Sivil dünyada İslam aləminin texniki tərəqqidən geri qalması barədə çoxsaylı fikirlər səsləndirilir və bunun günahını bəzən az qala dinimizdə axtarmağa cəhd edirlər. Əslində isə çoxları bilmir ki, hazırda sivil inkişafın ən yüksək mərhələsindən birini yaşayan bugünkü Qərb texniki-tərəqqi sahəsində əldə etdiyi uğurlara görə məhz İslam aləminə, İslam elm adamlarına borcludurlar.

Təbii ki, Şərq yalnız humanitar və mənəviyyat elmlərinin vətəni deyil. Bunu son minillik ərzində bu regionda yaranmış, fundamental elmlərin aparıcı mövqeyə malik olduğu məşhur elm məktəbləri və akademiyalar da təsdiq edir. Onların bir çoxunda isə şərqli alimlərlə bərabər, Qərbdən gəlmiş, Avropadan təşrif buyurmuş elm fədailəri də çalışırdılar. Bu cəhətdən Bağdaddakı “Beytül-Hikmət” və məşhur Məmun akademiyalarının fəaliyyətini xüsusi qeyd etməliyik. Mərkəzi Asiyadan yetişib çıxmış, şan-şöhrəti bu günümüzə qədər gəlib çatmış məşhur mütəfəkkirlər bu akademiyalarda üstünlük təşkil edirdilər. Xüsusən, Məmun Akademiyasının əsas elmi istiqamətlərini müəyyənləşdirən qüdrətli alimlər Orta Asiya torpaqlarında doğulub boya-başa və kamala çatmış təfəkkür sahibləri idilər. Onların arasında Əbu Nəsr ibn İraq, Mahmud Xocəndi, Əhməd ibn Həmid Nəysəburi, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina, Əhməd ibn Məhəmməd Xarəzmi kimi dahilər vardı. Yeri gəlmişkən, onu da deyək ki, adları çəkilən şəxslərin və onlarla başqalarının misilsiz elmi cəsarətlərini çağdaş dünya yaddan çıxarmayıb. Yenə də onu qeyd etməyi özümüzə borc bilirik ki, uzaq orta əsrlərdə müsəlman ölkələrindəki elm mərkəzlərində yüksək dərəcədə insana, bəşəriyyətə, bütün yaradılmışlara bəşəri məhəbbət təbliğ edilib. Bu mərkəzdə dini-milli tolerantlıq yüksək səviyyədə idi. Buna paralel olaraq, onu da vurğulayaq ki, Bağdaddakı Məmun Akademiyasında yalnız ərəb dünyası, Şərq ölkələrindən olan müsəlman elm mütəxəssisləri deyil, eyni zamanda qeyri-müsəlman dinlərin nümayəndələri, onlar arasından çıxan böyük alimlər də vardı. Onlar Mərkəzdə sərbəst şəkildə işləmək, burada elmi tədqiqatlarla məşğul olmaq, öyrənmək, müsəlman alimlərlə elmi müzakirələr aparmaq imkanı əldə etmişdilər. Yəni onlara münasibətdə sözün əsl mənasında tolerantlıq hökm sürürdü.
Avropa etiraf edir
Sivil Avropada İslam aləminə düşmən mövqe tutan, İslam dininə mənsub insanlara elmdən, mədəniyyətdən uzaq, geridə qalanlar kimi baxan bəzi elm, dövlət adamlarının olmasına baxmayaraq, həqiqəti hər şeydən uca tutanlar da az deyillər.
Məsələn, Avropanın və dünyanın ən böyük alimlərindən biri olan İsaak Nyuton Qərbin xaosda və qaranlıqda, cahillikdə olduğu dövrlərdə İslam aləminin bəşəri elmin inkişafına yüksək töhfələr verdiyini etiraf edib. Bu baxımdan İsaak Nyuton orta əsrlər İslam dünyasının ən böyük alimlərindən biri olan Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni haqqında belə yazıb: “O, (Biruni) əsl düha idi. Riyaziyyat, astronomiya, fizika, botanika, coğrafiya, geologiya, mineralogiya, etnoqrafiya, tarix və xronologiyaya onun töhfələri əvəzsizdir”.
Dahi fizik Albert Eynşteyn isə həmişə deyirdi ki, Biruni Yerin öz oxu ətrafında fırlandığı və Günəş ətrafında dövr vurduğunu Qalileo Qalileydən 6 əsr əvvəl kəşf etmişdi: “Biruni bəşəriyyət tarixinin ən böyük intellektualıdır”.
İsaak Nyutonla Albert Eynşteynlə bərabər, digər həqiqətsevər Qərb alimləri də İslam elminin Qərbdə elmin inkişafına təsir etdiyini dönə-dönə vurğulayıblar. Onlar tərəfindən belə bir fikir vurğulanır ki, orta əsrlərin cəhalət zəncirindən, qaranlıq zülmətindən xilas olaraq, texniki-tərəqqi yoluna qədəm qoymasına görə Avropa, ilk növbədə, orta əsrlərin məşhur müsəlman alimlərinə, müsəlman elmi mərkəzlərinə, müsəlman incəsənəti və ədəbiyyatına özünü borclu hesab edir.
Hər halda unutmaq olmaz ki, V-VII əsrlərdə və ondan sonrakı dövrlərdə Avropa elmdən, mədəniyyətdən uzaq düşmüşdü. Həmin dövrdə bəşəriyyətin min illər ərzində yaradılan mədəniyyətlər, sivilizasiya yox olmaq dərəcəsinə gəlib çatmışdı. Avropa isə sanki özlərindən əvvəl qoyulan mədəniyyəti unutmuş və obrazlı şəkildə desək, daş dövrünə qayıtmaq təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir taleyüklü dövrdə İslam aləmində elm və texnika sürətlə inkişaf edərək, bəşəriyyətin texniki-tərəqqisinə təkan verən onlarla elm dahisi yetişdi. Beləliklə İslam aləminin elmi inkişafı avropalıların cəhalətdən xilas olmasına yol açaraq gələcək elmi-teniki tərəqqilərdə əvəzsiz xidmətlər göstərdi.
Xarəzmdən doğan türk günəşi
Orta əsrlər İslam dünyasının bəşəri sivilizasiyaya, elmi-texniki tərəqqiyə bəxş etdiyi ən böyük alimlərindən biri isə böyük türk alimi Əbu Əbdullah bin Musa əl-Xarəzmi idi.
Əbdullah bin Musa əl Xarəzmi 780-ci ildə Xarəzmdə (indiki Özbəkistanın Xivə şəhərində) imkanlı bir türk ailəsində anadan olub. Onun atası öz dövrü üçün mükəmməl hesab edilən təhsil almışdı. O, müasir elmlərdən xəbərdar idi və ona görə də övladlarının da elmli olmasını istəyirdi. Ona görə də atası Əbdullahı türk mədəniyyətinin və sivilizasiyasının mərkəzlərindən biri hesab edilən Xarəzmdə o dövr üçün mükəmməl ibtidai təhsil verən məktəbə qoydu. Bu məktəbdə Xarəzmi elmin sirlərinə yiyələnmək üçün ilk addımlarını atdı. İbtidai təhsilini tamamlayandan sonra balaca Əbdullah bir müddət nə edəcəyini bilmədi. O, təhsilini davam etdirmək istəyirdi. Ancaq buna necə nail olacağını o bilmirdi. Belə bir vəziyyətdə onun köməyinə atası çatdı. O oğlunun təhsilini davam etdirməsi üçün onu o dövrdə İslam dünyasının elm mərkəzi hesab edilən Bağdada göndərdi. Bağdadda həmin dövrdə İslam aləminin elmi mərkəzi hesab edilən və o vaxt üçün sivil elmi bilikləri öyrədən mədrəsələr və indiki dövrün ifadəsi ilə desək, elmi tədqiqat mərkəzi fəaliyyət göstərirdi. Bağdadda oxuması o dövrdə gəldiyi, anadan olduğu yerin adı ilə tanınan Əbdullah bin Musa əl-Xarəzminin həyatında önəmli rol oynayaraq, onun türk-islam dünyasının məşhur alimi kimi yetişməsində böyük rol oynadı. Necə deyərlər, Əbdullah bin Musa əl-Xarəzmi gəncliyinin ilk illərində Bağdaddaki müasir, inkişaf etmiş elm atmosferinə alışaraq burada özünün istedadını üzə çıxarmaq üçün gecə-gündüz bilmədən çalışmağa başladı. Elmi mövzulara hədsiz dərəcədə bağlı olan Xarəzminin istedadı və elmləri olduqca dərindən bilməsi qısa müddətdə ona böyük şöhrət gətirir. Əl-Xarəzminin mahir elm bilicisi alim olması xəbəri həmin dövrdə Abbasilərin Bağdad xəlifəsi olan Məmuna da gedib çatır. Məmun əl-Xarəzmini öz yanına çağıraraq onunla şəxsən tanış olur. O dövrün məşhur alimlərinin də iştirak etdikləri məclisdə əl-Xarəzmi ilə söhbətdən sonra xəlifə onun, həqiqətən, dövrünün ən böyük alimlərindən bir olduğu qənaətinə gəlir. Ona görə də xəlifə Məmun əl-Xarəzminin elmə daha da dərindən yiyələnməsinə yardım etmək üçün onu qədim Misir, Mesopotamiya, Yunanıstan və Hindistan mədəniyyətlərinə aid olan kitablarla zəngin Bağdaddakı saray kitabxanasına rəhbər təyin edir. Bu kitabxanaya rəhbərliyi dövründə əl-Xarəzmi qədim dövrə aid olan kitablarla yaxından tanış ola bilir və bu onun elmi inkişafına yeni bir təkan verir. Xəlifə Məmun həmin dövrdə bir çox alimlərin müxtəlif dillərdə olan qədim kitabları oxuya bilməmələrini və bu dilləri öyrənmələri üçün çox vaxt sərf etdiklərini nəzərə alaraq, əl-Xarəzmini özü tərəfindən qurulan Beytül-Hikmət Tərcümə Mərkəzinə rəhbər təyin edir.
Əl-Xarəzmi həvəslə işə girişir və qısa müddətdə müxtəlif dillərdə olan onlarla elmi, texniki məzmunlu əsərlərin ərəb dilinə tərcümə edilməsinə nail olur. Bu tərcümə fəaliyyəti əl-Xarəzminin elmlərə daha da dərindən yiyələnməsinə imkan verir. Təbii ki, texniki elmlərlə dərindən maraqlandığı üçün, ilk növbədə, əl-Xarəzmi astronomiyaya və riyaziyyata aid əsərlərin tərcümə edilməsini önə çıxarır. Bu əsərlərin tərcüməsi və onlarla tanışlıq isə həmin dövrdə İslam aləminin elmi inkişafında onlarla məşhur alimin yetişməsində böyük rol oynayır. Amma əl-Xarəzmi bunlarla da kifayətlənmir, o daha çox öyrənmək istəyirdi. Həmin dövrdə ona elə gəlirdi ki, oxuduqları azlıq edir. Ona görə də əl-Xarəzmi Dəməşqdə fəaliyyət göstərən rəsədxanada çalışan astronom alimlərlə də yaxından tanış olur və onların elmi araşdırlmalarını oxuyur.

Əziz Mustafa, Zaman