Təkamülçülərin əsas iddialarından biri də budur ki, guya təbiətdə amansız, fasiləsiz mücadilə, yaşamaq uğrunda mübarizə gedir. Daha güclü canlılar zəiflərə üstün gəlir və bu da güclü orqanizmlərin sonrakı mövcudluğunu təmin edir.  Lakin bu cür düşüncə tərzində yol verilən əsas məntiq xətası səthi yanaşma ilə əlaqədardır. Hər hansı mövzunu müzakirə edərkən önəmli olan məsələyə necə yanaşma tərzidir: səthi yanaşma yoxsa məğzi yanaşma? Zahirən baxdıqda “təbiətdə bir canlının digərini yeməsi və bununla da yaşamaq uğrunda mübarizə getdiyi” qənaətinə gəlmək olar. Əslində bu cür yanaşma səthidir. Niyə? Təbiətdə ölçüsündən asılı olmayaraq bütün canlıların spesifik funksiyaları və bu funksiyaları icra etmək üçün onlara verilmiş vasitələri var. Ovlanma və qidalanma da bu vasitələrdən biridir. Bunu sadə misal ilə izah edək.

Misal. Bilirik ki, insan öldükdən sonra onun vücudu çürüyür, parçalanır və dağılıb gedir. Əslində bu “çürütmə işini” görənlər insan bədəni ilə qidalanan (yaxud “ovlanan”) gözlə görülməyəcək qədər kiçik olan bakteriyalardır.

Burada 2 cür yanaşma meydana çıxa bilər:

  1. Bakteriyalar ölmüş bədəni yeməklə “yaşamaq uğrunda mübarizə aparırlar.” Bu səthi yanaşmadır. Çünki məsələnin məğzinə varmadan sadəcə gözlə görülə bilən hissəsi haqqında fikir söylənilir.
  2. Bakteriyaların funksiyası cəsədi çürütməkdir ki, bu da bir çox yolxucu xəstəliklərin törəməsininin qarşısını alır. Bu isə məğzi yanaşmadır. Çünki məsələnin üzdə görülməyən “pərdəarxası” məqamlarını izah edir. Əgər bakteriyalar cəsədlərlə qidalanmasa idi hər tərəfdə ölü, pis qoxu verən və xəstəlik mənbəyi olan cəsədlər olardı. Belə şəraitdə canlıların yer üzündə yaşaması mümkün olmazdı. Digər tərəfdən bir canlı öləndə mikroorqanizmlər (bakteriyalar) onu sürətlə parçalayır, beləliklə də ölü bədən üzvi molekullara ayrılmış olur. Bu molekullar torpağa qarışaraq bitki və heyvanların, dolayısilə də insanların əsas qida mənbəyinə çevrilir. Əgər bu çevrilmə olmasaydı, həyat da mümkün olmazdı. Bakteriyaların da üzərinə canlıların kəskin ehtiyac duyduğu mineralları və qidaları hazırlamaq vəzifəsi düşür. Qış boyu haradasa ölü vəziyyətdə olan bitki və heyvanların yazda təkrarən ehtiyac duyacağı bütün qida və minerallar bakteriyaların qışdakı fəaliyyəti ilə təmin edilir. Qış ərzində bakteriyalar üzvi maddə ifraz edən canlıları, yəni heyvan və bitki ölülərini ayıraraq onları minerallara çevirirlər. Beləliklə, canlılar yazda oyananda qidalarını da hazır olaraq tapırlar. Bakteriyaların fəaliyyəti sayəsində həm olduqları şəraitdə bir “yaz təmizliyi” edilmiş, həm də yayda təkrar canlanan təbiət üçün kifayət qədər qida hazırlanmış olur.Göründüyü kimi, ölən canlılar yeni canlıların yaşaması üçün ilk növbədə həyat rolunu oynayırlar.

Yuxarıdakı misalı köpək balıqlarının da timsalında izah etmək olar. Zahirən, köpək balıqları yırtıcı və təhlükəli heyvan növü kimi qəbul edilə bilər. Lakin onların yerinə yetirdiyi funksiyaya baxdıqda isə hər şey aydın olur. Belə ki, köpək balıqları okeanların ekosistemindəki tarazlığı qorumaq üçün çox vacib amildir. Köpək balıqları ölü və xəstə heyvanlarla qidalanmaqla “təmizləyici” funkiyasını yerinə yetirir. Digər tərəfdən isə yırtıcı rolunu oynamaqla başqa heyvan növlərinin sayına “nəzarət edir.” Onlar həm də ən çox mövcud olan növləri ovlamaqla növlərin müxtəlifliyini qoruyub saxlayırlar. Bir çox alimlər qeyd edirlər ki, köpək balıqları olmadan okeanların ekosistemindəki balans pozula və dağıdıcı effekt yarada bilər.

Deməli, aydın olur ki, təbiətdə yaşamaq uğrunda heç də canlıların mübarizəsi getmir. Sadəcə olaraq, onlar bununla öz faydalı funksiyalarını yerinə yetirir və ekosistemdəki balansı qorumuş olurlar. Ən maraqlısı isə odur ki, düşüncəsi və ağlı olmayan, hətta özünün ekosistem üçün faydalı bir xidmət göstərdiyini bilməyən köpək balığı yaxud bakteriya bunu necə edir? Əlbəttə ki, bunu onlara etdirən qüdrət və elm sahibi olan Allah Təaladır (c.c).