“Qərb dünyasındakı heç bir kollecdə, heç bir universitetdə klassik fənləri, qədim tarixi, Yeni Əhdi, ilkin xristianlıq tarixini və əlaqəsi olan istənilən fənni öyrədən elə bir alim yoxdur ki, İsanın mövcud olmasında şübhə etsin.”    Professor Bart D. Ehrman

Qeyd: Doktor Ehrman hal-hazırda Şimali Karolina Universitetində dərs verən tarix və bibliya üzrə professordur və New York Times Bestseller siyahısına düşmüş beş kitabın müəllifidir. Öz sahəsində aparıcı mütəxəssislərdən sayılır. O, “Did Jesus Exist?: The Historical Argument for Jesus of Nazareth” (İsa mövcud olubmu? Nazaretli İsanın leyhinə tarixi arqument) adlı kitabın müəllifidir. Doktor Bart D. Ehrman etiqad baxımından xristian deyildir, lakin aqnostikdir.)

Qaraqan yazır:  “Maraqlısı odur ki, bizim bu günkü tariximiz də İsanın doğuluşundan eramızın birinci ilindən götürülür. amma qəribə bir məsələ var,Roma imperiyasında o qədər tarixçi ,dövlət xadimi və yazarlar olmasına baxmayaraq, həqiqətən İsa adlı birisinin yaşaması haqda dəqiq məlumat yoxdur. O dövrün ən məşhur 15 tarixçisinin əlyazmalarında belə bir insana rast gəlinmir.Halbuki bu tarixdən bizim sivilizasiyanın təqvimi başlayırsa necə olur bunu o qədər tarixçi hiss etmir? Peyğəmbərin xaça çəkilməsi sonra da qeyb olması sizcə adi bir məsələdir? Məsələ orasındadır ki, isa adlı bir şəxs heç vaxt mövcud olmayıb. Heç vaxt doğulmayıb, peyğəmbər olmayıb və heç vaxt çarmıxa çəkilməyib. İsa və xristianlıq sadəcə köhnə dinlərin qarışığından yaradılıb və uydurulub .” Qaraqanın kitabındakı iddialarından və ya şübhələrindən biri də budur. İddia edir ki, İsa peyğəmbər tarixi bir şəxsiyyət kimi mövcud olmayıb, lakin əslində mifik bir fiqur olub. Başqa cür desək Kral Artur, Robin Hud kimi hekayə uyduranların uydurduğu və məşhurlaşmış bir hekayənin qəhrəmanıdır. Doğrudur ki, bu gün bunu iddia edən bəzi tarixçilər vardır və bu fikir keçmiş Sovet dövlətlərindəki akademiklər yanında sevilən bir fikir idi, xüsusilə də ateist düşüncəli tarixçilər bu fikri dəstəkləməkdə maraqlı idilər. Həmçinin bu fikir Skandinaviya ölkələrində də dəstəkçilərini tapır. Lakin fakt budur ki, bu fikri dəstəkləyən tarixçilər bu fikri rədd edən tarixçilərə nəzərən bir göldəki damcı miqyasındadır, çünki tarixçilər İsanın tarixi bir şəxsiyyət kimi mövcud olmasında az qala ittifaq halındadırlar. Nazi Almaniyasının yəhudiləri kütləvi qırmağa çalışmadığını, lakin xüsusi dərman sayıla biləcək dərman vasitəsi ilə onları xilas etməyə çalışdığını söyləyən tarixçilər də vardır. Aradakı fərq budur ki, İsanın tarixdə mövcud olmaması fikri ateist dairələr tərəfindən maraqla qarşılanır və ciddi şəkildə dinə qarşı propoqanda hərəkatının posterlərindən birinə çevrilir, lakin yəhudi qətliamını rədd edənlər isə həbsə atılır. İddia budur ki, İsanın yaşadığı dövrdən sonra səksən il ərzində heç bir qeyri-xristiyan mənbə İsanın adını qeyd eləmir. Əgər İsa belə mühim və məşhur bir şəxsiyyət olubsa necə olur ki, birinci əsrin tarixçilərindən günümüzə qədər gəlib çatmış mənbələrdə onun haqqında heç bir məlumat yoxdur?! Etiraf edək ki, İsa peyğəmbərin tarixdə mövcud olduğunu təsdiq edəcək hissi fiziki bir sübut yoxdur, yəni əlimizdə hər hansı bir arxeoloji sübut yoxdur. Lakin bunun olmaması çox təbiidir, çünki o dövrdə tarixən mövcud olduğunu bildiyimiz çox şəxsiyyət üçün arxeoloji sübut tapılmayıb. Arxeoloji sübutlar yalnız aristokratik yuxarı sinif nümayəndələrindən bir-iki nəfər üçün sabit olub. Bildiyimiz kimi İsa peyğəmbər bu sinifə aid olmayıb. Yəhudi tarixçi İosifus’un (miladdan sonra 37-100+) xəbər verdiyi kimi o dövrdə (miladdan sonra 26-36) Fələstini idarə edən roma prefekturu Ponti Pilat olub və on il idarə edib. Bu o deməkdir ki, Ponti Pilat bu on il ərzində fələstinin ən önəmli şəxsiyyəti olmalıdır. Lakin ondan bizə gəlib çatan bir iki sikkə və bir yazı parçasıdır. Onun əmrləri, fərmanları, sərəncamları və onunla bağlı başqa tarixi qalıqlardan bu dediklərimizdən başqa bir şey bizə gəlib çatmayıb. Bu qədər önəmli bir şəxsdən bizə çox az bir tarixi sübutun qalması onu göstərir ki, hər bir şəxs üçün arxeoloji sübutu şərt qoymaq ağılsızlıqdır. Burada maraqlı bir məqam vardır. Tarixi qaynaqlarda Ponti Pilat’ın adını qeyd edənlər yalnız yəhudi tarixçi İosefus və həmçinin romalı tarixçi Tasit Korneli (58-117) olub. Bir də miladdan sonra 25-ci ildə doğulmuş İskəndəriyyəli yəhudi-yunan filosof Filon tərəfindən zikr olunur. Bunlardan başqa birinci əsrdə yaşamış heç bir tarixçi, filosof və ya qeyrisi tərəfindən bu qədər önəmli bir şəxsiyyət haqqında başqa bir məlumat bizə gəlib çatmayıb. Buradakı maraqlı məqam isə budur ki, İsanı da məhz İosefus və Tasit Korneli öz kitablarında qeyd edirlər. Ponti Pilatdan bizə bir iki sikkənin və bir yazı parçasının qalması, İsadan isə bunlardan heç birinin qalmaması çox təbii haldır. Nə üçün? Çünki İsanın adına heç bir pul vahidi basılmırdı, həm də İsanın yazı yazdığına dair heç bir iddia olmayıb. O dövrdə yazı yazmaq xüsusilə aristokratların imtiyazı olub. Daha bir maraqlı məqam elə İosefus’un özü ilə bağlıdır. İosefus aristokrat ailədən olub, yaxşı təhsil alıb, roma vətəndaşı olub və o dövrün yəhudi tarixi ilə bağlı ən əhəmiyyətlə tarixi kitabları yazıb. Lakin görəsən İosefus özü dövrünün başqa tarixçiləri tərəfindən neçə yerdə yad edilir? Heç bir yerdə, faktiki olaraq İosefus haqqında o dövrün heç bir tarixçisi məlumat vermir. Bütün bunlar bir daha isbat edir ki, İsa peyğəmbər haqqında o dövrün tarixçilərinin geniş şəkildə yazmaması onun mövcud olmadığını isbat etməz. İsanın mövcud olduğunun ən bariz sübutlarından biri də Həvari Pavelin yazdığı məktublardır. Pavelin həqiqi adı Tarsuslu Saul olub və miladı 3-cü və ya 4-cü ilində Tarsus şəhərində doğulub. Roma şəhəri olan Tarsusda doğmuş Pavel yəhudi qanunu üzərində tərbiyyə görmüş qatı fariseylərdən olub və ilkin məsihiləri təqib edənlər arasında idi. Pavel özü məktublarında yuxuda İsanı gördüyünü və buna görə o da İsanın “təlimini” qəbul etməyə qərar verdiyini yazır. Təxminən miladi 40-cı ildən sonra, yəni İsanın ölümündən qısa bir müddət sonra bu baş verib. Tarixçilər Pavelin tarixi bir şəxsiyyət olduğunda və ən azından ona nisbət edilmiş məktublardan yeddisinin bir nəfər tərəfindən, yəni onun tərəfindən yazıldığını qəbul edirlər. Bu məktublarının birində Pavel səfərində İsanın qardaşı ilə iki dəfə görüşdüyünü qeyd edir. Onu da qeyd edək ki, tarixçilər bunu möhkəm bir sübut hesab edirlər, çünki Pavel məktubunda belə bir yalan uydursaydı o dövrdəki məsihilər üçün bunu yoxlamaq çətin olmazdı və Pavel yalançı kimi etibardan düşərdi. Buradan bilirik ki, İsanın qardaşı olub. (Yəhudilərdə qardaş həm də əmi uşaqlarına, qardaş uşaqlarına da deyilib.) Yuxarıda da qeyd edildiyi kimi tarixçilər arasından İosifus adlı yəhudi tarixçi kitabında İsanı zikr edir. Lakin bu gün tarixçilər həmin hissənin daha sonrakı əsrlərdə xristianlar tərəfindən daxil edilməsi haqqında az qala yekdil rəyə gəlsinlər. Lakin onlar – bəziləri istisna olmaqla – bu hissənin tamamının kitaba daxil edildiyini iddia etmirlər, lakin İsa üçün yazılmış fövqəladi vəsflərin daxil edildiyini söyləyirlər. Bununla yanaşı İosifus’un “Antiquitates Judaicae” kitabında belə qısa bir cümlə keçir: “Məsih adlanan İsanın qardaşı, o kəs ki adı Yaqub idi…” Kitabın bu hissəsini müzakirə edən amerikalı yəhudi professor Louis Feldman “Josephus, Judaism and Christianity” adlı kitabında bu sözləri deyir: “…(bu hissənin) səhihliyi az qala yekdillik ilə qəbul edilmişdir…”.Kitabdan həmin hissənin surətini daha sonra təqdim edəcəm. Həmçinin İsa haqqında biz böyük roma tarixçisi Tasit’in də (Tacitus) kitabında yazdığını yuxarıda qeyd etdik. Tasit üç imperatorun dövründə yaşayıb və hər birinin himayəsində olmuş bir şəxsiyyət olub. Onun yazısı tarixi qaynaq kimi əvəzsiz sayılır. O, “Annallar” kitabında imperator Neronun Roma şəhərini yandırması və bunun günahını məsihilərin üstünə yıxması haqqında bunları yazır: “Neron təqsiri möhkəmləndirdi və əhali tərəfindən “məsihilər” adlanan, rəzilliklərinə görə nifrət edilən bir sinifə ən ağır işgəncələri tətbiq etdi. Məsih ki, onun adından bu ad qaynaqlanır, Tiberius’un hökmranlığı dövründə prokurorlarımızdan biri Ponti Pilat’ın əli ilə həddindən artıq ağır bir cəzaya məruz qaldı.” Tasit’in kitabındakı bu sözlər yekdilliyə yaxın bir ittifaq ilə alimlər tərəfindən səhih sözlər olaraq qəbul edilir. Bəzi din əleyhdarı radikal tarixçilər bunun da sonrakı əsrlərdə xristianlar tərəfindən kitaba daxil edildiyini iddia etsə də sözlərin zahiri bunun əksini sübut edir. Çünki bu sözləri xristianlara kitaba daxil etmiş olsaydılar orada xristianları cəmiyyətin rəzil bir sinfi kimi təqdim etməzdilər, əksinə ilkin xristianlar haqqında müsbət bir vəsf istifadə edərdilər. Ona görə də tarixçilər kitabdakı bu sözlərin Tasit tərəfindən yazılmasında şübhə etmirlər. Tasit’in kitabı haqqındakı maraqlı tərəf budur ki, Tasit özü roma senatoru olub və müasir tarixçilərdən bir çoxu inanır ki, Tasit’in kitabında yazdığı çox zaman rəsmi qeydlərə əsaslanan məlumatlardır. ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★ 2002-cü ilin 21 oktyabrında Discovery kanalı və Bibliya Arxeologiya Cəmiyyətinin birgə sahibliyi altında Vaşinqton mətbuat konfransında ilk dəfə “Yaqubun sərdabəsi” nümayiş olundu. Bu sərdabənin sahibi yəhudi mühəndis və əntiq əşyalar toplayıcısı Oded Qolan idi. Bu təbaşir tərkibli sərdabənin üstündə belə bir yazı var idi: “Ya’akov bar Yosef axuyi di Yeşua”. Yazının bizim dilə tərcüməsi “Yusufun oğlu, İsanın qardaşı Yaqub” kimi səslənir. Yazı arami dilindədir, yəni o dövrdə istifadə olunan dildə idi. Sərdabələrə sümüklərin qoyulması isə miladi iyirminci ildən başlayaraq əməl edilən bir adətdir. Qeyd edək ki, 2004-cü ilin sonunda İsrailin Əntiq əşyalar üzrə idarəsi Oded Qolanı saxtakarlıqda ittiham elədi və yeddi il çəkən məhkəmə prosesindən sonra onun saxtakarlığı sübuta yetirilə bilmədi. Bu günə qədər alimlər bu sərdabənin səhihliyini şübhə altına alacaq heç bir əsasın olmadığını deyirlər. Ona görə də bu arxeoloji tapıntı İsanın qardaşının mövcud olmasına dair mövcud sübutlardan biridir. Tarixçilər qeyd edirlər ki, sərdabə üzərində bu şəkildə adın yazılması yalnız insanlar tərəfindən tanınan şəxsiyyətlər üçün yazılardı və o dövrdə bu adla tanınan yalnız bir şəxsiyyət olub. Bu sərdabə haqqında növbəti linklərdən məlumat almaq olar: http://jamesossuarytrial.blogspot.se/ http://en.wikipedia.org/wiki/James_Ossuary http://articles.latimes.com/2012/jun/13/science/la-sci-sn-jesus-brother-ossuary-20120613 Sərdabənin şəklini də aşağıda təqdim edəcəm. ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★ İsa peyğəmbərin sübutunu isbat edən daha bir maraqlı fakt vardır. Əlimizdəki incil kitablarında İsanın çarmıxa çəkildiyi qeyd edilirdi. Bizə məlumdur ki, o dövrdə yəhudilər arasında hakim olan inanca görə çarmıxa çəkilənlər lənətlənmiş sayılırdılar. Ona görə də ilkin məsihilər bu problemlə uzun müddət mübarizə aparıblar və bu gün bir çox tarixçinin izahına əsasən ilkin məsihilər bunu özlərinə qələbə anına çevirmək üçün bəzi hekayələr uydurdular, yəni bunu müsbət bir məzmuna salmağa çalışdılar. Həvari Pavel bu işin öhdəsindən ustalıqla gəldi və çarmıxa çəkilməyi insanların günahları üçün ölmək olaraq insanlara inandırmağa çalışdılar. Məsələnin maraqlı tərəfi budur ki, əgər İsa tarixi bir şəxsiyyət kimi mövcud olmasaydı, yəni ilkin məsihilər tərəfindən uydurulmuş əfsanəvi bir fiqur olsaydı o zaman özləri üçün problem olacaq “çarmıxa çəkilmək” epizodunu uydurmazdılar. [Bir müsəlman kimi biz çarmıxa çəkilənin İsa – əleyhissələm – olmadığına inanırıq, lakin Allah buyurur: “Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. ” (ən-Nisə, 157) Müsəlmanlarda bu ayənin izahı ilə bağlı bir neçə təfsir vardır. əl-Məvardi “ən-Nukət val-Uyun” adlı təfsirində üç təvilin olduğunu deyir. Birinci: Onlar İsanı şəxsən tanıyırdılar, lakin Allah İsaya bənzər surəti başqasına verdi və onlar həmin adamı İsa zənn edərək öldürdülər. İkinci: Onun özünü şəxsən tanımırdılar, lakin adı aralarında məşhur idi və onların arasından bir yəhudi otuz dirhəm rüşvət aldı və onlara Məsih olduğunu yalandan söyləyərək bir başqa adama işarə etdi və onlar çaşqınlığı düşürüldülər. Üçüncü: Onlar İsanı şəxsən tanıyırdılar, lakin kütlənin qəzəbindən qorxduqları üçün əvəzində başqasını öldürərək Məsihi öldürdüklərini iddia etdilər. əl-Məvardi’nin təqdim etdiyi birinci təfsir daha məşhurdur, lakin ikinci təfsir israiliyyata daha uyğundur, çünki mövcud İncillərdə yazılana əsasən İsanın öldürülməsini istəyən yəhudi hahamları onu şəxsən tanımırdılar, ona görə də İsanın kim olduğunu onlara göstərmək üçün Yəhudaya rüşvət veriblər. əl-Məvardi’nin zikr etdiyi təfsiri həmçinin əs-Səm’ani, əl-Qurtubi də zikr edir. Birinci təfsir sələfdən bir çox zatdan varid olsa da Əbu Həyyən əl-Əndəlusi “əl-Bəhr əl-Muhit” təfsirində onu qəbul etməmiş və bunun Allahın elçisindən – salləllahu aleyhi va səlləm – sabit olmadığını demişdir. Hər bir halda İslam da təsdiq edir ki, yerli kütlə arasında İsanın çarmıxa çəkilməsinə dair xəbərlər yayılmışdı.] Sonunda bir məsələ ilə söhbəti qurtarmaq istəyirəm. Qaraqan yazır: “O dövrün ən məşhur 15 tarixçisinin əlyazmalarında belə bir insana rast gəlinmir.Halbuki bu tarixdən bizim sivilizasiyanın təqvimi başlayırsa necə olur bunu o qədər tarixçi hiss etmir?” Bu Qaraqan başa düşə bilmir ki, İsanın doğumunun təqvimin başlanğıcı kimi götürmək daha sonrakı əsrlərdə ortaya çıxıb, yoxsa birinci əsrdə romalı tarixçilər romalıların təqvimi ilə, yəhudi tarixçilər də yəhudi tarixi ilə gedirdilər. Bu barədə bununla kifayətlənmək istəyirəm, düşünürəm ki, bu yazımızı maraqla oxudunuz və bilmədiyinizi öyrəndiniz. Bir daha əmin oldunuz ki, Qaraqan kimi qeyri-peşəkar yazıçılar, həvəskar şou-biznes adamlarına aldanmamaq lazımdır.  İsanın qardaşı Yaqubun sərdabəsindəki yazı  Yuxarıda İosifus’un kitabındakı referens haqqında Louis Feldman’ın dediyi sözləri öz kitabından: 

Advertisements