İslamofobların ən çox hədəf aldıqları və bilərəkdən mənasını təhrif etməyə çalışdıqları Quran ayələrindən biri də Cənnətdəki hurilər haqqında bəhs edən Nəbə surəsi 31-33-cü ayələrdir. Həmin ayələrdə nə deyilir?  Fikrimizi bir neçə nöqtədə çatdırmağa çalışacağıq.

1. Əvvəla qeyd olunmalıdır ki, Qurani Kərim azərbaycan dilində nazil olmayıb, Quran ərəb dilində nazil olub. Yəni ki, Quranın orijinal nazil olduğu dil ərəb dilidir. Ona görə də Allahın Quranda dəqiq nə dediyini bilmək istəyən gərək onun ərəbcəsinə baxsın, çünki tərcümə tərcüməçinin anlayışıdır və xəta da ola bilər, yaxud da tərcümə digər dilin kasıblığı səbəbi ilə naqis ola bilər, fikri tam çatdırmaya bilər.

2. Quranın ərəb dilində olduğunu dedikdə qəsdimiz budur ki, Allah Quranı ərəblərin işlətdikləri dildə nazil etmişdir və onların dilindən kənara çıxmır. Ərəblərin istifadəsində bir söz hansı mənada gedirsə Allah da o mənada işlədir.

İndi gəlin birlikdə sözü gedən ayələrə nəzər salaq. Allah – azzə va cəllə – buyurur:

“إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا”

“Şübhəsiz ki, müttəqilər üçün bir məfəz vardır.”

Müttəqilər, Allahdan qorxanlar deməkdir. Məfəz isə qurtuluş yeri deməkdir. Yəni Allahdan qorxanlar üçün qurtuluş yeri vardır.

Daha sonra buyurur:

“حَدَائِقَ وَأَعْنَابًا”

“Hədəiq və Əanəb (vardır)”

“Hədəiq” hədiqa sözünün cəmidir, yəni bağlar deməkdir, “Əanəb” isə “inəb” sözünün cəmidir, üzüm deməkdir. Buradakı məna isə budur ki, “orada cənnət bağçaları və üzüm bağları vardır.”

Daha sonra isə buyurur:

“وَكَوَاعِبَ أَتْرَابًا”

“Ətrab olan kəvaib (vardır)”

“Ətrab” turb sözünün cəmidir, yəni eyni yaşda olan deməkdir. “Kəvaib” isə “kəib” sözünün cəmidir. Burada əsas mövzuya gəlirik. Bizim tərcümələrimizdə bu cür tərcümə edirlər. “Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar” Əlixan Musayevin tərcüməsi belədir: “dolğun döşlü həmyaşıd qızlar.”

Təbii ki, bir azərbaycanlı oxucu bu tərcüməni oxuduqda ağlına belə bir sual gələcək. Allah üçün bu döşün ölçüsünün nə əhəmiyyəti vardır ki, onu müqəddəs kitabında zikr edir? Cavab isə budur ki, heç bir əhəmiyyəti yoxdur və Allah burada döşlərin ölçülərinə diqqət çəkmir. Bu, sadəcə olaraq bizim dilimizin kasıblığından irəli gəlir. Bu dediyimin izahını növbəti sətrlərdə çatdırıram.

Ərəb dili xüsusi bir dildir, çox zəngindir. Misal üçün xurmanın yetişmə mərhələlərində fərqli adları vardır. Misal üçün xurma yetişmədən öncə ona busr deyirlər, yetişdikdə, içi sulu olduqda ona rutab deyirlər, qalıb quruduqda isə onu təmr deyirlər, hələ bu üç mərhələ arasındakı alt-mərhələlərin də adları vardır. Meyvələrdə olduğu kimi heyvanlarda da bu cür yaşlara görə adları dəyişir. Ərəblər həmçinin oğlan və qız uşaqlarının da yaş və yetkinlik dövrlərinə görə adlarını veriblər. Ona görə də qızlarda yetkinlik dövründə yaşlarına görə ayırıblar, təxminən on altı yaşında olan qızlara “kəib” deyirlər, on səkkiz-iyirmi yaşlarındakı qızlara da “nəhid” deyirlər. Kəib deməklərinin səbəbi isə “kə’əbə” feli ilə bağlıdır və bu fel bir şeyin çıxması, qalxması mənasını verir. Məşhur ərəb dili alimi İbn Faris deyir:

“( كعب ) الكاف والعين والباء أصل صحيح ، يدل على نتوء وارتفاع في الشيء . من ذلك الكعب : كعب الرجل ، وهو عظم طرفي الساق عند ملتقى القدم والساق … وكعبت المرأة كعابة ، وهي كاعب ، إذا نتأ ثديها”

“Kə’əbə; kəf, ayn və bə hərfləridir, səhih kökdür (yəni illətli hərf yoxdur kökündə). Bir şeydə çıxıntıya, qalxışa dəlalət edir. Bu mənada “kə’b” deyiblər, ayağın kə’bi (topuğu) və bu, baldırın sonlarında baldırın ayaqla birləşdiyi yerdəki sümükdür… Qadın kə’b oldu və o, kəib’dir deyirlər, əgər döşləri çıxarsa.”

Buradan başa düşürük ki, kəib sözü döşləri çıxmış qadına verilmiş addır, yəni qəsd olunan müəyyən yeniyetməlik yaşında olan qızdır.

Eləcə də Əbul-Fərac İbnul-Cəvzi deyir:

“المرأة طفلةٌ ما دامت صغيرةً ؛ ثمّ وليدةٌ إذا تحرّكت ؛ ثمّ كاعبٌ إذا كعب ثديها ؛ ثمّ ناهدٌ إذا زاد ؛ ثمّ معصرٌ إذا أدركت ؛ ثمّ خودٌ إذا توسّطت الشّباب”

“Qadın balaca olduğu müddətdə ona “tiflə” deyirlər, sonra hərəkət etməyə başladıqda ona “validə” deyirlər, sonra döşləri çıxdıqda ona “kəib” deyirlər, sonra (döşləri) böyüdükdə ona “nəhid” deyirlər, sonra (gəncliyinə) yetişdikdə “mu’sir” deyirlər, sonra gənclik yaşlarının ortasına gəldikdə isə “xavd” deyirlər.”

Gördüyümüz kimi bu adlar sadəcə olaraq qadınlarda ayrı-ayrı yaş-dövrünü, inkişaf mərhələsini fərqləndirmək üçün verilmiş adlardır. Misal üçün şəriətdə “həiz” deyildikdə artıq heyz yaşına çatmış qadın qəsd edilir, yoxsa heç kim mütləq heyz görən qadını qəsd etmir. Hədisdə gəlir ki, Allahın elçisi – aleyhissələm – buyurur:

“لَا يَقْبَلُ اللَّهُ صَلَاةَ حَائِضٍ إِلَّا بِخِمَارٍ”

“Allah örtüsüz həizin namazını qəbul etməz.”

Heç kim bu hədisdən başa düşməyib ki, əgər qadın artıq heyzi kəsilərsə o zaman başını bağlamadan da namaz qıla bilər. Xeyr, hamı başa düşür ki, burada “həiz” deyildikdə qəsd olunan artıq heyz yaşına çatmış qadındır. Peyğəmbərimiz diqqəti heyzin özünə tərəf çəkmir, lakin diqqəti ona tərəf çəkir ki, o yaşda ki, qızlar artıq həddi-büluğa çatmış qızlardır və örtünməkləri lazımdır.

Bizim dilimizdə bunun misalını bəzən nənələrimizin rus qızları üçün kinayə olaraq işlətdiyi “sarıqulaq” sözündə də görə bilirik. Nənələrimiz – “koppayoğlu, getdi İrusiyyətə, indi də çörəyi bir sarıqulağa yedirir” – dediklərində heç də rus qızlarının qulağındakı sarılığa diqqət çəkmək istəmirlər. Sadəcə olaraq onların sarışın olmaqlarına görə bu cür ad qoyulub. Eləcə də biz nənələrimizə “ağbirçək” dedikdə onların qulaqlarının üstündə çıxan qövsvari saçların ağlığına diqqət çəkmirik, onların yaşlı olmaqlarına diqqət çəkirik. Eləcə də bəzən saqqalı olmayan yaşlı kişilərə ağsaqqal deyirik, bununla saqqalın ağlığına yox, yaşlarına diqqət çəkirik.

Ayədə də “kəib” sözü sadəcə olaraq “gənc qız” anlamında başa düşülməlidir, yəni “eyni yaşda olan gözəl və gənc qızlar” şəklində başa düşülməlidir. Ayədə onların döşlərinin ölçüsünə diqqət çəkilmir. Quranı tərcümə edənlər sözün haradan əmələ gəlməsinə baxıblar və sözün etimologiyasına görə tərcümə ediblər, bizim dilimizdə “kəib” sözünün qarşılığı olmadığı üçün bəlkə də bu səbəbdən bu cür tərcümə etməkdən başqa çarələri olmayıb. Ona görə də doğru tərcümə belə olmalıdır:

“Şübhəsiz ki, Allahdan qorxanlar üçün bir qurtuluş yeri vardır, bağçalar və üzümlüklər, eyni yaşda olan gözəl və gənc qızlar vardır…”

Məhz buna görə də məşhur ərəb dili və təfsir alimi Əbu İshaq əz-Zəccəc bu ayənin təfsirində deyir:

“(أَتْرَابٌ) أقران، (وَكَواعِبَ أَتْرَاباً) أي أسنانهن وَاحِدة، وهن في غاية الشباب
والحُسْنِ.”

“…”Ətrab” həmyaşıdlar (deməkdir), “va kəvaibə ətrabə”, yəni yaşları birdir və onlar çox gənc və çox gözəldirlər.”

Yenə bir digər ərəb dili və təfsir alimi İbn Aşur təfsirində deyir:

“الكواعب : جمع كاعب ، وهي الجارية التي بلغت سن خمس عشرة سنة ونحوها ”

“Kəvaib kəib sözünün cəmidir və bu, on beş və daha çox yaşda olan qızdır…”

Ona görə də bir çox təfsir alimi bu sözləri təfsir etdikdə burada “bakirə” qızların qəsd edildiyini söyləyir. Yəni işarə qadının döşlərinin böyüklüyünə və necəliyinə deyildir, sadəcə olaraq onların gəncliyinə və gözəlliyinə işarədir.

Burda Bişr bin Əbi Həzim adlı qədim ərəb şairinin sözlərinə diqqət edək.

“وكم من حصان قد حوينا كريمةٍ *** ومن كاعب لم تدر ما البؤسُ ، مُعْصِر”

“O qədər evli qadın görmüşük ki, xeyirlidir, tərifəlayiqdir
və o qədər “kəib”, “musir” görmüşük ki, çətinliyin nə olduğunu bilmirlər.”

İndi düşünün ki, bu məzmunda “kəib” sözünü işlədərkən şair o qızların döşlərinə işarə edirmi? Yoxsa qəsdi sadəcə onların təcrübəsiz, yaşı az olan, dərd çəkməmiş kimsələr olduğuna işarə etməkdir? Əlbəttə ki, cavab hər kəsə aydındır.

Qurandakı ayədə də qəsd olunan budur. Bunun dəlili də budur ki, o söz “ətrab” sözü ilə yanaşı gəlib, yəni eyni yaşda olacaqlar. Çünki Allah sadəcə “eyni yaşda qadınlar” desəydi o zaman “eyni yaşda yaşlı qadınlar” da başa düşmək olardı. Lakin bu ehtimalı aradan qaldırmaq üçün “eyni yaşda gənc qızlar” olacağını ifadə etmək üçün “kəvaib” sözünü işlətmişdir.

Ona görə də maraqlananlar üçün bu yazdıqlarımızdan həm də Qurana necə yaxınlaşmağın önəmi də aydın olur. Başa düşürük ki, Quranı ərəb dilini yaxşı bilmədən hər yerdə tam şəkildə anlamaq imkansızdır, anlaşılması qaranlıq olan yerlərdə mütləq ərəb dilində izah edə biləcək şəxslərə müraciət etmək lazımdır.