11082873_363604293839583_138899225_n

İslam dini haqqında olan islamofob düşüncələrin, sırf cəhalətdən (məlumatsızlıqdan) gəldiyini dəfələrlə görmüşük. İslamofobların, islam dini haqqında olan məlumatları öyrənmək üçün yox, səhv axtarmaq və qarşı tərəfi öyrəndiyi səhv arqumentlərlə susdurmağa çalışdığını da dəfələrlə müşahidə etmişik! Cəhalətlə (məlumatsızlıq) bağlı Will Rogersin aşağıdakı sözü yerinə düşür və “hər kəs cahildir (məlumatsız), sadəcə öz sahələri istisna, “-deyir Will Rogers. Məsələn, kompyuter mühəndisliyi bir həkim üçün, tibb də mühəndis üçün bir cəhalət sahəsidir. Dini inanclar isə dövrümüzdə bir çox insan üçün cəhalət sahəsini təşkil etməkdədir. Bütün bunlara görədir ki, bəzi adların hallandığı ünvanlar bizi aldadır. Onların inkarında bir bilgi axtarmağa məcbur edir. Məsələn: Karl Marks. F.Engels, M.F.Axundzadə və s kimilərini dilə gətirərək, “Necə yəni, elə dahi şəxsiyyətlər azmı bilirdi ki, onlar qəbul etmədilər?”-deyib onların inkarını təsdiq edirlər. Axundzadə ədəbiyyatda dahi şəxsiyyətdir. Yazdığı komediyalarla “Şərqin Molyeri” ünvanını qazanmış və Azərbaycanı dünyada təmsil etmişdir. O, bu sahədə dahidir. Ancaq imanda yoxsuldur, dinə biganədir. Bəlkə də dövrün xurafatı, mövhumatçı dindarların cahilliyi onu dindən uzaqlaşdırmışdır. O, İslamdakı həqiqəti görə bilməmişdir. İndiki bir çox cahillər kimi müsəlmana baxıb İslama qiymət vermişdir. İnkarçı dahilərə qarşı bizim də imanlı Allah dostlarından Nizami Gəncəvini, Məhəmməd Füzulini və möminin də, kafirin də hər zaman alqışladığı, halıyla, davranışlarıyla, kəlamlarıyla aləmə misal olan, həyatının heç bir səhifəsində yalan görülməyən, həyatında heç bir günaha yer olmayan, insanlığın fəxri HZ. MUHAMMƏDİ(s.a.v) göstərə bilərik.
Günəş yerdə deyil, səmadadır. Onu yuxarıda axtarmaq lazımdır. Bizim ideallarımız mənfi dahiliyin təmsilçiləri deyil, nur dahilərdir.
İnkarın adından görüldüyü kimi, tanımamaqdır, bilməməkdir, rədd etməkdir. Bunlar isə yoxluq ifadə edən fellərdir. Yoxluğun bilgisi olmaz. Tanımamaq bilginin deyil, bilgisizliyin ifadəsidir və nəticəsidir. İnsan bilmədiyinin düşmənidir. İnsan başqa sahələrdə nə qədər elmli olursa-olsun tanımadığı şey haqqındakı cəhalətini mövcud elmiylə ödəyə bilməz. Eyni ilə bioloji elmlə, savadla məhkəmədə hökm verməyin mümkün olmadığı kimi….
Hər ağıllı ideal insan olmaya bilər. İçki içən, qumar oynayan, bank soyan, ev yaran insanların hamısı ağıllıdır. Ağıllı olmayan qumar oynaya bilməz, bank yara bilməz. Onlar həm də çox ağıllıdır. Hər insan onların etdiklərini edə bilməz. Ağıl suya bənzəyir, qoyulduğu qabın rəngini və formasını alar. Ancaq burada qəlb müdaxilə edər və ağlın sərsəmliyinə “yox” deyər. Gördüyümüz kimi, qəlb ağıla yön verər. Vicdan dediyimiz şey elə qəlbin özüdür. Ağlın sükanı qəlbə verildiyi zaman ideal məqsədə çatmaq mümkün olur. Allahı qəbul etməyənlər ağlı deyil, qəlbi kor olanlardır. GÖZLƏR KOR OLMAZ SİNƏDƏKİ QƏLBLƏR KOR OLAR. (Həcc, 46)
İnkar etmək asandır. İnsan gözünü yumar, Günəş yoxdur deyər. O, öz səviyyəsində doğrudur. Belələri ilə münaqişə etmək də imkansızdır. Çünki, onlar olmayan şeyin olmayan ünsürlərindən istifadə edərək müdafiə olunmaqdadır. Bu inkarçıların bu qədər dəlillər qarşısında inkarlarında inad etmələrinə də səbəb bunlardır. William. M. Macdoo-nun dediyi kimi, “CAHİL BİR ADAMI MÜNAQİŞƏDƏ MƏĞLUB ETMƏK MÜMKÜN DEYİL. ”
İman isə hansı səviyyədə olursa-olsun bir bilginin nəticəsi və ifadəsidir. İmanın qüvvəti biliyin səviyyəsinə paralel olaraq artmaqdadır. Nəyə inanıram? İman ilə bağlandığım varlıq necə bir Zatdır? Xüsusiyyətləri, sifətləri nələrdir? Necə yaradır, necə yaşadır? Məndən istədikləri nələrdir? Mən Ondan nələr istəyə bilərəm? Bunun kimi sualların gətirdiyi bilgilər iman dediyimiz hadisəni formalaşdırır. Quran “Allahdan ancaq alimlər qorxar, “- buyurmaq surətiylə imanın oxuyub-öyrənmənin nəticəsi olduğunu açıqca bildirməkdə, göylərin və yerin “ağıl sahibləri” üçün, “bilgi sahibləri” üçün Allahı tanıdacaq dəlillərlə dolu olduğunu bir çox ayəsində xatırlatmaqdadır.
ƏGƏR BİR YERDƏ KİÇİK İNSANLARIN KÖLGƏLƏRİ BÖYÜK GÖRÜNÜRSƏ, DEMƏK Kİ, ORADA GÜNƏŞ BATIR. (Çin atalar sözü)