Riyaziyyatda “Meymun Teoremi” adlanan bir teorem vardır. Bu barədə vikipediya məqaləsi bunları deyir:”Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir.
Burada “meymun” sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir.
Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin ‘Yaranma və Dağılma’ və Siseronun ‘De natura deorum’ adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. …..
Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız ‘S’ hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur.
Teoremin olduqca başa düşülən bir sübutu vardır. …
Yazı makinasında 50 düymə olduğu və yazılacaq sözün “meymun” olduğunu güman edək. Düymələrə təsadüfi şəkildə basıldığı nəzərə alınarsa, yazılan ilk hərfin m olma ehtimalı 1/50-dir. Oxşar qayda ilə, ikinci hərfin e olma ehtimalı da 1/50-yə bərabər olacaqdır. Ard-arda yazılan hərflər bir-birindən asılı olmayan hadisələr olduğundan, ilk altı hərfin “meymun” sözünü əmələ gətirdiyi ehtimalı
(1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) = (1/50)6 = 1/15.625.000.000

olaraq hesablanır. Bu ədəd də 15 milyardda birdən kiçikdir. Eyni səbəblə də yazılacaq sonrakı altı hərfin “meymun” sözünü əmələ gətirməsi ehtimalı da (1/50)6-ya bərabər olacaq və bu hal belə də davam edir.”
Məqalə bir qədər daha genişdir. Bəli, riyazi olaraq bu teorem ehtimalın sıfırdan fərqləndiyini isbat edir. Lakin ateistlərin bu cür teoremlərə əsaslanmaqları onların intellektual krizis yaşadığını göstərir. Ateistlər həyatın təsadüf nəticəsində əmələ gələ biləcəyini müdafiə etmək üçün bu teoremi misal göstərirlər, yəni riyazi olaraq bunun mümkün olduğunu demək istəyirlər.
Yəhudi fizikaçı alim və astrofizik Gerry Schroeder bu arqumentin absurd olduğunu ən aşkar şəkildə göstərmişdir. Shroeder ilk öncə məqalədə də qeyd olunan eksperimentə toxunur. Britaniya Milli İncəsənət Şurasının apardığı eksperimentdə qəfəsdəki altı meymunun yanına bir kompyuter qoyulur. Meymunların bir ay ərzində kompyuterə danqıldatmaqları nəticəsində əlli səhifə yazıblar. Lakin bu əlli səhifənin içində tək bir söz belə tapmaq mümkün olmayıb. İngilis dilində ən qısa söz bir hərfdən ibarət ola bilər. Misal üçün “a” və ya “İ” sözləri ingilis dilindəki ən qısa sözlərdir. “A” sözünün yazılması üçün hərfdən öncə və sonra boşluğun gəlməsi şərtdir. Lakin 50 səhifəlik yazıda bu dərəcədə qısa bir söz belə əmələ gəlməmişdi. Əgər klavyaturadakı düymələrin sayının otuz olduğunu nəzərə alsaq belə qısa bir sözü yazmaq ehtimali 30 * 30 * 30 olmalıdır, yəni 27 000 olmalıdır. Yəni bir hərfdən ibarət sözün yazılma ehtimalı 27 000-də birdir.
Shroeder daha sonra Shakespeare’in bir sonetasının bu yolla yazılma ehtimalının nə qədər olduğunu müzakirə edərək yazır. Sonetaların hamısı eyni uzunluqdadır və hər biri on dörd sətr uzunluğunda olur. Shroeder bildiyi “Shall I compare thee to a summer’s day?” sonetasına bunu tətbiq edir və qeyd edir ki, sonetadakı hərflərin sayının 488 olduğunu təsbit edib. Meymunların sonetadakı ardıcıllıq ilə klavyaturanı danqıldadaraq 488 hərfi doğru yazmaqları ehtimalı nədir? Əldə edilən nəticə 26 üstü 488-dir, yəni 26-nı 488 dəfə özünə vurmalısan. Başqa sözlə 10-un arxasına 690 dənə sıfır əlavə etməklə buna yaxın bir rəqəm əldə ediləcək. Bəs kainatdakı zərrələrin – yəni protonların, elektronların və neytronların – sayı nə qədərdir? Hesaba əsasən onların sayı 10-un arxasına 80 sıfır qoşmaqla əldə edilən rəqəmdir. Beləliklə də kainatda bunu cəhd etmək üçün lazım olan qədər zərrəciklər yoxdur, yəni meymunların təsadüfən Şhakespeare’in bir sonetasını yazmaq üçün tələb olunan cəhd 10 üstü 690 olduğu üçün, kainatdakı zərrəciklərin sayı isə 10 üstü 80 olduğu üçün zərrəciklər təxminən 10 üstü 600 dəfə lazım olan saydan azdır.
Shroeder sözünə davam edərək deyir ki, sən əgər bütün kainatı götürüb onları kompyuter çiplərinə çevirsən və onların hər biri bir qramın milyonda biri qədər çəkiyə malik olsa və belə deyək bu çiplərdən hər biri saniyədə milyon dəfə bu 488 cəhdi yerinə yetirməyə qadir olarsa, yəni bütün kainatı mikrokompyuter çiplərinə çevirə bilsən və hər bir çip saniyədə milyon dəfə təsadüfi hərfləri düzə bilərsə, o zaman vaxtın başlanğıcından bura qədər edə biləcəyin cəhdlərin sayı 10 üstü 90 cəhd olacaq. Yəni kainat ən azından bundan 10 üstü 600 dəfə böyük olmalıdır ki, belə bir sonetanın yazılış ehtimalına çata bilsin. Lakin buna baxmayaraq meymunların bunu edə biləcəyinə inanan beyinlər vardır.

Advertisements