Ateistlərin iddiası: “Ənfal surəsinin 1-ci ayəsində döyüş qənimətləri Peyğəmbərə və Allaha aiddir deyilir. Allah (c.c) qənimətləri nə edəcək? Peyğəmbər özünə fayda təmin etmək üçün bunu uydurmuşdur.”

Cavab: Qənimətlərin hamısı, yoxsa 1/5 -i? Ənfal 1-də “qənimətlər Allahın və peyğəmbərindir” deyilərkən, Ənfal 41-də “qənimətlərin beşdə biri Allahın və peyğəmbərindir” deyilir.

1) Bu iki vəziyyət ziddiyyətdirmi? 2) Niyə qənimətlər Allah və peyğəmbərindir?

Əvvəla, bu ayənin nazil olma səbəbi Bədir savaşında əldə edilmiş qənimətlərin bölünməsi ilə əlaqədar mücahidlər arasında meydana çıxan mübahisələr olmuşdur. Bunun üzərinə Allah Təala (c.c) qənimətlər üzərində hökm verilməsi və onların möminlər arasında necə bölünməsi haqqında həmin ayəni və başqa ayələri nazil etmişdir. Məs, Həşr surəsi 7-8-ci ayələrdə də bu mövzu daha ətraflı açıqlanmışdır:

(59 – HAŞR) الحشر / 7- Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.

(59 – HAŞR) الحشر / 8- Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.

Göründüyü kimi İslam və haqq düşmənlərinin iddia etdiyi kimi guya peyğəmbərin (s.a.v) bütün qənimətləri özünə götürmək istəməsi çirkin yalan və iftiradan başqa bir şey deyil. Çünki Hz.Muhammədin (s.a.v) həyatını oxumuş olan hər kəs bilir ki, əgər hz peyğəmbərin (s.a.v) məqsədi qənimət toplamaq, var-dövlət, taxt-tac sahibi olmaq olsaydı, bunu ilk dəfə məkkə müşrikləri peyğəmbərə var-dövlət təklif edəndə o, bu təkliflə dərhal razılaşardı.
Amma o (s.a.v) bütün baş verəcək təhlükələrə göz yumaraq bu təklifi rədd etdi və ömrü boyu sadə, təvazökar, kasıb, yarı ac, yarı tox həyat yaşadı. Evində günlərlə ocaq qalanmadı, günlərlə yemək bişirilmədi. Hətta elə günlər oldu ki, yeməyə adicə xurma belə tapa bilmədi. Hətta hədislərdə Hz. Muhammədin (s.ə.s.) vəfat edərkən bir yəhudiyə borclu olaraq vəfat  etdiyi deyilir. Əgər rəsulullahın (s.a.v) məqsədi özünə qənimət,  var-dövlət toplamaq olsaydı, vəfat etdiyində camaatın Ona (s.a.v) borcu olardı, Onun camaata yox. Bəli, o (s.a.v) öz həyatı ilə bizə daim örnək oldu və olmaqda davam edəcəkdir.

Mövzuyla bağlı əlavə olaraq onu da qeyd edək ki, Ənfal surəsinin ilk ayəsində “Kulil enfâlu lillâhi ver rəsul” ifadəsi vardır. Ayə cümlə olaraq: “Ənfal (qənimətləri) soruşanlara cavab olaraq de ki: Onlar Allah və peyğəmbərədir” deyilməkdədir. Yəni, ətrafdakı insanlar qənimətlərin necə olacağını peyğəmbərə soruşmaqdadır. Quran da buna cavab olaraq: “onlar Allaha və peyğəmbərə” deməkdədir.

Burada “qənimətlər Allaha məxsusdur və peyğəmbərindir” deyilməməkdədir. Allahadır deyilməkdədir. Bunun mənası da “qənimətlərin necə bölüşdürüləcəyi hökmü Allaha və Onun Elçisinə aiddir” cümləsi olmalıdır. Allah (c.c) və peyğəmbər iki ayrı hökm qaynağı deyil, onsuz da “rəsul” demək elçi deməkdir.

“Allah və rəsulunun əmri” demək: Allahın (c.c) əmr edib rəsulunun gətirdiyi əmr deməkdir. Allah (c.c) ilə elçisi ortaq bir qərar almamaqdadır. Çünki belə olsaydı “Allah və Məhəmməd” deyərdi. Ancaq “Məhəmməd”-in buradakı funksiyası “rəsul” olması, yəni mesaj gətirmə xüsusiyyətidir. Qısacası “Qəniməti soruşurlar, onların HÖKMÜ Allah və rəsulunadır”. Yoxsa “qənimətin özü” deyildir.

Digər ayələrdə (41-ci ayə) də qənimətin özü nəzərdə tutularaq  “1/5-i Allahındır” deyilmişdir. Burada Allah (c.c) və Rəsulu bir müəssisə və dövlət hökmündədir. Çünki, qənimət üçün “hökm” tamamilə dövlətin [Allah (c.c) və Rəsulu]; miqdarın da beşdə biri dövlətindir. Qalanı digərlərinin olar. Bu beşdə bir də peyğəmbərə, yaxınlarına, yetimlərə və möhtaclara paylanacaqdır. Yəni, qərar orqanı olan Rəsul (dövlət kimi) bunları Allah (c.c) adına [buna görə Allah (c.c) və Rəsul deyilir] qənimətdəki hökmdə tək hakimdir. Payda beşdə bir hakimdir. Qalanı digər haqq sahiblərinə verilir.

Qənimətdən peyğəmbər də bir az götürər, çünki o da insandır. Onun da pula ehtiyacı var. Ancaq, yenə də yetim və möhtaclardan birinci dərəcə məsul şəxs də özüdür. Çünki, digər müsəlmanlara nümunə olması lazımdır.

Advertisements