Kainatda hər şey Allahın təqdiri, diləyi və yaratması ilə var olur. İnsanların xeyir və şər (pislik)-hər cür əməli Allahın təqdiri ilə meydana gəlir.
“Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (“Saffat”,96) ayəsi bu həqiqəti açıq-aydın ifadə edir.
Lakin burada mühüm bir məqama xüsusi diqqət yetirmək lazımdır: xeyir və şər yaradılış baxımından Allahdandır, yəni xeyri və ya şəri istəyən, seçən insan, yaradan isə Allahdır.
Bəli, bütün hərəkətlərimizi, əməllərimizi istəyən bizik, yaradan isə Allahdır. Allah şərə, pisliyə razı deyil, ancaq qul cüzi iradəsini o yolda istifadə edəndə Allah da onu həmin istiqamətə yönəldir. Allah işə başlamaq vaxtı onu qaldırır, qaçmaq lazım olanda qaçırdır, ona o işi görmək üçün lazım olan güc, qüvvət və enerjini verir. Qaldıran, yerindən, enerji verən Allahdır, ancaq şəri qazanan quldur və nəticəsinə görə də qul məsuliyyət daşıyır.

Bunu sadə misalla izah etməyə çalışaq. Bir ata yeriyə bilməyən uşağını kürəyinə alır və ona: “De görüm hara getmək istəyirsən? Səni gəzdirəcəyəm,”-deyir. Uşaq da: “Məni bu dağın başına çıxar,”-deyir. Ata uşağına xəbərdarlıq edir: “Ora həm soyuqdur, həm də çox təhlükəlidir. Üşüyərsən, xəstələnərsən və ya yıxılıb əzilərsən. Səni daha gözəl və daha təhlükəsiz bir yerə aparım,”-deyir. Amma uşaq israr edir. Atası istəməsə də, onu dağa aparır. İndi bu uşaq: “Dağa mən öz gücümlə çıxdım,”-deyə bilərmi? Yaxud orada üşüsə, ya da bir yerini əzsə, atasına: “Məni niyə bura gətirdin?”-deyib etiraz edə bilərmi? Eynilə bunun kimi hərəkətlərimizi, işlərimizi yaradan Allahdır, ancaq bunları istəyən, seçən bizik. Məhz buna görə hal və davranışlarımızın nəticələrindən də özümüz məsuluq.

İbadətlərə, xeyir və yaxşılıqlara gəldikdə isə onları əmr edən də, diləyən də, yaradan da Allahdır. Burada qula sadəcə xeyrə yönəlmək düşür. Başqa sözlə desək, insanın əlində təkcə gözəl bir niyyət vardır. İnsan bəzən özündə böyük bir güc görməklə, özünü güclü saymaqla xətaya yol verir. Amma əslində, Allahın inayəti olmadan öz vücudunu belə yerində tərpətməkdə acizdir. Yemək zamanı baş verən həzm prosesinə bir nəzər yetirək. Əgər hava, su, torpaq, günəş, böyümə və yetişmə qanunu olmasa idi, insan bu tikəni haradan və necə əldə edəcəkdi? Deyək ki, o, tikəni ağzına qoydu. Allah ağız suyu vəzilərini, dili, dişləri yaratmasa idi, insan loğmanı necə çeynəyib yumşaldacaqdı? Loğmanı çeynəyib yumşaltdıqdan sonra Allah nəfəs borusununun avtomatik olaraq bağlanıb qida borusununun açılması mexanizmini yaratmasa idi, o tikəni necə udacaqdı? İndi isə deyək ki, bütün bunlar bir vasitə ilə həll olundu. Əsas məsələ tikəni udduqdan sonra başlayır. Tikənin mədədə həzm olunması, nazik bağırsaqlar vasitəsilə lazımi qidaların qaraciyərə ötürülməsi, qaraciyərdə bir çox mərhələlər keçib karbohidrat, protein və qlükoza şəklində qan-damar sistemi ilə lazımi yerlərə göndərilməsi insanın əlindədirmi? Təkcə qaraciyərin üç yüzə yaxın funksiyası var. Bütün bunları nəzərə alanda həqiqi mənada “yemək yedim” demək yalan olur. Deməli, bu sözü ancaq məcazi mənada işlədə bilərik. Əslinə qalanda “Rəbbim mənə yemək yedirdi” demək daha doğrudur.

Əgər bir yemək məsələsi belədirsə, digər fəaliyyətlərimizi, işlərimizi bununla müqayisə edəndə görəcəyik ki, əlimizdə niyyətdən başqa bir şey qalmır. O halda (“Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə nəfsindəndir” “Nisa,” 79) mallı ayədə bildirildiyi kimi, hər cür xeyir və gözəllik bütünlüklə Rəbbimizdəndir. Bu səbəbdən insanın gözəl işlərinə görə öyünməyə, qürurlanmağa və təkəbbürlənməyə haqqı yoxdur.

İnsan övladı xəstəlik, qəza, zəlzələ kimi müsibətlərə məruz qalır. Bu cür müsibətlərin əksəriyyəti də yenə qulun öz xətalarından qaynaqlanır. “Sizə üz verən bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin )ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarımızın) çoxunu əfv edər” (“Şura, 30) mallı ayə bu həqiqəti ifadə edir.

“Səbrli insanlar onlardır ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!”-deyirlər” (“Bəqərə,”156)

“Ola bilsin ki, sizin xoşunuza gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuşdur” (“Nisa,”19)