Allah Təala (cəllə cəlalühü) Qurani Kərimdə Maidə surəsinin 101-102-ci ayələrində möminlərə belə buyurur:

“101. Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir!

102. Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.”

Adətən islamofobiya ilə məşğul olan ateistlər yuxarıda qeyd etdiyimiz ayələrin mənasını təhrif edərək qəsdən elə şəkildə təqdim edirlər ki, guya İslam dininə əsasən sual soruşmaq, araşdırmaq insanı küfrə saldığına görə Allah Təala (c.c) bu ayələrdə insanlara düşünüb araşdırmağı, soruşub öyrənməyi qəti şəkildə qadağan edir. Halbuki məsələnin məğzini araşdırdıqda məlum olur ki, ateistlərin Qurana qarşı bu iddiası tamamilə əsassızdır. Burda mühüm olan odur ki, Quran ayələrindəki hökmlərin mahiyyətini və ya söhbətin nədən getdiyini düzgün anlamaq üçün əvvəlcə onların hansı hadisə ilə əlaqədar nazil olma səbəbini bilmək lazımdır. Elmalılı Muhammed Hamdi Yazır təfsirində Maidə surəsi 101-102-ci ayələrin nazil olmasının aşağıdakı iki hadisə ilə əlaqədar olduğu deyilir:

1-ci hadisə. Hz. Əlidən (r.a) rəvayət olunduğu üzrə “Gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.” (Âl-i İmrân, 3/97) ayəsi nazil olduğu zaman Rəsulullah bir xütbə oxudu, Allah Təalaya həmd və sənadan sonra, “Allah həcc etməyi sizin üzərinizə fərz qıldı.” buyurdu.
Əsəd oğullarından Ukaşə b. Mihsan və ya başqa bir rəvayətə görə Süraka b. Mâlik: “Hər il mi, ey Allahın rəsulü?” dedi.  Rəsulullah cavab vermədi, o da üç dəfə sualı təkrar edincə peyğəmbər: “Xeyr, fəqət ‘bəli’ deməyəcəyimə necə əmin oldun, vallahi ‘bəli’ desəydim (hər il həcc etmək sizə) vacib olacaqdı, vacib olsaydı (bunun çətinliyinə) dözə bilməyəcəkdiniz, tərk etsəniz də kafir olacaqdınız. O halda mən sizi tərk etdiyim müddətcə siz də məni tərk ediniz, sizdən öncəkilər həmişə çox sual soruşmaq və peyğəmbərlərinə qarşı ixtilaf etmək səbəbindən məhv oldular. Bir şeyi əmr etdiyim zaman, gücünüz çatdığı qədər əməl ediniz. Bir şeyi yasaqladığım zaman da çəkininiz.” buyurdu.(Müslim, Hac, 412)

2-ci hadisə. Hz. Ənəs və Əbu Hürəyrədən rəvayət edildiyi kimi “İnsanlar, Rəsulullaha bir çox şeyləri soruşmuş, hətta israr və təkid dərəcəsinə çatmışdılar. Bir gün Rəsulullah əsəbi şəkildə xütbəyə çıxdı, Allaha həmd və sənadan sonra:’ Soruşun, Allaha and olsun ki, bu məqamda olduğum müddətcə hər nə soruşsanız açıqlayacağam.’ buyurdu.”
Əshab-ı kiram başlarına bir təhlükə gəlmək üzrə olduğundan qorxdular. Ənəs (r.a.) demişdir ki, ‘Sağıma, soluma baxdım, hər kəs əlbisəsini başına çəkib ağlıyırdı. Qureyşdən Bəni Səhmdən Abdullah b. Huzafə deyilən adam vardı ki, kişilərlə bir münaqişə etdiyi zaman atasından başqasına nisbət edilərdi. O qalxdı:
“Ey Allahın Nəbisi, mənim atam kimdir?” dedi. Peyğəmbərimiz də:
“Atan, Huzafə b. Kays ez- Zühridir.” buyurdu. Digər biri də qalxdı:
“Mənim atam hardadır?” dedi,
“Atəşdədir.” buyurdu. Sonra Hz. Ömər (r.a.) qalxdı:
“Biz, Rəbb olaraq Allaha, din olaraq İslama, Rəsul və Nəbi olaraq Muhamməd Aleyhissəlama razı olduq, biz fitnələrdən Allaha sığınırıq, hələ ki,  bir cahillikdən və şirkdən yeni qurtulduq. Bu halda bizi əfv et, ey Allahın Rəsulu.” dedi, Rəsulullahın əsəbi yatdı’.

Göründüyü kimi əslində həmin ayələrin nazil olma səbəbi tam başqadır və ateistlərin iddiası ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Hər iki hadisədən anlaşıldığı üzrə peyğəmbərimiz (s.a.v) müsəlmanlara nəyisə araşdırıb öyrənməyi yasaq etmir. Sadəcə olaraq, həcc ibadətinin icrası ilə bağlı sıxıntıya düşməmələri və onları məyus edəcək bəzi xəbərləri eşitməmələri üçün müsəlmanların lüzumsuz suallar verməkdən uzaq durmalarını istəyir.

Ümumiyyətlə, İslam dininə görə sual vermək insanı küfrə düşürməz.  Lakin peyğəmbərə (s.a.v) sual verib, sonra aldığı cavabdan razı qalmayaraq haqqı inkar etmək insanı küfrə düşürə bilər. Çünki əvvəllər bir qrup yəhudilər peyğəmbərə (s.a.v) çoxlu suallar vermiş, sonra aldıqları cavablardan narazı halda bilə-bilə haqqı inkar etmişdilər.

Sual soruşmaq məsələsi ilə bağlı məşhur İslam alim və qazılarındən biri olan İbn Abdil-Bərr deyir ki, bir kimsə elmə olan arzusu və bilgisizliyini dəf etmək istəyilə dini baxımdan bilinməsi gərəkli olan bir suala dair mövzunu anlamaq haqqında sual soruşsa, bunda bir qəbahət yoxdur. Çünki, cahilliyin əlacı sual soruşmaqdır. Kim də bilgisini artırmaq və ya öyrənmək niyəti olmadan sadəcə bəhanələr irəli sürmək məqsədilə sual soruşsa, az və ya çox da olsa halal olmaz.

Deməli, bilmədiyini öyrənmək və elmini artırmaq məqsədilə faydalı suallar soruşmaq İslamda əsla qadağan deyil. Zatən diqqət edilərsə, Maidə surəsi 101-ci ayədə açıq-aydın “Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar.” deyilir.

Qısacası, burdan bir daha aydın olur ki, Quranda Allahın soruşulmasını istəmədiyi suallar elm öyrənmək məqsədi daşımayan və möminlər üçün faydasız olan, habelə açıqlanacağı təqdirdə sual verən şəxsi məyus edəcək gizli sirrlər və ya soruşulması qeyri-etik olaraq qəbul edilən mənasız suallardır.

Göründüyü kimi ateistlərin bu iddiası da bütünlüklə əsassızdır və Qurana atılmıış növbəti iftiradan başqa bir şey deyil. Təəssüf ki, ateistlər əksər hallarda ayələrin nüzul səbəbini araşdırıb öyrənmədən öz təxəyyüllərinə uyğun şəkildə Quran ayələrinə iftira atmaqla məşğul olurlar.