Ateistlərin adətən irəli sürdükləri qəribə bir argument var: “Dünyada 4000 Tanrı (ilah) var, hər dinin mənsubu öz ilahını qəbul edir və digər 3999-nu rədd edir, biz ateistlər isə sadəcə sizdən 1 tanrı artıq inkar edirik. (Yəni müsəlmanlar 3999 Tanrını inkar edir, biz ateistlər isə 4000 tanrını)”.

Bu ateistlərdə bir alışqanlıqdır ki, onlar həmişə mövzu Yaradana gəldikdə elmi yöndən Yaradanın varlığını inkar edə bilmədikləri üçün dünyada var olan saxta tanrıların sayının çoxluğunu bir arqument kimi ortaya atırlar. Bununla da öz aləmlərində guya Yaradanın yoxluğunu “sübut” etmiş olurlar. Əslində bu iddia heç bir elmi-məntiqi mühakiməyə və ya hər hansı ciddi elmi dəlilə əsaslanmır. Bu sadəcə Yaradanın varlığını inkar etmək uğrunda ateistlərin sırf emosional düşüncəsindən başqa heç nə deyil. Ateist düşüncəyə görə çoxlu sayda ilahlar varsa, deməli heç bir ilah yoxdur. Bu düşüncə tamamən səhvdir. Çünki çoxlu yalanlar bir həqiqəti dəyişmədiyi kimi çoxlu saxta ilahların olması da həqiqi bir İlahın olmadığına əsla dəlil sayıla bilməz. 

Əslində mövzu bir Tanrı artıq inkar etmək qədər sadədir mi? Yəni ateistlər 1 tanrı artıq inkar edərək sanki məntiqli bir şey mi edirlər? Əlbəttə ki, yox! Vəziyyət tam olaraq belədir:

Ortada bir kitab təsəvvür edin. Kitabın içində çox dəyərli bilgilər və məlumatlar var, həmçinin kitabın üzərindəki bəzəklərlə çox gözəl sənət əsəri olmuşdur. Lakin kitabın üstündə Yazarın adı yazılmamışdır. Kitabın ətrafında isə 4000 nəfər təsəvvür edin və həmin 4000 nəfər kitabın müəllifini axtarır və hər biri “Kitabın yazarı O yazıçıdır, yox kitabın yazarı bu yazıçıdır” deyərək hər biri kitaba fərqli müəlliflər təyin edərək bir-birinin təxminlərini inkar edir. Lakin ateistlər neyləyir bilirsiniz mi? Ateistlər ümumiyyətlə bu kitabın bir yazarı olmadığını deyir. Ateistlər həmin kitabdakı məlumatların sahibi olmadığını və kitabı heç kimin yazmadığını iddia edirlər! Yəni ki, bu kitab mürəkkəbin təsadüfən kağız üzərinə tökülməsi və sonra kağızların təsadüfən üst-üstə yığılıb cildlənməsi nəticəsində öz-özünə meydana çıxıb. Deməli, burda məsələ 1 tanrı artıq inkar etmək deyil. Məsələ ümumiyətlə Yaradanı, yəni kainatdakı bilginin, məlumat və sənət əsərinin sahibini tamamən inkar etmək və bunları kor-təbii, şüursuz təbiət qüvvələrinə aid etməkdir!

Yuxarıda qeyd etdiyimiz misala uyğun olaraq çıxaracağımız nəticə budur: Əgər bir kitab olsa və hər kəs özünün həmin kitabın müəllifi olduğunu iddia etsə, bu kitabın heç bir müəllifi olmadığı mənasına gəlməz. Kitab varsa, Katib də vardır. Həqiqi Katibi tapmaq isə insan düşüncəsinə həvalə edilib. Quran isə bununla bağlı bizə bunları deyir:(21 – ENBİYÂ) الأنبياء / 22- Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!