5605

XI əsrin axırlarında Türkistanın Mərv şəhərindən dünyaya gələn Əbdürrəhman əl-Mənsur daha çox əl-Həzini adı ilə tanınmışdır. Ömrünün əksər hissəsini Xorasanda keçirən Həzini XII əsrin ortalarında vəfat etmişdir. Oxuyub-öyrənməyə qarşı olan marağı tələbəliyinin ilk illərindən onu başqalarından fərqləndirirdi. Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti illərində elmin mərkəzi sayılan Mərvdə yaşayan Həzini, başda fizika olmaqla astronomiya və riyaziyyatla əlaqəli bir çox əsərlər oxumuş, bu sahədəki biliklərini daha da artırmışdır. Xüsusən də yerin cazibə qüvvəsi, tarazlıq və bir çox sahələrdə dövrünün alimlərindən olmuşdur.

Elmi şəxsiyyəti

Əl-Həzini müşahidə və təcrübələrə böyük əhəmiyyət vermişdir. Elmi araşdırmaları zamanı özündən əvvəlki alimlərin xüsusən də İbn Heysəm və əl-Biruninin əsərlərinə müraciət etmişdir. O, sadəcə elmi biliklərlə kifayətlənməmiş, bununla yanaşı dini elmləri də öyrənməyə və öyrəndiklərini yaşamağa çalışmışdır. Allaha imanın elmlə məşğul olan insana yeni düşüncələr bəxş elədiyinə inanaraq sadə həyat yaşamış, elmi ilə qürrələnməmişdir.

Elmə töhfələri

XII əsrin əvvəllərinə qədər davam edən tərəzilərlə əlaqəli nəzəriyyə və təcrübələrin hamısı əl-Həzinin 1121-ci ildə yazdığı “Mizan əl-hikmə” (Hikmət tərəzisi) adlı əsərində mövcuddur.[1] Bu əsər hidrostatika[2] və tərəzilərlə əlaqəli XII əsrdə İslam aləminin elmdə çatdığı səviyyəni göstərir. Müəllif həmin əsərdə düzəltdiyi tərəzilərdən bəhs etmiş və İslam alimlərinin mövzu ilə əlaqəli bir çox fikirlərini qeyd etmişdir. Elm tarixçilərindən olan G. Sarton bu əsəri İslam dünyasının “mexanika haqqındakı əsəri” adlandırmışdır.

Yerin cazibə qüvvəsini kəşf edən əl-Həzini cismlər arasındakı cazibə qanununu da icad etmişdir. Bir çox təcrübələr aparmış və nəticədə bütün cisimlərin yerin mərkəzinə doğru çəkildiyini və bu qüvvənin düşən cisimlə mərkəz arasındakı məsafədən asılı olduğunu bildirmişdir. Yəni yerin cazibə qanununu Nyutondan beş yüz il əvvəl yaşayan əl-Həzini kəşf etmişdir. Bu qanun sonralar Nyuton tərəfindən iki cisim arasında cazibə qüvvəsi adlandırılmışdır.

Çəki və ölçü nəzəriyyələrindəki yenilikləri ilə fizika elminə olduqca böyük töhfələr verən əl-Həzini, iki gözlü tərəzinin də kaşifidir. Arximed tərəzisi adlandırılan həmin tərəzi qızıl, gümüş və bunların digər metallarla qarışıqlarını çəkmək üçün nəzərdə tutulmuşdu. Bu ixtira qollu və elekrton tərəzinin kəşfi üçün zəmin hazırlamışdır.[3]

Əl-Həzininin digər ixtiralarından biri də dəqiqə tərəzisidir. Bu tərəzi əslində bir su saatıdır. Bundan əlavə həmin tərəzi ilə yerin bir günlük hərəkətini ölçmək də mümkündür. Bu alət tərəzinin qolundan asılmış su və ya qum torbasından düzəldilmişdir. Torba tam olaraq hesablanmış bir dəliklə əhatə olunmuş və mexanizm tamamlanmışdır. Tərəzinin qolundakı ağırlıqların tənzimlənməsi ilə sanki dəqiqələrin hərəkəti kimi keçən zamanın buna uyğun göstərici cədvəlində oxunması təmin edilmişdir.[4] Bu gün həmin alət ölçü vahidi kimi istifadə olunmaqdadır. Lakin qum saatı kimi unudulmuşdur.

Qərbli elm adamları tərəfindən dinamika, hidrostatika və hidromexanikanın ustadı qəbul edilən əl-Həzini, hələ səkkiz əsr əvvəl bir cismin aşağı sıxlıqlı havada ağırlaşdığını, yuxarı sıxlıqlı havada və ya suda ağırlığının azaldığını kəşf etmişdir.

Müxtəlif mayelərin sıxlığını və ağırlığını ölçmək üçün istifadə olunan areometri[5] təkmilləşdirmişdir. Qərbdə Villiam Nikolsonun areometr və hidrometi 1798-ci ildə hazırladığını nəzərə alsaq, bunu altı əsr əvvəl düzəldən əl-Həzininin böyüklüyünü daha yaxşı anlayarıq. Bu gün sıxlıq tapmaq üçün istifadə olunan d=m/v düsturu və sıxlıq ölçən areometr əl-Həzininin hazırladığı aerometrin təkmilləşdirilmiş formasıdır.

Tərəzilərin geniş yayıldığı dövrdə əl-Həzini əl-İsfirazinin təkmilləşdirdiyi hikmət tərəzisini daha da inkişaf etdirərək ölçü vasitəsi halına gətirmişdir. O, həmin tərəzidən çəki vasitəsi kimi həqiqi və qarışıq metalların çəkilməsində və bir çox iqtisadi hesablamalarda istifadə etmişdir. Əl-Həzininin izahına görə alət 1000 misqal ağırlıqda 1 habbə=1/68 misqal fərq belə olmur. Yəni təqribən 4,5 kq-da 75 santıqram – 1/60000 dəqiqliyə malikdir.[6] Bu günkü elektron tərəzilər ancaq belə dəqiq çəkir.

Əl-Həzini İslam aləmində özünəxas orijinal müşahidələri ilə tanınan böyük astronomlardan biri kimi[7] üçbucaqlı aləti siferblat şəklində ulduzların yüksəkliyini təyin etmək və əşyanın bizə  göründüyü optik bucağı müəyyənləşdirmək üçün düzəltmişdir. “İttihaz əl-alat ən-nəfisə” adlı traktatında ətraflı bəhs elədiyi həmin alətlə həmçinin düz bucaq formasındakı bucaqları ölçmək olur və bucağın sinusunu da tapmaq mümkün idi.

Elm dünyasındakı yeri

Yerin cazibə qüvvəsi ilə əlaqəli izahları ilə yadda qalan, suyun və müxtəlif maddələrin xüsusi sıxlıqlarını təyin edən, tərəzilərlə əlaqəli yeniliklərə imza atan[8] əl-Həzininin araşdırmaları barometrin kəşfində də böyük rol oynamışdır. Onun icadları Toriçelli və Paskal kimi elm adamlarına yol göstərmişdir. Əl-Həzininin ixtirası sayılan dəqiq tərəzilər bu gün kimya laboratoriyalarında istifadə olunan hidrostatik tərəzi və piknometrlərin ilk növüdür.

Qərb dünyasında daha çox Əbul Fəth əl-Kuzini olaraq tanınan əl-Həzini elm adamları tərəfindən təqdir edilmişdir. Əsərləri haqqında araşdırmalar aparanlar onun əsrlərə işıq saçan elminə heyran olmuşlar. Məsələn, onun “Mizanul-hikmət” adlı əsəri qərb dillərinə tərcümə edilmişdir. Əsər əvvəlcə M. Xanikov tərəfindən tədqiq edilmiş, 1859-cu ildə isə ingilis dilinə tərcümə edilərək Amerikada çap olunmuşdur. Uill Durant 1997-ci ildə çap olunan əsərində əl-Hazininin yerin cazibə qanunu haqqındakı görüşlərini ətraflı tədqiq etmişdir. Onun əsərlərindən biri olan “əz-Zicul-mutəbərus-səncəri əs-sultani” əsərinin bir nüsxəsi Vatikan sarayında, digər nüsxəsi də Britaniya muzeyində saxlanılmaqdadır. Bu əsər ulduzların 1130-cu ildə göydəki vəziyyəti və Mərvin coğrafi kordinatları haqqındadır.

Xülasə, bu gün Qərbin elmdə gəlib çatdığı səviyyəyə yüksəlməsində əl-Həzini kimi müsəlman alimlərin rolu çox böyükdür.

Yusuf Karaosmanoğlu


[1] Fuat Sezgin, İslamda Bilim ve Teknik, V, s. 3-4.
[2] Hidromexanikanın, mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən iki hissəsindən biri (ikincisi “hidrodinamika”dır)
[3] F. Sezgin, e.a.ə, V, s. 4.
[4] F. Sezgin, e.a.ə, III, s. 117.
[5] Mayelərin sıxlığı təyin edən cihaz.
[6] F. Sezgin, e.a.ə, V, s. 6.
[7] Sadettin Ökten, TDV İslam Ansiklopedisi, I, s. 164-165.
[8] Şaban Döğen, Müslüman İlim Öncüleri Ansiklopedisi, s. 126.