. Ancaq bu günə kimi məntiqsiz, ağıldan uzaq fikirlərinə (təsadüfən yaranma və s.) qüvvət verəcək bir dəlil irəli sürülməmişdir və sürülməyəcəkdir də. Çünki günəş palçıqla suvanmaz. Ateistlər ortaya tutarlı fikirlər atıb insanları inandırmağa çalışmaq əvəzinə, həmişə qarşı tərəfin fikirlərini təkzib etmə və iddialarını tənqid etmə yolunu seçmişlər. Ateistlərin düşündüyü kimi Allahın varlığını qəbul etməmək o qədər də bəsit (sadə) bir iş deyildir. Rədd etmək üçün bir çox teorik riskin və məntiqsizliyin göz önünə alınması lazımdır. Allahı inkar etmək və bunun üçün yalanlar və təsadüflər kimi cəfəngiyyatlar uydurmağa çalışmaq Kür çayını tərsinə axıtmaq qədər imkansızdır. Ateistlərin bu inkarları ya onların cəhalətindən, yəni bilgisizliyindən, ya da inadından qaynaqlanır.
Bilgisizliyin üç növü var: Lazım olan şeyi bilməmək, pis şeyi bilmək və lazımsız şeyi bilmək (ateizmi yaradan səbəblər)
Əgər inkar cəhalətindən irəli gəlirsə, bunun həlli asandır, yetər ki, onda inad olmasın. İnadkar isə elmli olsa da, olmasada, öz qüruru, inadı naminə haqqı batil hesab etməyə, həqiqətə yalan damğası vurmağa hazırdır (islamofoblar). İnad insanın həqiqi ideallarına çatmasına əngəldir. Çünki inadın xislətində eqoizm yatmaqdadır. Eqoizm “sadəcə mən, yalnız mən” kimi düşüncələri özündə ehtiva edir və bu çürük fikirlər daima yıxılmağa məhkumdur.
Ateistlər kainatın və təbiətin təsadüflərlə yarana biləcəyini iddia edər və bu çürük fikirlərini durmadan dəstəkləyər. Amma inadkarlıqları üzündən dedikləri “təsadüf” sözündəki məntiqsizliyi belə görməzlər. Hətta elmin təsadüfləri dəstəklədiyini tutuquşu kimi təkrarlayarlar.
Ateistlər Allahı qəbul etməz və yaradılışını başqa şeylərə bağlayarlar. Dinsizlər yaradılışla bağlı üç fikir irəli sürə bilərlər:
Birincisi: Kainatı səbəblər yaradır. Səbəblərin toplanmasıyla kainat yaranır;
İkincisi: Hər şey öz-özünə təsadüfən yaranır və məhv olur;
Üçüncüsü: Hər şey təbiidir, yəni hər şeyi təbiət yaradır;
Biz isə dördüncü yolun tərəfdarıyıq və deyirik ki, kainat və kainatdakı hər şey Qadiri-Mütləqin (Allahın) yaratmasıyla mövcuddur.
İndi isə bu üç iddiaların məntiqsiz olduğuna baxaq
Birinci iddia: Bütün varlıqları səbəblər yaradır.
Bu iddianı dərman maddələrinin misalında izah edək:
Bir əczaxanada müxtəlif növ kimyəvi maddələrlə dolu yüzlərlə şüşə qab var. Şüşədəki bu maddələrdən bir dərman istənildi. Xəstəliklərə şəfa verən bir dərmanın meydana gəlməsi üçün bu maddələrdən konkret miqdarda, yəni 5 qram bundan, 13 qram digər maddədən və.s toplayıb bunları meydana gətirmək lazımdır. Əgər bu maddələrdən 1 milliqram az və ya çox alınsa, o zaman bu, dərman xüsusiyyətini itirər və insanı öldürən bir zəhər olar. Haqqında danışılan dərman bir deyil, beş deyil, yüzdən çox maddəni özündə ehtiva edir. Görəsən, heç elə bir ehtimal varmı ki, o qablardan alınan müxtəlif miqdarlar qabların qəribə bir təsadüf və ya fırtınalı bir havanın vurmasıyla (səbəblər) aşmağı nəticəsində hər birindən lazım olan qədər axsın, dəqiq kütlə nisbətində qarışaraq o dərmanı təşkil etsinlər? Düşünün bundan daha batil daha məntiqsiz bir şey varmı???
Məsələn, bir alma düşünək. Çox dadlı görünüşüylə insanın yemə iştahasını cəlb edən bir almanın içindəki vitamin insanın bir günlük ehtiyatı qədərdir. İnsanın mahiyyətini bilən QÜDRƏT SAHİBİ almanı bu şəkildə proqramlamışdır.
Almanın tərkibindəki C vitaminini çürütməmək üçün içinə iki dəmir (Fe) elementi (atomu) qoymuşdur. Əgər dəmir olmasa, C vitamini çox qısa müddətdə çürüyər. Digər tərəfdən C vitaminini mühafizə etmək üçün almanın tərkibində olan meyvə turşuları [alma turşusu-(hidroksikəhraba turşusu) və s] mədəyə mənfi təsir göstərir və mədədəki turşunun miqdarını artırır. Buna görə almaya karbonat ionu da qoyulmuşdur. Bir alma yediyiniz zaman gəyirərsiniz. Bunun səbəbi almanın tərkibindəki karbonat ionudur. O Qüdrət sahibi almanı bizim süfrələrimizə hazır vəziyyətdə gətirmişdir. İndi siz düşünün insanın mahiyyətini bilməyən, onun arzu və istəklərindən xəbəri olmayan, nəyin insanın vücuduna xeyir və ya zərərli olduğunu bilməyən cansız, şüursuz maddələr (səbəblər) belə mükəmməl bir meyvəni necə yarada bilər?
İkinci iddia: Kainat öz-özünə (təsadüfən) yaranmışdır.
Cavab: Ey ateist! Sənin vücudun ağıllı insan əli ilə inşa olunmuş min qübbəli bir saraya bənzəyir. Ancaq sənin vücudun bu saraydan daha möhtəşəmdir. Çünki vücudundakı zərrələr həyatın boyunca daima yenilənməkdədir. Bir hüceyrə ölər, başqa birisi meydana gələr. İnsan vücudundakı zərrələr 6 aydan bir yenilənməkdədir. Mütəmadi olaraq təzələnən bu zərrələr çox həssas bir ölçü daxilində baş-başa verərək göz və dil kimi möcüzələri meydana gətirirlər. Meydana gələn bu sənət əsərlərinin mütləq, bir planı və proqramı olmalıdır. Vücudun meydana gəlməsi üçün, yəni möhtəşəm proqramın həyata keçirilməsi üçün zərrələr həm əmr vermək, həm də tabe olmaq istedadına malik olmalıdır ki, intizamlı proseslərin icrasında nöqsan və qüsur olmasın. Yoxsa vücudda anarxiya olar. Əgər bu mükəmməl işləri zərrələr bacarırsa, o zaman hər zərrədə sadəcə Allaha məxsus bir elmin, iradə və qüdrətin olduğunu qəbul etmək lazımdır.
Təbiətşünas alim Corc İril öz fikirlərini belə ifadə etməkdədir: ” KAİNATIN ÖZ-ÖZÜNÜ YARATMASI MÜMKÜN OLSAYDI, BU, O DEMƏK OLARDI Kİ, KAİNAT ALLAHA XAS OLAN BÜTÜN XÜSUSİYYƏTLƏRƏ MALİKDİR. BELƏ VƏZİYYƏTDƏ KAİNATIN İLAH OLDUĞUNA İNANMAQ MƏCBURİYYƏTİNDƏ QALARDIQ. BELƏ BİR İLAHIN VARLIĞINI QƏBUL EDƏRDİK. ANCAQ İLAHIMIZ ÇOX QƏRİBƏ OLARDI, HƏM MADDİ, HƏM DƏ QEYBİ BİR İLAH….MƏN ŞƏXSƏN MADDİ ALƏMİ YARADAN İLAHA İNANMAQ İSTƏYİRƏM. ÇÜNKİ O, KAİNATIN BİR PARÇASI DEYİLDİR”
Kainatın və ondakı bütün yaradılmışların, canlı-cansız hamısının yaranmasında şüur, elm və iradə (tərcih) vardır. Materialist (atayiz) elm adamları bunu bir yandan təsadüfi və öz-özünə yaranmasını xəyal edərkən, bir yandan da təbiətdəki qanunlardan danışırlar. Bu ikisi arasında ziddiyyət var. Çünki qanun da öz-özünə yaranmağı rədd edir. Sokratın sözü ilə desək: “KAİNATDA TƏSADÜFƏ TƏSADÜF ELƏMƏK OLMAZ”
Kainatda saysız-hesabsız fiziki, kimyəvi, bioloji qanunlar mövcuddur. Kainat o qanunlarla idarə olunur. Heç bir qanun öz başına iş görə bilməz. Mütləq qanunları qoruyan və onu tətbiq edən bir hakim olmalıdır. Əgər belə olmasaydı, məhkəmələrdə hakimlərə gərək qalmazdı. Düşünmək lazımdır, əgər bir qanun yaradılmışların ən üstünü, ağıllı və şüurlu olan insanı hakimsiz idarə edə bilmirsə, o zaman təbiətdəki hər hansı bir fiziki qanun cansız, ağılsız və şüursuz maddə və varlıqları “hakimsiz” necə idarə etsin? Demək ki, onlara da bir hakim lazımdır. Kainatdakı bütün təbii prosesləri tənzimləyən qanunları yaradan da, onları qoruyan da, tətbiq edən də hər şeyə qadir olan ALLAH (c.c) dır.
Elm təsadüfləri rədd edir: Kainatda və təbiətdə təsadüf deyilən bir şey yoxdur. Başqa sözlə desək hədəf düz vurulursa, bu, təsadüf deyildir. Kainatda təsadüf deyil, təvafüq (Allahın diləməsiylə müvafiq olma, rast gəlmə halı, bir-birinə uyğunluq) vardır. Təsadüfün mümkünsüzlüyünə aşağıdakı misalda baxaq!
Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür?
Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Riyaziyyatçılar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperiment aparmışlar və aşağıdakı nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-dək (1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi ehtimalını hesablamışlar. Məlum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi ehtimalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq 1/100 milyard×100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.
İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ard-arda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin, ucu-bucağı bilinməyən kainatın təsadüfən əmələ gəlməsindən danışmaq olarmı?
Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər.
Üçüncü iddia: Kainatı təbiət yaradıb və yaradır.
Düşünün ki, cahil bir adam səhrada qurulmuş hər cür texnika ilə təchiz edilmiş bir fabrikə girir. Fabrikin quruluş mükəmməlliyi qarşısında mat qalır. Elə fikirləşir ki (cahilcəsinə), bu saraya xaricdən müdaxilə olunmayıb, fabrikin içindəki əşyalardan biri bu fabriki təsis etmişdir. Başlayır fabrikin təsisatçısını axtarmağa. Sonra o, fabrikin təşkilat proqramını və idarə qanunları içində yazılı olan bir dəftər görür. Əlsiz, gözsüz, çəkicsiz, baltasız olan o dəftər içindəki digər şeylər kimi heç bir qabiliyyəti yoxdur ki, o fabriki qursun və təchiz etsin. Ancaq əlacsız qalaraq, nə edəcəyini bilməyərək, dəftərin digər əşyalara nisbətini düşünərək, onun fabrikdəki hər şeyi özündə əks etdirdiyini nəzərə alaraq fabrikin qurucusu kimi onu qəbul edir.
Eynilə bu misal kimi, Allahın möhtəşəm bir fabriki olan bu kainata bir ateist (inkarçı) girir. Allahın hikmətindən gələn kâinatı tənzimləyən mənəvi qanunları maddi təsəvvür edərək, ona təbiət donu geydirərək, Allaha aid olan yaradıcılıq fəaliyyətini təbiətə isnad etməsi misaldakı cahilin hərəkətindən daha vəhşət və gülüncdür.
Yazıq cahil adam! Sən haradan biləsən ki, bu fabriki quracaq olan fabrikdəkilərin cinsindən ola bilməz. Onu quracaq olanın, mütləq qüdrət sahibi olmağı lazımdır.
Kainatda nəyə baxsaq, bütün varlıqlar öz diliylə Allahı təsbih, təqdis və tövhid etməkdədir. Kainatın dilini bilmək üçün arif olmaq lazımdır.
Yoxsa, Günəşin altında durub gözümüzü yumaraq aydınlıq gündüzü özünə gecə edənin vəziyyətinə düşərik. Gözünü yuman yalnız və yalnız həyatı özünə zülmət edər.